Şəhidlərimizi tanıyaq və
tanıdaq----------------------------
Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu
zirvəyə qalxmaq isə hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda
vuruşan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən
çəkinməyən cəsarətli, ləyaqətli, qeyrətli insanlar yüksələ bilərlər bu müqəddəs
zirvəyə. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir
əbədilik qazanırlar.
Doğma Vətən
torpağını qoruyan, uğrunda canından, qanından keçən igid oğul və qızlarımızı
yad etmək isə hər birimizin müqəddəs borcu olmalıdır. Eyni zamanda, onların
keçdiyi döyüş yolunu, göstərdikləri qəhrəmanlıqları gələcək nəsillərə örnək
göstərməliyik. Çünki şəhidlərimizin Vətənə olan sevgilərini örnək göstərməklə
gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında bir addım atmış olarıq.
Vətənimizin müdafiəsi
uğrunda döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik
hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Bu gün
Ermənistanla 168 km sərhədi olan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı,
Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi
mənfur düşmənin işğalına məruz qalan Qazax rayonu da Vətən torpaqlarının ərazi
bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli
Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd
oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...
Vətən torpaqlarının
ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi
Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan
qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk
gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin
uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin,
parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə
təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər
xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli
əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir.
Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur
yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər
düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini
ehtiramla yad edirlər.
Qazaxda torpaqlarımızın
azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də
yaddan çıxarılmır. GOYEZEN.AZ saytının Vətən uğrunda canından
keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək
mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənəyə
çevrilib. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü
olan şəhidlərimizdən – Arif Kazımovun, Akif İsmayılovun, Niftalı Vəliyevin, Fərman Əliyevin, Mayis Yaqubovun, Musa, Vəliyevin, Məmməd
Rəhimovun, İlham İsmayılovun, Saleh Həsənovun, Şahin Mustafayevin əziz xatirəsini yad edirik.
Kazımov Arif Nəbi oğlu
Kazımov
Arif Nəbi oğlu 21 dekabr 1965-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində
anadan olmuşdur. 1972-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd
tam orta məktəbə daxil olmuş, 1982-ci ildə həmin məktəbi bitirmişdir. 1983-cü
ildən 1985-ci ilə kimi sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi
xidməti başa vurduqdan sonra elə sovet ordusu sıralarında qalaraq gizir rütbəsində
hərbçi kimi işləmişdir. 1992-ci ildə Qarabağ müharibəsi başlayarkən xaricdən gələrək
Azərbaycan Ordusunda könüllü olaraq xidmət etməyə başlamışdır. 1997-ci il aprel
ayının 19-da Ballı Qaya yüksəkliyi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına
şəhid olmuşdur. Arif Kazımov 20 apreldə
doğulduğu Yuxarı Salahlıda yaylım atəşi altında dəfn olunmuşdur. Kazımov Arif Nəbi
oğlu ölümündən sonra "Hərbi xidmətlərə görə” medalı (№ 873) ilə təltif
olunmuşdur. Bir qızı və adını qoyduqları bir oğlu var.
İsmayılov Akif Qabil oğlu
İsmayılov
Akif Qabil oğlu 19 aprel 1970-ci ildə Qazax rayonunun Ağköynək kəndində dünyaya
göz açmışdır. Akif anadan olduğu kəndin orta məktəbində 1977-85-ci illərdə 8
illik təhsil aldıqdan sonra 117 saylı texniki peşə məktəbində qaynaqçı peşəsinə
yiyələnir. 1988-90-cı illərdə sovetlər birliyinin İrkutsk vilayətində hərbi
xidmətini başa vuraraq Vətənə dönür və sovxozda öz ixtisası üzrə işləyir.
1988-ci ildə başlayan Ermənistan-Azərbaycan münaqişəsi zamanı düşmənlərimizin
torpaqlarımızı zəbt etməsi hər kəs kimi Akifi də narahat edir. 1993-cü ilin may
ayında Milli Ordu sıralarına yazılan Akif torpaqlarımızın müdafiəsi uğrunda əlinə
silah alaraq sərhəd bölgələrinə yollanır. O, Ballı Qaya, Bala Cəfərli sərhəd
bölgələrində döyüş yolları keçir. 1994-cü il yanvar ayının 18-də Ballı Qaya
yüksəkliyi uğrunda döyüşdə mənfur erməni quldurlarının gülləsi Akifin sinəsinə
tuşlanır. Həmin an bir igid Vətən oğlu torpağın müdafiəsi uğrunda, torpaq üzərində
əbədi olaraq gözlərini yumur, şəhidlik zirvəsinə ucalır. İgid Vətən oğlu yanvar
ayının 19-da doğulduğu Ağköynək kənd qəbiristanlığında dəfn olunmuşdur.
Vəliyev Niftalı MTS oğlu
Vəliyev
Niftalı MTS oğlu 24 aprel 1959-cu ildə Qazax rayonunun Qarapapaq kəndində
anadan olmuşdur. 19 aprel 1992-ci ildə Ağköynək kəndində "Nohur” meşəsi deyilən
ərazidə minaya düşmüşdür. Evli olub və 2 uşağı var.
Əliyev Fərman İbrahim oğlu
Əliyev
Fərman İbrahim oğlu 16 oktyabr 1969-cu ildə Qazax rayonunun Əli Bayramlı
(hazırki Aslanbəyli) kəndində anadan olmuşdur. 1976-cı ildə Əli Bayramlı kənd
(hazırki Aslanbəyli) kənd tam orta məktəbin birinci sinfinə getmiş, 1986-cı ildə
həmin məktəbin onuncu sinfini bitirmişdir. 1992-ci ildə Qazax rayon hərbi
komissarlığı tərəfindən Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 19 aprel
1993-cü ildə Vəlixan meşəsində döyüş bölgəsində şəhid olmuşdur. Aslanbəyli kənd
qəbiristanlığında dəfn olunmuşdur.
Leytenant Yaqubov
Mayis Rəhim oğlu
Şəhid Mayis Yaqubov 20 aprel 1998-ci ildə Qazax
rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 2004-cü ildə Şahin Cəbiyev
adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin birinci sinfinə daxil
olmuşdur. Mayis Yaqubov 2012-ci ildə oxuduğu məktəbin səkkizinci sinfini
bitirərək ən yüksək balla Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub və 3
il sonra təhsilini başa vurub. Sonrakı illərdə hərbi təhsilinin artırılması
qayğısına qalıb. Bu məqsədlə də 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali
Hərbi Məktəbinə daxil olmuş, 2019-cu ildə həmin məktəbi bitirmişdir. Naxçıvan
Muxtar Respublikasında yerləşən "N” saylı hərbi hissədə leytenant
rütbəsində xidmətə başlamışdır.
O, təhsildə olduğu kimi, xidmətdə də hər zaman
fərqlənmiş, nümunəvi kəşfiyyatçımız 26 iyun 2018-ci ildə "Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə
təltif olunmuşdur.
"N” saylı hərbi hissənin 2-ci xüsusi təyinatlı
bölüyünün 1-ci xüsusi təyinatlı qrupunun komandiri olan leytenant Mayis Yaqubov
17 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində
gedən döyüşlərdə hərbi anda sadiq qalaraq, mətinlik və mərdlik nümayiş
etdirərək qəhrəmancasına şəhid olmuşdur. Şəhid
leytenantımız 22.10.2020-ci il tarixdə Daş Salahlı kəndində yerləşən Şəhidlər
xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi.
Azərbaycanın ərazi
bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid
olan leytenantımızın göstərdiyi igidlik Ali Baş Komandan İlham Əliyev
tərəfindən də yüksək qiymətləndirildi. Döyüş yoldaşlarının "Əjdaha” ləqəbi
ilə çağırdığı kəşfiyyatçı leytenant Mayis Yaqubov ölümündən sonra cənab
Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın
azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən "Hərbi xidmətlərə görə” medalları ilə
təltif olunmuşdur.
Vəliyev Musa Rəşid oğlu
Vəliyev
Musa Rəşid oğlu 16 noyabr 1965-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində
anadan olmuşdur. 1972-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta
məktəbinə daxil olmuş, 1982-ci ildə həmin məktəbi bitirmişdir. Həmin il Azərbaycan
Dövlət Neft Kimya İnstitutuna daxil olmuşdur. 1987-ci ildə həmin institutu
bitirmişdir. 1987-ci ildən 1989-cu ilə kimi sovet ordusu sıralarında hərbi xidmətdə
olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Balaxanı Neft Mədənində nefçi-mühəndis
kimi çalışmışdır. 1993-cü ildə Qarabağ müharibəsində zabit kimi xidmətə
çağırılmış və 1994-cü il aprel ayının 20-də Ağdam istiqamətində gedən döyüşlərdə
şəhid olmuşdur. Subay idi.
Rəhimov Məmməd Məhəmməd oğlu
Rəhimov
Məmməd Məhəmməd oğlu 20 aprel 1948-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində
anadan olmuşdur. Əmək fəaliyyətinə Qazax rayonunun Daş Salahlı kəndindəki
sovxozda zootexnik kimi başlamış və ömrünün sonunadək öz peşəsini davam
etdirmişdir. 1992-ci ildə oktyabr ayının 25-də Ermənistan silahlı qüvvələrinin
mövqeyindən atılan top mərmisi nəticəsində öz həyətlərində şəhid olmuşdur. Ailəli
idi. 4 övladı var.
İsmayılov İlham Məhəmməd oğlu
İsmayılov
İlham Məhəmməd oğlu 20 aprel 1962-ci ildə Qazax rayonunun Kəmərli kəndində
anadan olmuşdur. 1969-cu ildə Kəmərli kənd tam orta məktəbin birinci sinfinə
daxil olmuş, 1979-cu ildə məktəbi bitirmişdir. 1980-1982-ci illərdə sovet
ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbidən qayıtdıqdan sonra kənddə
yaşayaraq müxtəlif işlərdə fəhlə işləmişdir. 1993-cü ildə Azərbaycan Milli
Ordusu sıralarına çağrılmış, erməni qəsbkarlarına qarşı döyüşmüşdür. 1995-ci
ilin sentyabr ayının 20-də beyin nahiyəsindən aldığı yaradan şəhid olmuş, səkkiz
gün cəsədi erməni tərəfdə qalmış və 29 sentyabrda Kəmərli kəndində dəfn
olunmuşdur. Ailəli idi, 3 övladı var.
Həsənov Saleh Hüseyn oğlu
Həsənov
Saleh Hüseyn oğlu 14 oktyabr 1957-ci ildə Ermənistan Respublikasının İcevan
rayonunun Ağkilsə kəndində anadan olmuşdur. 23 aprel 1992-ci ildə Qazax
rayonunun Ağköynək kəndində "Nohur” meşəsi deyilən ərazidə odun qırarkən minaya
düşmüşdür. Evli idi. 1 övladı var. Mərhum Qarapapaq kənd qəbiristanlığında dəfn
edilmişdir.
Mustafayev Şahin Cəmşid oğlu
Mustafayev
Şahin Cəmşid oğlu 1 iyul 1975-ci ildə İcevan rayonunun Mirteyl kəndində anadan
olmuşdur. 1993-cü ildə Milli Ordu sıralarına çağırılan Şahin 888-ci briqadada hərbi
xidmətə başlamışdır. 703 saylı hərbi hissənin tərkibində Tərtər su anbarı və
"Qlobus” yüksəkliyi uğrunda gedən döyüşlərdə daha inamla döyüşərək yoldaşları
ilə birlikdə məkrli niyyətləri olan erməniləri torpaqlarımızdan uzaqlaşdırmağa
can atır. İgid əsgər 1994-cü il aprel ayının 25-də Ağdərə istiqamətində gedən
döyüşlərdə şəhid olaraq əbədiyyətə qovuşur.
Geri qayıt
|