Əsas Səhifə > Şəhidlər > "Ana, əgər şəhid olsam, ağlama"
"Ana, əgər şəhid olsam, ağlama"10-05-2021, 10:05 |
Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.
Kitabda şəhidimiz əsgər Həsənov Babək Saleh oğlu haqqında yazılmış "Ana, əgər şəhid olsam, ağlama" başlıqlı xatirə yazısını oxuculara təqdim edirik... "Ana, əgər şəhid olsam, ağlama"
Sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi - İkinci Qarabağ müharibəsi Azərbaycan Milli Ordusunun tarixi Zəfəri ilə başa çatdı, Qarabağın 30 ilə yaxın davam edən işğalına son qoyuldu. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin qalibiyyətlə başa çatması və ölkəmizin zəfər qazanması üçün ildırım sürətli 44 günlük müharibədə qazandığımız şanlı Zəfər ilə tarixi ədaləti bərpa etdik. Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətini, oğullarımızın mərdliyini və xalqımızın birliyini bütün dünyaya göstərdik. Vətən müharibəsində tarixi qələbəmizin qazanılmasında payı olanlardan biri də Həsənov Babək Saleh oğludur. Babək Həsənov 14 sentyabr 1990-cı ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1996-2007-ci illərdə Qazax rayon Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbində orta təhsil aldıqdan sonra həyatını hərbi sahəyə bağlamışdır. 2008-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2009-cu ildə hərbi xidmətdən tərxis olunmuşdur. Hərbi sahəyə ürəkdən bağlı olan Babək Həsənov hərbi xidmətdən tərxis olunduqdan sonra 2013-2018-ci illər ərzində Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etmişdir. Xidməti müddətində özünü bacarıqlı, səriştəli, döyüş texnikasının sirlərinə yiyələnmiş bir hərbçi kimi göstərmişdir. Bu, hərbi hissənin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş, Babək Həsənov fəxri fərmanlarla təltif edilmişdir. Sentyabrın 27-də Vətən müharibəsi başlayanda Babək cəbhəyə gedib vuruşmağa can atırdı. Deyirlər, "Arzun hara, mənzilin də ora". Babək Həsənov ölkə başçısının "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il oktyabr ayının 25-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. Anası Gülarə xanım deyir ki, oktyabrın 25-i bazar günü idi. Babəklə birlikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinə gəldik. Xeyli adam toplaşmışdı. Ana-bala dayanmışdıq. Babək başını sinəmə söykədi, bir xeyli beləcə dayandı. Və birdən "Dünya işidir, ana, əgər şəhid olsam, ağlama", - dedi mənə. Bir az keçmiş yola düşdülər. Bir neçə gündən sonra zəng elədi ki, Füzulidəyəm. Həyat yoldaşı Aytəkin xanım söyləyir ki, övladımız olmurdu. 7 ildən sonra, 2020-ci ilin martında bir qızımız oldu. Yaman çox istəyirdi Əfsanəni. Axırıncı dəfə İkinci Şıxlı kəndindən Birinci Şıxlı kəndinə maşınla gələnə qədər uşağı öpə-öpə, qoxlaya-qoxlaya gəldi. Müharibə dövründə hərdən zəng edir, ilk sözündən balacanı soruşurdu. Babək ailəsinə çox bağlı idi. Cəbhədə döyüşlər get-gedə daha da şiddətlənir, düşmən texnika və silah-sursatlarını səngərlərdə qoyub qaçırdı. Ona görə də Babək hər dəfə evlərinə zəng edib ailə üzvləri ilə çox fəxrlə danışırdı. Babək Həsənov Füzulinin, Cəbrayılın, Qubadlının, Laçının alınması uğrunda gedən döyüşlərdə iştirak etmış, şücaət göstərmişdir. Noyabrın 4-də Laçın rayonu istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, Birinci Şıxlı kənd qəbiristanlığında dəfn edilmişdir. Babək Həsənovun göstərdiyi igidlik dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Şəhid Babək Həsənov ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə",29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Laçının azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medallarıilə təltif olunmuşdur. Babək Həsənovun timsalında bütün şəhidlərimizi ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Ruhun şad, məkanın cənnət olsun, igid Vətən oğlu!
GOYEZEN.AZ Geri qayıt |