Əsas Səhifə > Şəhidlər > "Mənim atam şəhid olub, ölməyib"

"Mənim atam şəhid olub, ölməyib"


14-05-2021, 10:37


Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.

 

Kitabda şəhidimiz əsgər Kərimov Emil İlqar oğlu haqqında yazılmış "Mənim atam şəhid olub, ölməyib" başlıqlı xatirə yazısını oxuculara təqdim edirik...

"Mənim atam şəhid olub, ölməyib"


Qazax rayonunun İkinci Şıxlı kənd sakini Kərimov Emil İlqar oğlu qısa, amma şərəfli bir ömür yaşayıb. Onun ömrünə şöhrət gətirən isə torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda gedən Vətən müharibəsində igidlik göstərməsi, canını torpaq uğrunda qurban verərək şəhid olmasıdır.

1993-cü il sentyabr ayının 7-də dünyaya gələn Emil Kərimov qısa olsa da, mənalı bir ömür yaşayıb. 2000-ci ildə Valeh Musayev adına kənd tam orta məktəbin birinci sinfinə gedən zamandan müəllimlərin, eləcə də sinif yoldaşlarının diqqətini özünə cəlb edib -  zirəkliyi, qayda-qanunlara ciddi əməl etməsi və yaşıdlarından seçilməsi ilə. 2011-ci ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, Vətən qarşısında borcunu ləyaqətlə yerinə yetirərək 2013-cü ilin aprel ayında tərxis olunmuşdur.

Emil Kərimovun həyatında ən önəmli gün isə 2020-ci ilin sonlarında başlamışdır. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. Əsas hadisələr də bundan sonra başlamışdır.

Həmin gündən sonra Emil Kərimov əsl hərbçi həyatı yaşamış, "N" saylı hərbi hissənin manqa komandiri hərbi vəzifəli əsgəri kimi Qarabağın azadlığı uğrunda gedən döyüşlərə qatılmış, Vətənə sevgisini silahı ilə, qəhrəmanlığı ilə bildirmişdir.

Anası Surayyə Hüseynova oğlu ilə son görüşündən danışır:

- Sonuncu dəfə Emillə oktyabr ayının 8-də görüşə bildim. Bilsəydim ayrılıq var, heç olmasa oğlumun doyunca üzünə baxar, bağrıma basardım. Elə bilirdim ki, tez bir zamanda qayıdıb gələcək.

Amma atalar deyir, sən saydığını say, gör fələk nə sayır.

Emil Kərimovun döyüş yolu Füzulinin azad olunması uğrunda gedən döyüşlərdən başlayıb. Burada düşmənin müqavimətini qırıb darmadağın edəndən sonra şanlı Azərbaycan Ordusunun qəhrəman döyüşçüləri ilə birlikdə Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərə qatılıb. Düşmənin başına od yağdıraraq Azərbaycan əsgərinin qətiyyətini onlara göstərib  şücaəti, qorxmazlığı, mətanəti ilə.

Atası Kərimov İlqar deyir:

- Emil hərbi sirr olduğu üçün yerini və keçirdiyi döyüşlər barədə bizə heç nə demirdi. Hər dəfə telefonla əlaqə saxlayanda müharibənin qalibiyyətlə başa çatacağını söyləyirdi. 13 gün Füzulidə döyüşməklərinə baxmayaraq, bir dəfə də olsun belə, bu haqda danışmadı.

Həyat yoldaşı Afət Əliyeva sonuncu dəfə Emillə telefonla danışmasını belə xatırlayır:

- Emillə axırıncı dəfə oktyabrın 25-də danışdım. Axşam saat 5-6 arası olardı. Zəng eləyib uşaqları soruşdu. Nazəniyə, Aminə yaxşı baxmağımı söylədi. Uşaqları ürəkli böyüt, dedi. Bir də qəflətən: "Dünya işini bilmək olmaz, mənə nəsə olsa, uşaqları qardaşıma - Vüsala tapşırıram", - dedi. Bu, bizim axırıncı söhbətimiz oldu. Elə bil ürəyinə damıbmış. Həmin günün səhəri, oktyabrın 26-da Emilin Füzulidə qəhrəmancasına şəhid olması xəbərini aldıq. Dünya başıma fırlandı.

5 yaşına təzəcə qədəm qoymuş qızı Nazəninin dediyi sözlər isə insanın ürəyini parçalayır. O, uşaq düşüncəsi ilə özü də bilmədən həqiqəti deyib, atasının zirvəyə yüksəldiyini bildirib. Anası söyləyir:

- Bir dəfə qızım danışdı ki, uşaqlar mənə dedi ki, sənin atan ölüb. Mən isə onlara dedim ki, mənim atam ölməyib, mənim atam şəhid olub.

- Elədir qızım, sənin atan şəhid olub. Şəhidlər isə ölmür, - dedim.

Vətən torpaqlarının bütövlüyü naminə canından keçən igid əsgərimizin döyüşlərdə göstərdiyi şücaət dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Emil Kərimov ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.



 

GOYEZEN.AZ


Geri qayıt