Əsas Səhifə > Şəhidlər > Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir

Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir


8-08-2021, 08:10

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Bu illər ərzində bir çox tarixi hadisələrə şahidlik edirik. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. Qərinələr ötsə belə, nəsillər bir-birini əvəz etsə belə öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğullarımız qəlbimizdə əbədi yaşayırlar. Ən ali, müqəddəs və şərəfli olan Şəhidlik zirvəsinə yüksələnlər, Uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edənlər hər zaman hörmətlə anılırlar.

Torpağı Vətən edən, müqəddəs amal uğrunda gözünü qırpmadan, ölümün gözünə dik baxan oğulları yad etmək, xatirəsini əziz tutmaq isə hər birimizin müqəddəs borcudur. Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Gənc nəsilə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvər ruhda böyütmək, torpağına bağlı, millətinə hörmət hissi ilə tərbiyə etmək hər bir vətəndaşın ən ümdə vəzifəsidir.

Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənimizin müdafiəsi uğrunda döyüşə atılan igid oğullarımız minlərlədir. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi mənfur düşmənin işğalına məruz qalan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 338 nəfər şəhidin əziz xatirəsini əbədiləşdirən guşə yaradılıb ki, bu, şəhidlərimizə olan hörmət və etiramın daha bir bariz nümunəsidir.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənə halını alıb. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Sərdar Hüseynovun, Aslan Məmmədovun, Ənvər Abdullayevin, İslam Xəlilovun, Yusif Vəliyevin, Məmməd Məmmədovun, Məhəmməd Əsgərovun, Dilqəm Zeynalovun, Zülfüqar Mirzəliyevin, Elşən Orucovun, çavuş Elməddin Nəsibovun əziz xatirəsini ehtiramla yad edirik.

Hüseynov Sərdar Aydın oğlu


Hüseynov Sərdar Aydın oğlu 2 avqust 1968-ci ildə Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 1975-ci ildə Qızılhacılı kənd ibtidai məktəbin birinci sinfinə daxil olmuş, 1983-cü ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1983-85-ci illərdə Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin onuncu sinfini bitirmişdir. 1986-88-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidməti başa vurduqdan sonra Bakı Tibb Texnikomunu bitirmişdir. Qazax rayon Qızılhacılı kənd Feldşer-Mama Məntəqəsinin müdiri işləmişdir. 24 sentyabr 1993-cü ildə Qazax şəhərinə atılan mərmi partlayışı nəticəsində şəhid olmuşdur. Evli idi.

Məmmədov Aslan Dursun oğlu


Məmmədov Aslan Dursun oğlu 2 avqust 1973-cü ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1980-ci ildə Məzəm kənd ibtidai məktəbin birinci sinfinə daxil olmuşdur. 1991-ci ildə Alpout kənd tam orta məktəbini bitirmiş və ordu sıralarına çağrılmışdır. Məmmədov Aslan Dursun oğlu 8 iyun 1992-ci ildə Odun dağı yüksəkliyində düşmənin açdığı atəş nəticəsində şəhid olmuşdur. Subay idi.

Abdullayev Ənvər Abdulla oğlu


Abdullayev Ənvər Abdulla oğlu 25 oktyabr 1972-ci ildə Qazax rayonunun Hüseynbəyli kəndində anadan olmuşdur. 1980-ci ildə Hüseynbəyli kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1990-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1993-cü ildə Azərbaycanın ordu sıralarına çağrılmışdır. 2 avqust 1994-cü ildə rayonun Fərəhli kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Xəlilov İslam Mahmud oğlu


Xəlilov İslam Mahmud oğlu 5 iyul 1939-cu ildə Qazax rayonunun Əlibayramlı (indiki Aslanbəyli) kəndində anadan olmuşdur. 1949–cu ildə Əlibayramlı kənd məktəbinin birinci sinfinə getmiş, 1957-ci ildə məktəbin səkkizinci sinfini bitirmişdir. Sovet ordusu sıralarında xidmət etmişdir. Xidmətdən qayıtdıqdan sonra Aslanbəyli kəndində fəhlə işləmişdir. 2 avqust 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndi ilə Ermənistan Respublikasının sərhədində ermənilər tərəfindən atılan atəş nəticəsində şəhid olmuşdur.

Vəliyev Yusif İbrahim oğlu


Vəliyev Yusif İbrahim oğlu 17 mart 1959-cu ildə Qazax rayonunun Əlibayramlı (indiki Aslanbəyli) kəndində anadan olmuşdur. 1966–cı ildə Əlibayramlı (hazırkı Aslanbəyli) kənd tam orta məktəbin birinci sinfinə getmiş, 1976-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1977-ci ildə hərbi xidmətə getmişdir. 1979–cu ildə hərbi xidmətdən qayıtmış, 1980-ci ildə Bakı şəhəri 54 nömrəli texniki kollecin armaturçu, elektrikçi, qaynaqçı peşəsini bitirmişdir. 2 avqust 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndi ilə Ermənistan Respublikasının sərhədində ermənilər tərəfindən atılan atəş nəticəsində şəhid olmuşdur.

Məmmədov Məmməd Zahid oğlu


Məmmədov Məmməd Zahid oğlu 3 avqust 1970-ci ildə Qazax rayonunun Çaylı  kəndində anadan olmuşdur. 1976-cı ildə Qazax rayon Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1986-cı ildə həmin orta məktəbi bitirmişdir. 1987-1989-cu illərdə SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Məmmədov Məmməd Zahid oğlu 6 yanvar 1993-cü ildə Ağstafa rayonunun Köhnə Qışlaq kəndində Qələmçə yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Əsgərov Məhəmməd İsmayıl oğlu


Əsgərov Məhəmməd İsmayıl oğlu 30 iyun 1941-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1965-ci ildə Ermənistanın Ayrım stansiya Konserv Zavodu yaşayış məntəqəsinə köçərək orda yaşamışdır. 1988-ci ildə yenidən Kəmərliyə qayıtmış, kənddə müxtəlif işlərdə fəhlə işləmişdir. 1994-cü ildə avqustun 3-də minaya düşərək şəhid olmuşdur.

Zeynalov Dilqəm Camal oğlu


Zeynalov Dilqəm Camal oğlu 4 avqust 1974-cü ildə Qazax rayonunun Orta Salahlı kəndində anadan olmuşdur. 1981-ci ildə Səməd Hacıyev adna Orta Salahlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1991-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1992-ci ildə həqiqi hərbi xidmətə getmiş, 21 mart 1996-cı ildə Ağdam rayonunun Təzəkənd kəndində gedən döyüşlərdə şəhid olmuşdur.

Mirzəliyev Zülfüqar Bəkir oğlu


Mirzəliyev Zülfüqar Bəkir oğlu 5 avqust 1970-ci ildə Qazax rayonunun Kommuna (indiki Bala Çaylı) kəndində anadan olmuşdur. 1976-cı ildə Kommuna kənd 8 illik orta məktəbin birinci sinfinə  daxil  olmuş, 1984-cü ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1984-1986-cı illərdə Qazax rayon Vidadi Göşşüyev adına Çaylı kənd 1 nömrəli tam orta məktəbin onuncu sinfini bitirmişdir. Daha sonra SSRİ silahlı qüvvələrinə çağrılmış və 2 il hərbi xidmətdə olmuşdur. 1991-ci ildə könüllü olaraq Milli Orduya getmiş, kəşfiyyat dəstəsində xidmət etmişdir. Mirzəliyev Zülfüqar Bəkir oğlu 6 yanvar 1993-cü ildə Ağstafa rayonunun Köhnə Qışlaq kəndində Qələmçə yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Zülfüqar Mirzəliyev Çaylı kənd Şəhidlər xiyabanında dəfn edilmiş və adını əbədiləşdirmək üçün Bala Çaylı kəndində büstü qoyulmuş, adına bulaq çəkilmişdir.

(MAHHXHQ) əsgər Orucov Elşən Ehtiram oğlu


Şəhid Elşən Orucov 6 avqust 1991-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 1997-ci ildə Qazax rayon Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2008-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2009-cu ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2011-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başlamışdır. "N” saylı hərbi hissəsinin 2-ci taborunun tank tağımının baş sürücü mexaniki idi.

Elşən Orucov hərb sahəsinə gəldiyi ilk gündən nümunəvi xidmət göstərmiş, ona görə də xidmətə başladığı vaxtdan iki il keçməmiş (24.06.2013) "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı ilə təltif olunmuşdur. 26 iyun 2018-ci ildə isə sinəsinə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı taxılmışdır. Bu təltiflərə Elşən Orucov qüsursuz xidməti, nümunəvi olması və verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməsi sayəsində layiq görülmüşdür.

Elşən Orucov 04.11.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 6 noyabr 2020-ci ildə doğulduğu Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. İki azyaşlı - Ehtiram adlı oğul, Ayla adlı qız övladı yadigar qalıb.

İgid Vətən oğlunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Şəhid Elşən Orucov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Şuşanın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Çavuş Nəsibov Elməddin Yusif oğlu


Şəhid Elməddin Nəsibov 8 avqust 1983-cü ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1990-cı ildə Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2001-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Orta təhsilli idi. 2001-ci ilin oktyabr ayında Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2003-cü ilin aprel ayında isə tərxis olunmuşdur.

12 may 2014-cü il tarixdən 28 iyun 2014-cü tarixədək "N” saylı hərbi hissədə "Pulemyot manqa komandiri” ixtisası üzrə tam kurs keçmişdir. 28 iyun 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətdə olmuşdur. "N” saylı hərbi hissənin komandiri olmuşdur. 27 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl bölgəsində Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 29 oktyabr 2020-ci ildə Qazax rayon Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi. Nəzrin və Nigar adlı iki qız övladı yadigar qalıb.

Bütün şəhidlərimiz kimi Elməddin Nəsibovun da göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilib. Medallarla təltif olunan şəhidlərimizin arasında şəhidimizin də adı var. Elməddin Nəsibov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən"Döyüşdə fərqlənməyə görə”  25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.



Geri qayıt