Əsas Səhifə > Şəhidlər > Qardaşına oxşamaq istəyirdi

Qardaşına oxşamaq istəyirdi


4-05-2021, 09:50


Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.

 

Kitabda şəhidimiz çavuş Pənahov Elməddin Məqsəd oğlu haqqında yazılmış "Qardaşına oxşamaq istəyirdi” başlıqlı xatirə yazısını oxuculara təqdim edirik...

Qardaşına oxşamaq istəyirdi

 

Sentyabrın 27-dən başlayıb 10 noyabrda böyük Tarixi Qələbə ilə başa çatan Vətən müharibəsi tarixin silinməz səhifələrinə yazılmışdır. Bu Qələbəni bizlərə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri bəxş etmişdir. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı neçə-neçə igid Vətən oğlu doğma torpaq, yurd uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksəlmişdir.

Şəhidlik zirvəsinə yüksələn oğullarımızdan biri də çavuş Pənahov Elməddin Məqsəd oğludur. Onun keçdiyi şərəfli ömür yolunu vərəqləyirəm.

...İnsan bütün ömrü boyu nümunələrlə yaşayır, sevdiyi, hörmət bəslədiyi adamların şəxsi nümunəsi ilə tərbiyələnir. Həyatda gördüyümüz hər hansı adi şəxs, bədii əsərdə rast gəldiyimiz gözəl insan, kinofilmdə baxdığımız müsbət qəhrəmanlar bizim üçün şəxsi nümunə olurlar. Biz çox vaxt belə insanlara yüksək duyğu ilə yanaşır, onlara oxşamağa çalışırıq. Özümüzə nümunə bildiyimiz insana bənzəməyə səy göstərir, onun kimi olmağa can atırıq.

7 sentyabr 1983-cü ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olan Elməddin Pənahov evin sonbeşiyi, qardaşların yaşca ən kiçiyi idi. 1991-ci ilin sentyabrında kənd tam orta məktəbində ilk təhsil almağa gedib, həmin məktəbin səkkizinci sinfini bitirəndən sonra hansı yolu seçəcəyinə, hansı arzunun dalınca gedəcəyinə hələ qərar verməmişdi. Bu, o zaman idi ki, Elməddin yaşında olan gənclər özlərini kimə isə oxşatmaq istəyir, kimi isə özlərinə nümunə götürüb onun yolu ilə getməyə can atırdılar. Hər kəsin öz nümunə yeri, hər kəsin öz idealı var idi.

Elməddinin oxşamaq istədiyi insan isə öz doğma qardaşı, Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət edən polkovnik-leytenant Pənah Pənahov idi. O, qardaşının keçdiyi ömür yolunu özünə nümunə bildiyi üçün ona oxşamaq istəyirdi.

Elə qardaşına oxşamaq istəyindən Elməddin də hərbi sahəni seçdi, həyatını ömürlük bu peşəyə bağladı. 2001-ci ilin oktyabrından Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılıb. 2003-cü ilin aprel ayına qədər hərbi xidmət keçəndən sonra öz fikrini bir daha qətiləşdirdi və bu yolla gedəcəyinə qərar verdi.

Elməddin Pənahov 2014-cü ilin mart ayından Azərbaycan Silahlı Qüvvələri sıralarında çavuş rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başlamışdır. Nümunəvi xidmətinə görə hərbi hissə rəhbərliyinin diqqətini cəlb etmiş, Müdafiə Nazirliyi tərəfindən mükafatlandırılmışdır. 2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuş, fəxri fərmanlar almışdır. Çox vətənpərvər insan, igid bir döyüşçü olan Elməddin Pənahov torpaqlarımızın azad olunması arzusu ilə yaşayır, bu istəyini döyüş meydanında həyata keçirməyə can atırdı.

Həyat yoldaşı Gülnar xanım danışır ki, Elməddin Vətən müharibəsi başlayan gündən özündə rahatlıq tapa bilmir, tez-tez "Əmr vermirlər ki, döyüşə girək", - deyirdi. Çox keçmədi ki, o, bu arzusuna da çatdı... 

"N" saylı hərbi hissənin tuşlayıcısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ), çavuş Elməddin Pənahov 13 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə mərdliklə vuruşmuş, igidlik göstərmişdir. Döyüş yoldaşları danışır ki, Elməddin irəlidə gedir, mərdliklə vuruşurdu. O, düşmənin növbəti hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Ürkməzli kənd qəbiristanlığında dəfn olunmuşdur.

Ailəli idi, İlkin və Ömər adlı 2 azyaşlı oğul övladı yadigar qalıb.

Şəhid çavuş Elməddin Pənahov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən"Füzulinin azad olunmasına görə"  medalları ilə təltif olunmuşdur.


GOYEZEN.AZ


Geri qayıt