Əsas Səhifə > Şəhidlər > Qazaxda Vətən müharibəsi şəhidlərinin ailələri övladlarının adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işləri yüksək qiymətləndirirlər -
Qazaxda Vətən müharibəsi şəhidlərinin ailələri övladlarının adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işləri yüksək qiymətləndirirlər -6-05-2021, 19:34 |
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu böyük tarixi Zəfərə, Qələbəyə imza atdı. 44 günlük haqq savaşı şanlı Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatdı. Bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə və hərbçilərimizə borcluyuq. İllər ötsə belə bizləri 44 günlük haqq savaşında hər gün fərəh, qürur dolu saysız-hesabsız qələbələrlə sevindirən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç zaman unudulmayacaq. Qazaxda bütün şəhidlərimizin, o cümlədən də 44 günlük Vətən müharibəsində adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsi hər zaman əziz tutulur. Rayon rəhbərliyi tərəfindən şəhidlərimizin keçdikləri döyüş yolunun gələcək nəsillərə ötürülməsi, qəhrəmanlıqlarının nümunə göstərilməsi, ən əsası da adlarının əbədiləşdirilməsi istiqamətində təqdirəlayiq işlər görülür. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Qazax Tarix-Diyarşünaslıq Muzeyində Vətən uğrunda canından keçən şəhidlərimizin, istər Birinci Qarabağ, istər İkinci Qarabağ müharibəsi, eləcə də 2016-cı ilin Aprel və 2020-ci ilin İyul döyüşləri zamanı şəhid olmuş igid Vətən oğullarının xatirəsinə yaradılan guşə dediklərimizin daha bir bariz nümunəsidir. Muzeyin ikinci mərtəbəsində yaradılmış guşə nəfis tərtibatı ilə göz oxşamaqla yanaşı, eyni zamanda igid, cəsur, qəhrəman oğullarımıza olan hörmət və ehtiramıın göstəricisidir. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçmiş 338 nəfər qazaxlı şəhidin fotoşəkillərindən ibarət olan guşədə qəhrəman oğullarımızın xatirəsi dərin ehtiramla anılır. Mayın 6-da Pandemiya qaydalarına uyğun olaraq ilk olaraq Vətən müharibəsi şəhidlərinin valideynləri, yaxınları, həyat yoldaşları, övladları növbəli şəkildə guşə ilə tanış olublar. Guşə ilə tanış olan şəhid ailələri övladlarının, eləcə də Vətən yolunda canından keçən digər qazaxlı şəhidlərin xatirəsini əbədiləşdirən guşənin yaradılmasını, onların gələcək nəsillərə tanıdılması üçün görülmüş işləri yüksək qiymətləndiriblər. Şəhid ailəsi kimi onlara göstərilən qayğıya görə ölkə başçısına, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə minnətdarlıq ediblər. Sonda şəhid ailələri övladlarının xatirəsini əbədiləşdirmək məqsədilə yaradılan guşənin təşəbbüskarı Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova, guşənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə bir daha təşəkkürlərini çatdırıblar. Guşə ilə bağlı fikirlərini bölüşüblər. Şəhid leytenant Mayis Yaqubovun atası Rəhim Yaqubovun, şəhid gizir Səbuhi Məmmədovun anası Cəvahir Bənnayevanın və şəhid çavuş Elməddin Pənahovun həyat yoldaşı Gülnar Pənahovanın minnətdarlıq və razılıq dolu həmin videolarını təqdim edirik. "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə” və "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş Daş Salahlı kənd sakini, şəhid leytenant Mayis Yaqubovun atası Rəhim Yaqubovun ürək sözləri
"Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə” və "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş Bala Çaylı kənd sakini, şəhid gizir Səbuhi Məmmədovun anası Cəvahir Bənnayevanın ürək sözləri
"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Ürkməzli kənd sakini, şəhid çavuş Elməddin Pənahovun həyat yoldaşı Gülnar Pənahovanın və övladlarının ürək sözləri
Geri qayıt |