Əsas Səhifə > Şəhidlər > Vətən sevgisi, Şəhidlik zirvəsi...

Vətən sevgisi, Şəhidlik zirvəsi...


3-10-2021, 11:02

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Zaman-zaman Vətənin igid, mərd, cəsur oğulları göstərdikləri qəhrəmanlıqlarla sübut etdilər ki, Vətən sevgisi hər birimiz üçün ən ali hisslərdən biri olmalıdır. Bu, o müqəddəs hissdir ki, neçə-neçə Vətən oğlunu uca bir zirvədə - Şəhidlik zirvəsində birləşdirib. Həmin oğullarımızın sayəsində bilmişik ki, tarixboyu igid, vətənsevər bir xalqın övladı olaraq həmişə şərəfli ölümlə fəxr etmişik. Ölümün gözünə dik baxa bildiyimiz üçün də bu Vətən, bu torpaq, bu yurd nə qədər faciələr yaşasa da, var olmaq haqqını itirməyib. Vətənimizin hər bir qarışında bir şəhid qanı var. Ona görə də hər birimiz igid oğullarımızın qanı ilə sulanan Vətən torpağını göz bəbəyi kimi qorumalı, sahib çıxmalıyıq. Yüz illər, min illər keçsə belə "Öncə Vətəndir”, – deyib canından keçən şəhidlərimizi unutmamalıyıq. Doğma Vətən torpağını qoruyan, uğrunda canından, qanından keçən igid oğul və qızlarımızı yad etmək hər birimizin ən ümdə işi olmalıdır. Eyni zamanda, onların keçdiyi döyüş yolunu, göstərdikləri qəhrəmanlıqları gələcək nəsillərə örnək göstərməliyik. Çünki şəhidlərimizin Vətənə olan sevgilərini örnək göstərməklə gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında bir addım atmış olarıq.

Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənimizin müdafiəsi uğrunda döyüşə atılan igid oğullarımız minlərlədir. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 338 şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 338 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşə, bundan əlavə, şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə abidə kompleksi yaradılıb ki, bütün bunlar şəhidlərimizə olan hörmət və etiramın bariz nümunəsidir.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – gizir Sərxan Abdullayevin, gizir Elvin Orucovun, kapitan İmamverdi İsmayılovun, əsgər İlqar Hüseynovun, leytenant Elmar Bayramlının, İslam Əsgərovun, Paşa Şahquluyevin, Rövşən Alıyevin, kapitan Rövşən Pənahovun, Pəhlivan Abbasovun, Ələsgər Vəliyevin, Adil Vəliyevin, çavuş Ruslan Hüseynovun əziz xatirəsini ehtiramla yad edirik.

Gizir Abdullayev Sərxan Elxan oğlu


Sərxan Abdullayev 2 noyabr 1988-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1995-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinifinə daxil olmuş, 2006-cı ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. 2008-ci ildə hərbi xidməti başa vurduqdan sonra Daxili Qoşunlarda gizir rütbəsində xidmətə başlamışdır.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri, xüsusi təyinatlı dəstənin 2-ci xüsusi həmlə qrupunda 2-ci yarımqrup komandiri kimi xidmət edən igid Vətən oğlu 28.09.2020-ci il tarixdə Göygöl rayonunun Toğanalı kəndi ərazisində gedən hərbi əməliyyatlar zamanı qəhrəmancasına şəhid olmuşdur. Sərxan Abdullayev 28.09.2020-ci ildə Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Evli olan şəhid gizirimizin Orxan və Turan adlı iki azyaşlı oğul övladı yadigar qalıb.

Şəhid gizirin göstərdiyi igidlik hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Vaxtilə "Qüsürsuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunmuş Sərxan Abdullayev ölümündən sonra da medallarla təltif edilmişdir. Şəhid gizirimizin göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Gizir Orucov Elvin Rövşən oğlu


Elvin Orucov 18 dekabr 1991-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1999-cu ildə Rusiya Federasiyasının Nijni Novqorod şəhərində orta məktəbin 1-ci sinifinə getmişdir. Təhsilini 2005-ci ildən İsmət Qayıbov adına Qazax şəhər 3 nömrəli tam orta məktəbdə davam etdirmişdir. 2009-cu ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. Elvin Orucov hərbi xidmətdən qayıtdıqdan dərhal sonra bu sahədə oxumağa və xidmət etməyə qərar vermişdir. Bu məqsədlə 2011-ci il 10 noyabrdan 28 aprel 2012-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) oxuyub "Tank komandiri" kursunu bitirərək gizir rütbəsi almışdır. 30 aprel 2014-cü il tarixdən Elvin Orucov gizir kimi ordu sıralarında xidmət etməyə başlamışdır. Elvin Orucov eyni zamanda, xidmətdə də fərqlənib, öhdəsinə düşən tapşırığı vaxtından əvvəl yerinə yetirib, nizam-intizama əməl edib. Bunun nəticəsidir ki, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" (24.06.2013) və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" (26.06.2018) yubiley medalları ilə təltif olunub.

Elvin Orucov xidmətdə olduğu kimi, hərb meydanında da fərqlənmiş, 2016-cı ilin Aprel döyüşlərində düşmənə qarşı igidliklə vuruşaraq Fəxri Fərmanla təltif olunmuşdur. 

Vətən müharibəsində də Elvin Orucov mərdlik göstərmiş, tank komandiri kimi hərbi tapşırığı layiqincə yerinə yetirmiş, düşmənə sarsıdıcı zərbələr endirmişdir. 27.09.2020-ci ildə Füzuli-Cəbrayıl-Xocəvənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid gizir Elvin Orucov 28.09.2020-ci ildə şəhərdəki Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Gizirimiz ailəliydi. İki azyaşlı - Emil adlı oğul, Elay adlı qız övladı yadigar qalıb.

Bütün şəhidlərimiz kimi Elvin Orucovun da göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilib. Orden və medallarla təltif olunan şəhidlərimizin arasında şəhid gizirimizin də adı var. E.Orucov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir.

Kapitan İsmayılov İmamverdi Yoloğlu oğlu


İmamverdi İsmayılov 1 may 1989-cu ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1995-ci ildə İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2003-cü ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. Həmin ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdur. 2006-cı ildə həmin liseyi bitirmiş və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2010-cu ildə həmin məktəbi bitirmişdir. Sonra 1 il Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM)təhsil almışdır. 2011-ci ildə İmamverdi İsmayılov leytenant rütbəsi almış, peşəkar hərbçi kimi yetişmişdi. Xidmətə başladığı ilk gündən nizam-intizama riayət edir, öz vəzifəsini ləyaqətlə yerinə yetirirdi. Qusar rayonunda, Sumqayıt şəhərində (Nasosnu), Bakı şəhərində Müşviq qəsəbəsində "N” saylı hərbi hissələrdə qüsursuz xidmət edərək Müdafiə Nazirliyi tərəfindən təltiflərə layiq görülmüşdü. İmamverdi İsmayılov "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunmuş, fəxri fərmanlar almışdı. Bununla bərabər, xidmətdə də irəliləmiş, artıq 2017-ci ildə kapitan rütbəsi almış, "N" saylı hərbi hissənin Maddi Təchizat üzrə xidmət rəisi olmuşdu.

Vətən müharibəsi başlayanda həmlə taborunun qərərgah rəisi olan İmamverdi İsmayılov 27-28 sentyabrda Goranboyun Gülüstan kəndi istiqamətindən irəliləyərək qarşıya qoyulmuş Murovdağ yüksəkliyinin alınması əmrini bir nəfər itki ilə yerinə yetirmişdir. Təcrübəli bir zabit kimi döyüş planlarını özü hazırlayır, istiqamətləri dəqiq müəyyənləşdirərək bütün detalları nəzərə alırdı. Əsgərlərin sonsuz hörmətini, böyük rəğbətini qazanmışdı İmamverdi İsmayılov.

Kapitan rütbəsi daşıyan İmamverdi İsmayılov Murov istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 29.09.2020-ci il tarixdə Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Emin və Elnur adlı adlı iki oğul övladı yadigar qalıb. Bütün şəhidlərimiz kimi kapitan İmamverdi İsmayılovun xatirəsi hər zaman əziz tutulur. Şəhid kapitanımızın göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Rəşadət” ordeni "Vətən uğrunda” medalı, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Əsgər Hüseynov İlqar Yaşar oğlu


İlqar Hüseynov 17 yanvar 2001-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2007-ci ildə Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin 1-ci sinifinə getmişdir. 2016-cı ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. Həmin ildə Qazax Dövlət Sosial-İqtisadi Kollecinin elektrik təchizatı ixtisasına daxil olmuş, 2020-ci ildə bitirmişdir. Kolleci bitirdikdən sonra 07.07.2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. Ağdam rayonunun Xındırıstan kəndində xidmət etmişdir. 28.09.2020-ci il tarixdə Ağdam rayonu istiqamətində düşmənin hücumunun qarşısını alarkən "N" saylı hərbi hissənin artilleriya batareyasının əsgəri Hüseynov İlqar Yaşar oğlu qəhrəmancasına şəhid olmuşdur. Şəhid əsgərimiz 29.09.2020-ci il tarixdə şəhərdəki Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir.  Subay idi.

Şəhid İlqar Hüseynov da ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən "Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Leytenant Bayramlı Elmar İsa oğlu


Leytenant Elmar Bayramlı 2 sentyabr 1998-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1 sentyabr 2005-ci ildə Qazax rayon Birinci Şıxlı kənd ümumi orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2016-cı ildə Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin 11-ci sinifini bitirmişdir. 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2020-ci ildə həmin məktəbi bitirmişdir. 2020-ci ildə leytenant rütbəsi almış, Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində "Tağım komandiri” vəzifəsində xidmətə başlamışdır.

Şəhid leytenantımız 29.09.2020-ci il tarixdə Tərtər rayonunun Talış kəndi istiqamətində düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 30.09.2020-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.

Şəhid Elmar Bayramlı da ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Laçının azad olunmasına görə” "Suqovuşanın azad olunmasına görə”medalları ilə təltif olunmuşdur.

Əsgərov İslam Kamal oğlu


Əsgərov İslam Kamal oğlu 30 sentyabr 1972-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1979-cu ildə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbinə getmiş, 1989-cu ildə həmin məktəbi bitirmişdir. 1991-ci ildə hərbi çağırışla Vətən torpaqlarını erməni quldurlarından qorumağa getmişdir. 1993-cü il iyul ayının 8-də Ağdam rayonunun Şelli kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.

Şahquluyev Paşa Hümbət oğlu


Şahquluyev Paşa Hümbət oğlu 1936-cı ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1953-1955-ci illərdə SSRİ ordusunda hərbi xidmətdə olmuşdur. Hərbidən qayıtdıqdan sonra Kəmərli kəndində yaşayaraq fermada və müxtəlif işlərdə fəhlə işləmişdir. 30 sentyabr 1995-ci ildə erməni əsirliyindən qayıdan günü şəhid olmuşdur. Ailəli idi. Üç övladı var.

Alıyev Rövşən Cəbrayıl oğlu


Alıyev Rövşən Cəbrayıl oğlu 1 oktyabr 1977-ci ildə Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 1984-cü ildə Qızılhacılı kənd ibtidai məktəbin 1-ci sinifinə daxil olmuş, 1995-ci ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 10-cu sinifini bitirmişdir. Sumqayıt şəhər Mədəniyyət şöbəsinin nəzdində mühasib ixtisası üzrə təhsil almışdır. 1997-ci ildə Azərbaycanın Milli Ordu sıralarına çağrılmışdır. 8 yanvar 1998-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndi istiqamətində gedən döyüşdə şəhid olmuşdur. Subay idi.

Kapitan Pənahov Rövşən Mahmud oğlu


Şəhid Rövşən Pənahov 2 oktyabr 1989-cu ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1995-ci ildə Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1996-2004-cü illərdə Birinci Şıxlı kənd ümumi orta məktəbin 9-cu sinifini bitirmişdir. 2004-2006-cı illərdə Birinci Şıxlı kənd tam orta məktəbi bitirmişdir. Həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil  olmuşdur. 2010-cu ildə həmin Ali Hərbi Məktəbi bitirmişdir. 2010-2011-ci illərdə təlim keçmək üçün Bakıda müxtəlif hərbi hissələrdə xidmət etmişdir. 2011-ci ildə Naftalan  şəhərində yerləşən "N” saylı hərbi hissədə xidmət etmişdir. 2014-2020-ci illərdə müxtəlif "N” saylı hərbi hissələrdə xidmət göstərmişdir.

Rövşən Pənahovun xidməti, tapşırıqları yerinə yetirməsi, ümumiyyətlə, bütün fəaliyyəti nümunəvi idi. Ona gərə də Müdafiə Nazirliyi tərəfindən medallarla təltif olunmuşdur. 24.06.2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley, 26.06.2017-ci ildə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli və 26.06.2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalları ilə təltif olunmuşdur. Eyni zamanda, bir neçə Fəxri Fərman da almışdır.

Kapitan Pənahov Rövşən Mahmud oğlu 2 oktyabr 2020-ci il tarixdə Göygöl rayonunun Toğanalı kəndi istiqamətində düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid olduğu gün Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. İki azyaşlı - Nilay adlı qız, Elay adlı oğul övladı yadigar qalıb.

Şəhid kapitanımızın göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra  ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Gizir Məmmədov Səbuhi Hümbət oğlu


Şəhid Səbuhi Məmmədov 6 mart 1995-ci ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 2001-ci ildə Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2013-cü ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə getmiş, 2014-cü ilin oktyabrında hərbi xidmətdən tərxis olunmuşdur. 2017-ci ilin yanvarında Bakı şəhərində gizirlik kursu üzrə təhsil almış, aprel ayından "N” saylı hərbi hissədə top komandiri kimi fəaliyyətə başlamış, 2019-cu ildə "N” saylı hərbi hissəyə xüsusi təyinatlı bölüyə daxil olmuş və xidmətini orada davam etdirmişdir. 2020-ci ildə Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrinə kursa qəbul olmuş, kursu müvəffəqiyyətlə bitirmiş və xidmətini müxtəlif "N” saylı hərbi hissələrdə davam etdirmişdir.

Gizir Səbuhi Məmmədov 01.10.2020-ci il tarixdə Göygöl rayonu istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 02.10.2020-ci il tarixdə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Şəhid gizirimiz subay idi.

 

Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Səbuhi Məmmədov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Xocavəndin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 

Abbasov Pəhlivan İsə oğlu


Abbasov Pəhlivan İsə oğlu 2 oktyabr 1961-ci ildə Məzəm kəndində anadan olmuşdur. 1968-ci ildə Məzəm kənd ibtidai məktəbin 1-ci sinifinə daxil olmuşdur. 1978-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbini bitirmiş və sovet ordusu sıralarına çağrılmışdır. Abbasov Pəhlivan İsə oğlu 8 iyun 1992-ci ildə Odun dağı yüksəkliyində düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Ailəli idi. 3 övladı var.

Vəliyev Ələsgər Oruc oğlu


Vəliyev Ələsgər Oruc oğlu 25 noyabr 1967-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1975-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə getmişdir. 1985-ci ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir. 2 oktyabr 1993-cü ildə şəhid olmuşdur.

Əsgər Nəsibov Nicat Səməd oğlu


ŞəhidNicat Nəsibov 3 oktyabr 1996-cı ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 2003-cü ildə Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2014-cü ildə Gəncə Regional Kollecinə daxil olmuşdur. 2016-cı ilin aprel ayında Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinəhəqiqi hərbi xidmətə çağırılmış, 2017-ciilin oktyabr ayında isə tərxis olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən Gəncə Regional Kollecində təhsilini davam etdirmişdir. 2019-cu ildə kolleci elektrik ixtisası üzrə başa vurmuşdur. O, 2020-ci ilin əvvəllərində imtahan yolu ilə Gəncə Regional Enerji İdarəsində işə düzəlmişdir.

Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. 24 yaşlı igid Vətən oğlu 27.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 29.10.2020-ci il tarixdə doğulduğu Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Nicat Nəsibov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir.

Vəliyev Adil Habil oğlu

 

Vəliyev Adil Habil oğlu 3 oktyabr 1990–cı ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 2013-cü il aprel ayının 15-də Xanlıqlar kəndi ərazisində təmas xəttini keçərək göyərti yığmağa gedən zaman minaya düşmüşdür. Yaralı vəziyyətdə ərazidən çıxarılmasına cəhd edilmiş, lakin erməni snayperləri imkan verməmiş, qanaxmadan vəfat etmişdir. Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən atəş dayandırıldıqdan sonra onun nəşi ərazidən çıxarılmışdır.

Çavuş Hüseynov Ruslan İsfəndiyar oğlu


Hüseynov Ruslan İsfəndiyar oğlu 3 oktyabr 1971-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1979-cu ildə Çaylı kənd 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1989-cu ildə orta məktəbi bitirmişdir. 1989-1991-ci illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmət etmişdir. "N” saylı Hərbi Hissənin II batalyonunda Vətən uğrunda gedən döyüşlərdə iştirak edən Ruslan Hüseynov 1993-cü ilin 22 iyulunda Fərəhli kəndində minaya düşərək şəhid olmuşdur.


Geri qayıt