Əsas Səhifə > Şəhidlər > Tank komandiri

Tank komandiri


22-04-2021, 11:08

Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.

 

Kitabda şəhidimiz gizir Orucov Elvin Rövşən oğlu haqqında yazılmış "Tank komandiri" başlıqlı xatirə yazısını oxuculara təqdim edirik...

Tank komandiri


2020-ci ilin 27 sentyabrından başlayan Vətən müharibəsi torpaqlarımız uğrunda gedən mənəvi haqq savaşımız oldu. Azərbaycan Silahlı Qüvvələri düşmənə ağır və sarsıdıcı zərbə vuraraq əzəli Azərbaycan torpaqları olan Qarabağı yağı tapdağından xilas etdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Qarabağ Azərbaycandır!" şüarını başları üstündə bayraq edən əsgər və zabitlərimiz, igid oğul və qızlarımız bir nəfər kimi Vətənin müdafiəsinə qalxıb Azərbaycanın haqlı olduğunu dünyaya bir daha sübut etdilər. Bu dəfə xalqımız düşmənə haqlı olduğunu diplomatiya dili ilə deyil, müharibə, güc yolu ilə sübut etdi, erməni rəhbərliyini kapitulyasiya aktına qol çəkməyə məcbur etdi. Bununla da Azərbaycan xalqı özünün yenilməzliyini, qədim xalq olmasını, mərdliyini, mübarizliyini və həmişə qalib xalq olduğunu bütün dünyaya nümayiş etdirdi.

Vətən müharibəsi xalq-ordu, ordu-xalq birliyinin necə sıx olduğunu göstərdi və bu birlik sayəsində Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, igid oğullarımız haqq savaşında Qələbə qazanmaq üçün döyüş meydanına atıldılar, qəhrəmanlıqlar göstərərək öz yenilməzliklərini sübut etdilər. 30 ildir ki, yurd həsrəti çəkən baba və nənələrimizin, ata və analarımızın, oğul və qızlarımızın yurd, el-oba həsrətinə son qoydular, gözlərdə yaşa, ürəklərdə qübara dönmüş həsrəti sevincə, vüsala qovuşdurdular. Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun gücü, qüdrəti sayəsində bizim şanlı Qələbəmizlə, Zəfərimizlə başa çatdı. 10 noyabr yaddaşlara Tarixi Qələbənin yazıldığı gün kimi həkk olundu.

Orucov Elvin Rövşən oğlu Qarabağ adlı zəfərimizin qazanılmasında payı olan, döyüş meydanında vuruşaraq şəhidlik zirvəsinə ucalan oğullarımızdan biridir.

Elvin Orucov 18 dekabr 1991-ci ildə Qazax şəhərində anadan olub. Onun hərbi sahəyə marağı lap uşaq yaşlarından özünü biruzə verib. Elvinin uşaqlığından söz düşəndə anası Səidə xanım dedi:

- 5 yaşı olanda Elvin təyyarələr, tanklar düzəldərdi. Bir də görürdüm ki, tank şəkilləri çəkib. Həmişə müharibədən bəhs edən kinolara baxardı. Hiss edirdim ki, hərbi sahəyə marağı var.

Bu maraq, uşaqlıq istəyi onu tərk etməyib, böyüdükcə onunla birgə böyüyüb, dəyişməz arzusu olub Elvinin. Sonrakı illərdə isə həyat amalına, sevdiyi peşəyə çevrilərək ömür yoluna işıq salıb.

1999-cu ildə Rusiyanın Nijni Novqorod şəhərində oxumağa başlayan Elvin Orucov ailəsi birlikdə Azərbaycana köçdükdən sonra təhsilini 2005-ci ildən İsmət Qayıbov adına Qazax şəhər 3 nömrəli tam orta məktəbdə davam etdirmiş, 2009-cu ildə həmin məktəbin onbirinci sinfini bitirmişdir.

2010-cu il yanvarın 3-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılan Elvin Orucov əsgər borcunu ləyaqətlə yerinə yetirmişdir. Əsgərlik onun həyatında bir dönüş yaratmış, arzularını bu istiqamətə yönəltmişdir. Elvin Orucov hərbi xidmətdə olan müddətdə bu sahə onun diqqətini özünə cəlb eləmiş, ömrünü bu peşəyə həsr etməyi qarşısına məqsəd qoymuşdur.

Ona görə də Elvin Orucov hərbi xidmətdən qayıtdıqdan dərhal sonra bu sahədə oxumağa və xidmət etməyə qərar vermişdir. Bu məqsədlə 2011-ci il 10 noyabrdan 28 aprel 2012-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) oxuyub "Tank komandiri" kursunu bitirərək gizir rütbəsi almışdır. 30 aprel 2014-cü il tarixindən Elvin Orucov gizir kimi ordu sıralarında xidmət etməyə başlamışdır.

Elvin Orucov eyni zamanda, xidmətdə də fərqlənib, öhdəsinə düşən tapşırığı vaxtından əvvəl yerinə yetirib, nizam-intizama əməl edib. Bunun nəticəsidir ki, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" (24.06.2013) və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" (26.06.2018) yubiley medalları ilə təltif olunub.

Elvin Orucov xidmətdə olduğu kimi, hərb meydanında da fərqlənmiş, 2016-cı ilin Aprel döyüşlərində düşmənə qarşı igidliklə vuruşaraq Fəxri Fərmanla təltif olunmuşdur. 

Vətən müharibəsində də Elvin Orucov mərdlik göstərmiş, tank komandiri kimi hərbi tapşırığı layiqincə yerinə yetirmiş, düşmənə sarsıdıcı zərbələr endirmişdir. 27 sentyabr 2020-ci ildə Füzulinin Alxanlı kəndi istiqamətində gedən döyüşdə onun komandiri olduğu tank minaya düşmüş, qəhrəmancasına şəhid olmuşdur.

İkinci Qarabağ müharibəsində Qazaxın ilk şəhidi olan gizir Elvin Orucov şəhərdəki şəhidlər qəbiristanlığında dəfn edilmişdir. Emil adlı oğul, Elay adlı qız övladı yadigar qalmışdır.

Elvin Orucovun göstərdiyi şücaət dövlət tərəfindən yüksək qiymətləndirilmiş, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

 

GOYEZEN.AZ


Geri qayıt