Əsas Səhifə > Şəhidlər > Bu gün Milli Qəhrəman Mərfət Nəsibovun və çavuş Səlamət Həsənovun doğum günüdür

Bu gün Milli Qəhrəman Mərfət Nəsibovun və çavuş Səlamət Həsənovun doğum günüdür


22-05-2021, 12:10

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Şəhidlik uca zirvədir. Şəhidlik elə bir uca zirvədir ki, ana Vətən uğrunda canını qurban verib bu zirvəyə yüksələn oğullarımız  bizim aramızda olmasa da, ürəklərimizdə hər zaman yaşayırlar. Şəhid oldunsa demək ki, əbədi olaraq yanacaq məşəlin var. Vətən yolunda şəhid olmaq, canını fəda vermək insandan ürək istər, cəsarət istər, Vətənə sevgi istər. Bütün bunları özündə duyub Vətənin azadlığı uğrunda döyüşərək şəhid adına ucalan neçə-neçə igid oğullarımız var. Onları unutsaq nə tarix, nə də Vətən bizi bağışlamaz. Odur ki, ilk işimiz torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalanların xatirəsini daim yüksək tutmaq, onları gəncliyə nümunə göstərmək olmalıdır. Gələcək nəsilləri dünənimiz, keçmişimiz haqqında hər zaman məlumatlandırmalı, ən əsası da onlara Vətənə sevgi hissini aşılamalıyıq. Şəhidlərimizi, onların keçdikləri qısa, lakin şərəfli ömür yolunu, qəhrəmanlığını nümunə göstərməliyik. Bizim üçün canlarını qurban etdiklərinə görə ömür boyu şəhidlərimizin ruhu qarşısında baş əyməliyik.

Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənimizin müdafiəsi uğrunda döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq... Qazaxın mərd oğulları istər Birinci Qarabağ, istər İkinci Qarabağ, istər Aprel döyüşlərində, istərsə də İyul döyüşlərində əsl qəhrəmanlıq göstərmişlər. Ermənistanla 168 km sərhədi olan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi mənfur düşmənin işğalına məruz qalan Qazax rayonu bu günə kimi Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 338 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. 

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə yaradılıb ki, bu, şəhidlərimizə olan hörmət və etiramın daha bir əyani göstəricisidir.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də unudulmur. Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələri hər zaman məzarları başında ailələri ilə birlikdə qeyd olunur. GOYEZEN.AZ saytı olaraq şəhidlərimizlə bağlı yazıların dərc edilməsi isə artıq bir ənənə halını alıb. 

Ənənəmizə sadiq qalıb döyüş meydanında göstərdikləri igidliyə görə bugünkü, eləcə də gələcək nəsillərə örnək olan oğullarımız Birinci Qarabağ müharibəsinin şəhidləri  Azərbaycanın Milli Qəhrəmanı Nəsibov Mərfət Əhməd oğlunun çavuş Həsənov Səlamət Muxtar oğlunun doğum günlərində əziz xatirələrini dərin ehtiramla yad edir, igid Vətən oğullarının ruhları qarşısında baş əyir, Allahdan rəhmət diləyirik.

Azərbaycanın Milli Qəhrəmanı Nəsibov Mərfət Əhməd oğlu


Nəsibov Mərfət Əhməd oğlu 22 may 1972-ci ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. O, 1979-cu ildə Məzəm kənd ibtidai məktəbin 1-ci sinfinə getmiş, 1989-cu ildə isə Aşağı Əskipara kənd orta məktəbini bitirmişdir. 1990-cı ildə Qazax rayon Hərbi Komissarlığının göndərişi ilə sürücülük peşəsinə yiyələnmişdir. Elə həmin il hərbi xidmətə çağrılmışdır. Sovet ordusu sıralarında bir il xidmət etdikdən sonra Vətənə qayıtmış və könüllü olaraq Milli Orduya yazılmışdır. M.Nəsibov ilk gündən torpaqlarımızın müdafiəsində fəal iştirak etmiş, şəxsi igidlik və fədakarlıq nümunəsi göstərmişdir. Mərfət Nəsibov torpağa, döyüş dostlarına çox sadiq bir gənc idi. O, həmişə öndə gedir, Qazax rayonunun Ermənistanla sərhəd kəndlərini cəsur bir əsgər kimi qoruyurdu. 1992-ci il yanvar ayının 28-i M.Nəsibov Qazax rayonunun Quşçu Ayrım kəndində gedən mövqe döyüşləri zamanı qəhrəmancasına şəhid oldu. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Nəsibov Mərfət Əhməd oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Qazax rayonunun Məzəm kəndində dəfn olunmuşdur.

Qazax rayonundakı Heydər Əliyev adına parkda adına bulaq tikilmişdir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən Milli Qəhrəmanımızın adını əbədiləşdirən həmin bulaq 2017-ci ildə yenidən qurularaq yeni görkəmə salınmışdır. Qazax şəhərindəki küçələrdən biri Mərfət Nəsibovun adını daşıyır.

2013-cü ildə Mərfət Nəsibovla yanaşı digər iki Milli Qəhrəman - Rafiq Alıcanov və Şamoy Çobanovun həyat və döyüş yollarından bəhs edən "Qartal yuvası" sənədli-bədii filmi çəkilmişdir. Həmçinin 2015-ci ildə üç igidin - Mərfət Nəsibov, Rafiq Alıcanov və Şamoy Çobanov haqqında "Ölümə qənşər” adlı sənədli-bədii film çəkilmişdir.

Çavuş Həsənov Səlamət Muxtar oğlu


Həsənov Səlamət Muxtar oğlu 22 may 1962-ci ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 1969-cu ildə Bala Çaylı kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1977-ci ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir. 1977-1979-cu illərdə Çaylı kənd 1 nömrəli tam orta məktəbin 10-cu sinfini bitirmişdir. SSRİ silahlı qüvvələrində hərbi xidmət keçmişdir. Könüllü olaraq Milli Orduya yazılmışdır. Həsənov Səlamət Muxtar oğlu 27 iyun 1992-ci ildə Qızılhacılı kəndi yaxınlığında gedən döyüşlərdə şəhid olmuşdur. Ailəliydi. 4 övladı var.

"Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur. Adını əbədiləşdirmək məqsədilə oxuduğu Bala Çaylı kənd tam orta məktəbə və bir bulağa şəhid Həsənov Səlamət Muxtar oğlunun adı verilmişdir.


Geri qayıt