Əsas Səhifə > Şəhidlər > Şəhid anasına göndərilən məktub

Şəhid anasına göndərilən məktub


19-04-2021, 09:46


Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.


Kitabda şəhidimiz gizir Məmmədov Səbuhi Hümbət oğlu haqqında yazılmış "Şəhid anasına göndərilən məktub” sərlövhəli xatirə yazısını oxuculara təqdim edirik...

Şəhid anasına göndərilən məktub


Şəhid Məmmədov Səbuhi Hümbət oğlunun anası Cəvahir xanımla söhbət edirik. Saçını müəllimlik sənətində ağartmış şəhid anasının mənə göstərdiyi oğluna aid olan sənədlərin içində bir məktub diqqətimi cəlb edir - Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı tərəfindən yazılmış məktub. Məktubda deyilir:

"Bizlər üçün çox dəyərli olan Cəvahir xanım!

Torpaq su ilə yoğrulanda palçıq, qan ilə yoğrulanda Vətən olur. Övladınız Səbuhi bu torpağı qanı ilə suvaran qəhrəman döyüşçülərdən biri olmuşdur. Xüsusi Təyinatlı Qüvvələr ailəsinin ən dəyərli və bizim üçün qorxmazlıq, mərdlik simvolu olan mənsublarından biri də övladınız, bizim silah dostumuz, şəhid qardaşımız Səbuhidir. Səbuhi Vətəni, milləti və bayrağı uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmışdır.

Xüsusi Təyinatlı Qüvvələr ailəsi olaraq Sizə əminliklə bildiririk ki, övladınız Səbuhinin əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır və onun qanı ilə yazdığı qəhrəmanlıq salnaməsi gələcək nəsillərə ötürüləcəkdir".

Səbuhi Məmmədovun qısa olmasına baxmayaraq, mənalı keçən ömür yolunun ayrı-ayrı tarixlərini özündə yaşadan sənədlər məni uzaqlara, çox uzaqlara aparır. Tarixin anlarının "donduğu" şəkillər Səbuhili günlərdən xəbər verir. Fotolara baxdıqca Səbuhinin həyatda olmamasına inana bilmirsən. Heç belə bir oğul da...

Ananın dediyi sözlər məni xəyallarımdan ayırır:

- Martın 6-sı 1995-ci il idi Səbuhi doğulanda. Dünyaya gəlişinə o qədər sevinmişdik ki... Ailənin ilk övladı idi. Onun nazı ilə oynayır, başına dolanırdıq. Səbuhi böyüdükcə ürəyimizdəki arzular da böyüyür, bizi fərəhləndirirdi.

Sözünə bir az ara verəndən sonra davam edir:

- Uşaqlıqdan boy-buxunlu idi. Böyüyəndə ətə-qana dolub daha yaraşıqlı, ucaboy olmuşdu. Lap pəhləvana oxşayırdı.

Səbuhi Məmmədov 2001-ci ildə Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin birinci sinfinə gedən gündən 2012-ci ildə həmin məktəbi qurtarana qədər  nizam-intizamlı bir şagird olmuşdur. Orta məktəbi bitirəndən sonra 2012-ci ildə Nəqliyyat və Rabitə Kollecinə daxil olsa da, təhsilini yarımçıq qoyaraq hərbi xidmətə gedib.

Cəvahir xanım danışır ki, Səbuhi uşaqlıqdan hərbiyə meylli idi. Uşaq vaxtı Böyük Vətən Müharibəsinin veteranı olan Məhəmməd babasının medallarını sinəsinə taxar, "Mən də hərbçi olacağam" - deyə istəyini bildirirdi. 20 Yanvar, Xocalı hadisələri ona çox ağır təsir edirdi. "Böyüyəndə ermənilərdən qisas alacağam" deyirdi.

Səbuhi Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən 2013-cü ilin aprel ayında həqiqi hərbi xidmətə çağrılmış, əsgərlikdə yüksək səviyyədə xidmət etmişdir.

Səbuhi 2014-cü ilin oktyabrında hərbi xidmətdən tərxis olunduqdan sonra götür-qoy etməyə başladı. Hansı yolu seçsin, həyatını hansı peşəyə həsr etsin? Bir müddət düşünüb-daşındıqdan sonra hərbçi olmağa qərar verdi. Bu arzusuna çatmaq üçün  2017-ci ilin yanvarında Bakı şəhərində gizirlik kursu üzrə təhsil aldı, aprel ayında isə təhsilini bitirərək "N" saylı hərbi hissədə atıcı kimi fəaliyyətə başladı. 2019-cu ildə "N" saylı hərbi hissədə Xüsusi Təyinatlı Qüvvələrə daxil olaraq xidmətini orada davam etdirdi. Səbuhi Məmmədovun xidməti həyatında daha bir yenilik isə 2020-ci ildə Xüsusi Təyinatlı Qüvvələrə kursa qəbul edilməsi oldu. Kursu müvəffəqiyyətlə bitirdikdən sonra xidmətini davam etdirməyə başladı.

Gizir Səbuhi Məmmədov Vətən müharibəsinə Murovdağ yüksəkliyinin alınması uğrunda gedən döyüşlərdən başlayıb. Onu da qeyd edək ki, bu döyüşlər dəniz səviyyəsindən 3600 metr yüksəklikdə gedib. Həmin yüksəkliyə kanatla qalxıblar. Oktyabrın 1-də yüksəkliyi alıb postun dayaq məntəqəsi uğrunda döyüşə giriblər. Səbuhi tabor komandiri ilə birlikdə qabaqda idi. Bu zaman minaatan silahdan atılan mərminin qəlpəsindən aldığı zərbədən yaralanıb və şəhid olub.

Səbuhi Məmmədov Çaylı kəndindəki Şəhidlər xiyabanında dəfn edilib. Subay idi.

...Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı tərəfindən göndərilmiş məktub bu cümlələrlə sona çatır: "Səbuhinin xatirəsinin daim ehtiramla anılması bizim qardaşlıq borcumuzdur. Şəhid ailəsi olaraq əsl Azərbaycan anasına xas olan səbr və dözümlülük nümayiş etdirdiyinizə görə biz Xüsusi Təyinatlılar Sizə dərin minnətdarlığımızı bildiririk".

Səbuhi Məmmədov ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə", 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən isə "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunmuşdur.




GOYEZEN.AZ


Geri qayıt