Əsas Səhifə > Şəhidlər > "Torpağı özüm alacağam"

"Torpağı özüm alacağam"


20-04-2021, 11:26


Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.

 

Kitabda şəhidimiz gizir Məmmədov Turan Nadir oğlu haqqında yazılmış "Torpağı özüm alacağam" başlıqlı xatirə yazısını oxuculara təqdim edirik...

"Torpağı özüm alacağam"


Bu sözləri Turan deyirdi hələ yeniyetmə yaşları olanda. "Böyüyüb torpağı özüm alacağam" - söyləyirdi Qarabağdan söz düşəndə. Uşaqlıqdan ürəyində vətənpərvərlik duyğuları baş qaldırmağa başlamışdı. Yavaş-yavaş torpaq sevgisi, yurd məhəbbəti yaranırdı kövrək qəlbində. Turanın uşaqlıqdan belə duyğulu, Vətənini sevən bir yeniyetmə kimi böyüməsi səbəbsiz deyildi. Qarabağ müharibəsi veteranı olan atası Nadir kişi 90-cı illərin əvvəllərində Vətənin keşiyində dayanmış, torpaqlarımızı işğalçılardan qorumuşdu. Dayısı da bu yolu keçmişdi. Belə bir vətənpərvər mühitdə böyüyən Turan təbii ki, vətənpərvər olmalı idi.   

Məmmədov Turan Nadir oğlu 29 avqust 1993-cü ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. O, 1999-cu ildə Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2010-cu ildə həmin məktəbin onbirinci sinfini bitirmişdir.

Anası Reyhan xanımın oğlunun uşaqlıq, yeniyetməlik illəri ilə bağlı dediyi sözlər Turanın elə o vaxtdan torpağını sevən, ona ürəkdən bağlanan bir gənc kimi yetişməsindən xəbər verir:

- Onun taleyinə hərbçi olmaq yazılmışdı, - deyə Reyhan xanım danışır. - Uşaqlıqdan qəhrəmanlıq, igidliklə bağlı olan kinolara baxar, bu mövzuda filmlərə meyl göstərirdi. Deyirdi ki, ana, mənə nağıl danış. Elə nağıl danış ki, qəhrəmanı mən olum.

Qardaşı Nağı isə deyir:

- Turan idmanı daha çox sevirdi. Kənddəki idman klubunda hər gün saatlarla idmanla məşğul olur, bu sahəyə xüsusi diqqət yetirirdi. Güləşə həvəsi daha çox idi.

Turan Məmmədov idmanla ciddi məşğul olduğu üçün orta məktəbdə fiziki tərbiyə, eləcə də hərbi hazırlıq dərslərində çox fəal olub. Uşaqlıqdan özü də bilmədən özünü hərb sahəsinə hazırlayıb Turan.

Orta məktəbi bitirdikdən sonra Turan Məmmədov 2011-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2013-cü ilin aprelində isə tərxis olunmuşdur.

Turan Məmmədov əsgərlikdən qayıdandan sonra evdə çox dayanmadı, mayın əvvələrində sənədlərini hazırlayıb Bakıya getdi. Kəşfiyyatçı olmaq istəyirdi. Bu məqsədlə Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) 6 ay oxudu və arzusunda olduğu gizir hərbi rütbəsini aldı. Turan Məmmədov 2013-cü ilin oktyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında gizir kimi xidmət etməyə başlamışdır. 2015-ci ildə isə Hava Hücumundan Müdafiə Qurğularının zenit-raket bölüyündə gizir olmuşdur. O, qardaş Türkiyə hərbçiləri ilə də təlimlərdə iştirak etmiş, 2 dəfə kurs keçmiş, "Komando" məktəbində oxumuşdur.

Turan Məmmədov yeni bir ömür yoluna qədəm qoymuşdu - Vətənə xidmət yoluna. Bu yolda isə onu müharibə, qanlı-qadalı döyüşlər, qəhrəmanlıq salnaməsi gözləyirdi. Turan 2016-cı ilin Aprel döyüşlərində mərdliklə vuruşdu, yaralanaraq bu salnamənin ilk səhifəsini yazdı. Sonrakı illərdə Turan Məmmədov Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) baş kəşfiyyatçı, gizir kimi xidmətini davam etdirmişdir.

Vətən müharibəsində Turan Məmmədov həmlə-kəşfiyyat taborunun tərkibində döyüşə girərək mərdliklə döyüşüb, yeniyetməlik illərindən ürəyində kök atmış arzularını həyata keçirməyə başlayıb, düşməndən qisas alaraq ona aman verməyib. Murovdağ yüksəkliyi uğrunda 4 gün döyüşüb, yüksəkliyi düşməndən azad etdikdən sonra zirvəsinə bayraq sancıblar. Sonra Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Turan Məmmədov oktyabrın 5-dən 6-na keçən gecə Ağdərənin Tonaşen kəndindəki yüksəkliyi alarkən şəhid olub.

Döyüş yoldaşı Rəşid Quliyev danışır:

- Turanla irəlidə gedirdik. Məndən 50-60 metr aralıda idi. Hava dumanlı, çiskin olduğundan bir-birimizi yaxşı görmürdük. Birdən uşaqlar qışqırdılar ki, Turanı vurdular. İnanmadım. Çünki Turan o qədər igid döyüşçü idi ki, adamın onun vurulmasına inanmağı gəlmirdi. Turan hər saat vurulan oğullardan deyildi. İnanmasaq da, artıq hadisə baş vermişdi. Düşmən ona köməyə gələn təxliyyəni də vurdu. Ona görə də Turan başından aldığı güllə yarasından döyüş meydanında şəhid oldu.

Turan Məmmədovun qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına  əsasən "Vətən uğrunda", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.


 

GOYEZEN.AZ


Geri qayıt