Əsas Səhifə > Şəhidlər > "O gün yuxuma girmişdi"
"O gün yuxuma girmişdi"9-05-2021, 11:17 |
Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.
Kitabda şəhidimiz (MAHHXHQ) əsgər Məmmədov Tural Elxan oğlu haqqında yazılmış "O gün yuxuma girmişdi" başlıqlı xatirə yazısını oxuculara təqdim edirik... "O gün yuxuma girmişdi"
Şəhid Məmmədov Tural Elxan oğlunun zəngin tərcümeyi-halı var. O, hərbidə xidmət etmək üçün neçə-neçə imtahanlardan keçmiş, sınaqlardan çıxmışdı. İmtahan verib sınaqlardan çıxmışdı ki, hərbçi olub torpaqlarımızı yağı düşməndən azad etsin, haqq savaşında onun da payı olsun. Bu da səbəbsiz deyildi. Kənd itkisi, topçu olan dayısının ermənilər tərəfindən vurulması, köçkünlük həyatı... Bütün bunlar Turalın uşaqlıqdan vətənpərvər böyüməsində mühüm rol oynamışdır. 17 sentyabr 1990-cu ildə doğulduğu Qazax rayonunun Qızılhacılı kəndi sonradan ermənilər tərəfindən işğal olunmuş, ailələri köçkün kimi Qazax şəhərində məskunlaşmışdı. Ona görə də Tural orta təhsil almaq üçün 1997-ci ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbə getmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən 2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, cəbhə bölgəsində kəskin nişançı vəzifəsində xidmət etmişdir. 2010-cu il hərbi xidmətdən tərxis olunduqdan sonra bir çox sahələrdə işləmişdir. Amma harada işləməsindən asılı olmayaraq hərbçi olmaq arzusu onu tərk etməmişdir. Ona görə də Tural Məmmədov 2016-cı il dekabrın 12-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin kəşfiyyat taborunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi kəşfiyyatçı-sanitar vəzifəsində xidmətə başlamışdır. 2017-ci ildə isə kəşfiyyatçı ixtisası üzrə imtahanları müvəffəqiyyətlə verərək sertifikat almış və 2018-ci ildən "N" saylı hərbi hissənin kəşfiyyat bölüyündə kəşfiyyatçı kimi xidmətini davam etdirmişdir. O, xidmətini daim döyüş bölgələrində keçirmiş, nizam-intizamlı, qorxmaz, mərd və cəsarətli olması ilə yoldaşlarından fərqlənmişdir. Bunlar Tural Məmmədovun keçdiyi ömür yolunun qısa tarixçəsidir. Bu tarixlərin hər birinin arxasında böyük zəhmət, əziyyət, bilik, bacarıq, ən başlıcası isə seçdiyi sənətə böyük sevgi və vətənpərvərlik dayanır. Qarşısına qoyduğu məqsədə nail olandan sonra Tural hərbi formanı geyinərək Vətənə xidmət etməyə başlamışdır. Həyat yoldaşı Yasəmən xanım söyləyir ki, Tural öz peşəsini çox sevirdi, onunla nəfəs alırdı sanki. Gecə-gündüz bilməz, verilən tapşırıqları vicdanla və sevə-sevə yerinə yetirərdi. Ona görə də hərbi hissə komandanlığı tərəfindən Tural Məmmədovun xidməti həmişə yüksək qiymətləndirilirmiş, 2018-ci ildə "Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuşdur. Vətənə bağlılıq, düşməndən intiqam almaq hissi onun canında-qanında idi, kökündən irəli gəlirdi. Atası Elxan 90-cı illərin əvvəllərində torpaqlarımızın müdafiəsinə qalxmış, özünümüdafiə dəstələrinin tərkibində vuruşmuşdu. Atasında olan Vətənə bağlı hisslər ona da keçmişdi. İşğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək, azad edilmiş yerlərə üçrəngli bayrağımızı sancmaq onun ən böyük arzusu idi. Vətən müharibəsi başlayanda Tural Məmmədov elə bu arzu ilə də döyüşlərə qatıldı. Onun döyüş salnaməsi fəaliyyəti qədər zəngin və mənalıdır. 27 sentyabrda Tural Məmmədovun xidmət etdiyi həmlə taboru Kəlbəcər-Murovdağ yüksəkliyinə həmlə edərək ələ keçiriblər. Bir gün sonra isə "Konqor" yüksəkliyindən "Ağdağ" istiqamətində "Üçtəpə" adlanan postlara həmlə edərək tutublar. Həmin əməliyyatdan sonra Kəlbəcər istiqamətində olan mühüm əhəmiyyətli daha bir postu ələ keçiriblər. Döyüş yoldaşlarının dediyinə görə, Tural posta hücum edəndə ən qabaqda gedirmiş, bu da döyüşçülərdə böyük ruh yüksəkliyi yaradırmış. 28 sentyabr axşam saatlarında "Üçtəpə" postunda döyüşlər qızışır. Düşmən itirdiyi mövqeyi geri almağa çalışır. Amma əsgər və zabitlərimizin igidliyi qarşısında itki verərək istədiyinə nail ola bilmir. Tural döyüş yoldaşları ilə birlikdə aldıqları postdan geri çəkilmir və səngərdən çıxmırlar. Bir gün sonra - sentyabrın 28-də axşam saatlarında Tural Məmmədov səngərdə snayperlə sinəsindən vurulur. Turalın keçdiyi şərəfli döyüş yolundan danışıb oğlunun şəhid olmasından söz açan anası Şükufə xanım bir an sözünə ara verəndən sonra ağlaya-ağlaya deyir: - O gün Tural yenə də yuxuma girmişdi. Üzümə baxıb yalvara-yalvara deyirdi ki, niyə ağlayırsan, ana? Mən ki, geri çəkilmədim, vuruşub döyüşdüm, şəhid oldum, ağlama. Onun əkiz övladları yadigar qalıb bu dünyada - Nihat və Nilay. Dövlətimiz tərəfindən Tural Məmmədovun igidliyi də qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
GOYEZEN.AZ Geri qayıt |