Əsas Səhifə > Şəhidlər > Hər açılan səhər...

Hər açılan səhər...


27-04-2021, 11:24


Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.


Kitabda şəhidimiz çavuş Kərimov Kamil Ələddin oğlu haqqında yazılmış "Hər açılan səhər..." başlıqlı xatirə yazısını oxuculara təqdim edirik...

Hər açılan səhər...


27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi tarixin yaddaşına qızıl hərflərlə yazıldı. 44 gün davam edən, ildırım sürətli bu savaş torpaqlarımız uğrunda gedən mənəvi haqq savaşımız, qalibiyyət təntənəmiz oldu. Cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətəni döyünən ürəyi, üçrəngli bayrağımızı qürurumuz, and yerimiz bilən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, igid oğullarımız bu haqq savaşında Qələbə qazanmaq üçün döyüş meydanına atıldılar. Azərbaycan xalqının 30 illik Vətən, yurd, torpaq həsrətinə son qoyaraq qalib ölkənin vətəndaşı olmaq sevincini yaşatdılar bizə. Nankor düşmənlə yanaşı, bütün dünyaya bir daha sübut etdilər ki, Azərbaycan dövləti güclü, yenilməz dövlətdir, apardığı savaş isə haqq savaşıdır. Bu müharibə birlik, həmrəylik, qalibiyyət müharibəsidir. Öz doğma yurd-yuvasından, el-obasından ayrı düşən günahsız insanları, 30 ildir ki, vətənsiz böyüyən vətən övladlarını Qarabağa yenidən qaytarmaq uğrunda gedən müharibədir.

Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun gücü, qüdrəti sayəsində bizim şanlı Qələbəmizlə, Zəfərimizlə başa çatdı. 10 noyabr yaddaşlara Tarixi Qələbənin yazıldığı gün kimi həkk olundu.

Qarabağ adlı zəfərimizin qazanılmasında payı olan oğullarımızdan biri də şəhid Kərimov Kamil Ələddin oğludur. O, döyüş meydanında vuruşaraq şəhidlik zirvəsinə ucalmış, adını əbədi olaraq tarixin səhifələrinə yazdırmışdır.

...Kamilin doğulub boya-başa çatdığı Qazax rayonunun Ürkməzli kəndində səhərlərin açılması bambaşqa olurdu. Dağların qoynundan doğan Günəş ətrafa nur saçaraq kəndi şəfəqlərə qərq edir, insanlara sevinc, bərəkət paylayırdı. Kamil səhərləri, ələlxüsus da, Günəşin doğmasını çox sevirdi. Sevirdi ki, kəndləri başqa bir rəngə boyanır, dünya hərəkətə gəlir. Bir də ona görə çox sevirdi ki, hər səhərlə yeni bir gün başlayırdı.

Belə günəşli səhərlərin birində - 1995-ci ilin 2 iyul günündə dünyaya gəlmişdi Kamil. Ata-anası 3 qızdan sonra oğul tapmışdılar. Ona görə də onunla nəfəs alır, boy-buxununa baxıb sevinirdilər. Üç bacının - Xuramanın, Aybənizin, Kifayətin gözlərinin işığı idi. Qardaşları ilə fərəhlənib, sanki qol-qanad açırdılar bacılar. Amma Tanrı Kamili çox gördü onlara...

Kamil Kərimov 2002-ci ildə Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin birinci sinfinə getmiş, öz bilik və bacarığı ilə həmişə şagirdlər arasında fərqlənmişdir. 2013-cü ildə həmin məktəbin onbirinci sinfini bitirdikdən sonra hərbçi olmağı qarşısına məqsəd qoymuşdur. Arzusuna çatmaq üçün orta məktəbi qurtaran ili Azərbaycan Dövlət Dəniz Akademiyasına daxil olmuş, 2017-ci ildə həmin Akademiyanı bitirmişdir.

Ali təhsilini başa vurduqdan sonra gənc ömrünün hərbçi dövrü başlamışdır. Ali təhsilli olduğu üçün 1 il - 2017-ci ilin iyul ayından 2018-ci ilin iyul ayına qədər həqiqi hərbi xidmətdə olmuşdur. Ürəyində hərbi sahəyə böyük istək olduğu üçün həyatını bu peşəyə həsr etmək qərarına gəlmişdi. 2020-ci ilin avqust ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətə başlamışdır. Kamil Kərimov çavuş rütbəsində manqa komandiri kimi xidmət etmişdir. O, qətiyyətli, təcrübəli və cəsur kəşfiyyatçı idi, verilən tapşırıqları peşəkarlıqla yerinə yetirirdi.

Anası Həbibə xanım danışır ki, müharibə başlayanda Toğana kəndində hərbi xidmətdə idi Kamil. Sonradan bildik ki, sentyabrın 27-də düşmənə qarşı həmin istiqamətdən ilk döyüşə girib. Murovdağ yüksəkliyinin düşməndən azad edilməsində iştirak edib.

Sentyabrın 29-da isə Kamil Kərimovun sonuncu döyüşü olub. Düşmənə qarşı hücuma keçib yüksəkliyi almaq əmrini yerinə yetirirdilər. Səhər tezdən idi. Dağların ətəyindən Günəş yenicə boy göstərirdi. Elə bu vaxt... Elə bu vaxt Kamil düşmən gülləsinə tuş gəldi. Snayper silahından atılan qızıl güllə onun düz ürəyindən dəydi. Səhərin açılmasını çox sevən 25 yaşlı Kamil Kərimov elə səhər çağı gözlərini əbədi olaraq yumdu.

GOYEZEN.AZ


Geri qayıt