Şəhidlərimizi tanıyaq və
tanıdaq----------------------------
Şəhidlik
uca bir zirvə olmaqla yanaşı, həm də bir məktəbdir. Elə bir məktəb ki, bizlər o
məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu
öyrənirik. Hər dəfə şəhid məzarlarını ziyarət edərkən Şəhidlik adlı zirvənin
əlçatmaz olduğu qədər də qürurverici bir məqam olduğunu dərk edirik. Həyatda ən
böyük xoşbəxtlik də elə Vətən yolunda şəhid olmaqdır. Lakin hər bir insana da
şəhid olmaq, o əlçatmaz zirvəyə ucalmaq nəsib olmur… Bu gün bizim qürur
mənbəyimizə çevrilən şəhidlərimizlə kiçik yaşlı uşaqlarımız, məktəblilərimiz və
eləcə də bütövlükdə Azərbaycan fəxr edir. Bu gün hər bir vətəndaş "Bu Vətən
bizimdir!” deyib canından keçən igid və mərd oğullarını yaxından tanımalı,
onların əziz xatirələrini yad etməlidirlər. Şəhidlərimiz hər an bizim
qəlbimizdədir, onlar ürəklərdə yaşayıb, yaşayır və yaşayacaq!. Unutmayaq ki,
şəhidlərimiz bizim ən ali qürur mənbəyimizdir!
Vətənimizin müdafiəsi
uğrunda döyüşə atılan igid oğullarımız
minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də
hər zaman yüksək səviyyədə olub. Bu gün Ermənistanla 168 km sərhədi
olan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara,
Aşağı Əskipara kimi 7 kəndi mənfur düşmənin işğalına məruz qalan Qazax
rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda xeyli sayda şəhid verib.
7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar
günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də
var, sabah da olacaq...
Vətən torpaqlarının ərazi
bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər
zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə
yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən
şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu
qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların,
bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir
edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər
xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və
şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz
nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər
və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər
çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz
xatirələrini ehtiramla yad edirlər.
Qazaxda torpaqlarımızın
azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də
yaddan çıxarılmır. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan
şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı
yazılar dərc etməsi artıq bir ənənəyə çevrilib. Bu həftə də öz ənənəmizə
sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Azad Mikayılovun, Mübariz Eyyubovun, Firuddin Şamoyevin, Səməd Hacıyevin, Alı Mustafayevin, Mədəd Nəsibovun,
Hafiz Abdullayevin, Adil Vəliyevin, Arzu Məmmədovun, Asif Qarayevin, Vidadi Göşşüyevin, Əli Yunisovun əziz xatirəsini yad edirik.
Mikayılov Azad Tanrıverdi oğlu
Mikayılov
Azad Tanrıverdi oğlu 12 aprel 1965-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində
anadan olmuşdur. 1972-ci ildə Xanlıqlar kənd tam orta məktəbin birinci sinfinə
daxil olmuş, 1982-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir.
1983-1985-ci illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur.
1985-1990-cı illərdə Qazax Sənaye Kombinatında qaynaqçı kimi əmək fəaliyyətinə
başlamışdır. 1990-cı ildən Qazax rayon Polis şöbəsində Polis nəfəri işləmişdir.
6 noyabr 1991-ci ildə Qazax rayonunun Xeyrımlı kəndi uğrunda gedən döyüşlərdə şəhid
olmuşdur. Subay idi. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə” medalı
ilə təltif olunmuşdur. Bu gün Xanlıqlar kənd ümumi orta məktəb şəhid Azad
Mikayılovun adını daşıyır.
Eyyubov Mübariz Hidayət oğlu
Eyyubov
Mübariz Hidayət oğlu 20 oktyabr 1973-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində
anadan olmuşdur. 1980-ci ildə Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin
birinci sinfinə getmiş, 1991-ci ildə həmin məktəbi bitirmişdir. 1992-ci ildə hərbi
xidmətə getmişdir. 1993-cü ildə aprel ayının 12–də Vəlixan meşəsi uğrunda gedən
döyüşlərdə şəhid olmuşdur. Subay idi.
Şamoyev
Firuddin İsa oğlu
Şamoyev Firuddin İsa oğlu 1962-ci il fevral ayının
7-də Qazax şəhərində anadan olmuşdur. Orta təhsilini Qazax şəhərində almışdır.
1981-1983-cü illərdə Qazax rayon Hərbi Komissarlığının çağırışı ilə həqiqi
hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra doğulduğu Qazax
şəhərinə gələrək Təmir-Tikinti idarəsində çilingər kimi işə başlayır.
Ermənilərin 1988-ci ildən başlanan əsassız ərazi
iddiaları, onların törətdiyi qanlı cinayətlər, Vətənin bütün qeyrətli oğulları
kimi Firuddini də hədsiz dərəcədə hiddətləndirirdi. Dağlıq Qarabağda, eləcə də
digər sərhəd bölgələrimizdə axıdılan günahsız qanlar ara vermirdi. Kəndlərimiz
talan edilir, əhali təlaş içində yaşayırdı. F.Şamoyev 1991-ci il iyulun 8-də
könüllülərdən ibarət dəstəyə yazıldı. O, 707 saylı hərbi hissənin minaatan
bölüyünün komandiri vəzifəsinə təyin olundu. Cəsur komandir Qazax rayonunun
Bağanıs Ayrım, Məzəm, Quşçu Ayrım və digər kəndlərinin müdafiəsində dəfələrlə
iştirak etmiş, düşmənin atəş nöqtələrinin məhv edilməsində rəşadət göstərmişdi.
13 aprel 1992-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndi ətrafında gedən ağır
döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ailəli idi. Üç övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Şamoyev
Firuddin İsa oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı
verilmişdir.
Qazax şəhərində Şəhidlər xiyabanında dəfn
edilmişdir.
Qazax şəhər 4 nömrəli tam orta məktəb və Qazax
şəhərindəki küçələrdən biri onun adını daşıyır. Bundan əlavə, şəhərin girişində
Milli Qəhrəmanın adını əbədiləşdirən bulaq-abidə kompleksi inşa olunmuşdur.
Hacıyev Səməd Məmməd oğlu
Hacıyev
Səməd Məmməd oğlu 28 iyun 1972-ci ildə Qazax rayonunun Orta Salahlı kəndində
anadan olmuşdur. 1980-ci ildə Orta Salahlı kənd tam orta məktəbin birinci
sinfinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin onuncu sinfini bitirmişdir.
1990-cı ildə həqiqi hərbi xidmətə getmişdir. Baş çavuş Səməd Hacıyev 13 aprel
1993-cü ildə Ağdam rayonunun Xocavənd kəndi uğrunda gedən döyüşlərdə şəhid
olmuşdur. 1994-cü il mart ayının 1-dən Orta Salahlı kənd tam orta məktəbi şəhid
Səməd Hacıyevin adını daşıyır.
1996-cı
ildə dostu Qınnayev Nazim Camal oğlu tərəfindən xatirəsini əbədiləşdirən bulaq
tikilib. Ötən il qardaşı Hacıyev Ramin Məmməd oğlu tərəfindən bulaqda yenidənqurma
işləri aparılıb.
Mustafayev Alı Mustafa oğlu
Mustafayev
Alı Mustafa oğlu 14 aprel 1952-ci
ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur. 1959-cu ildə Qazaxbəyli
kənd səkkizillik məktəbinə getmiş, 1969-cu ildə Daş Salahlı kənd orta məktəbini
bitirmişdir. 1971-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 1973-cü ildə əsgəri
xidmətini başa vurub Bakı Elektrik Maşınqayırma zavodunda əmək fəaliyyətinə
başlamışdır. O, zavodda işlədiyi müddətdə "Elektrik" qəzetində
tez-tez maraqlı yazılarla, şeirlərlə çıxış edirdi.
Alı
Mustafayev 1976-cı ildə zavod həmkarlar təşkilatının və zavod rəhbərliyinin
göndərişi ilə ADU-nun (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə
daxil olur. 1981-ci ildə təhsilini başa vurub Azərbaycan Dövlət Teleradio Şirkətinin
"Xəbərlər" proqramında jurnalist kimi faəliyyətə başlayır. Çox keçmir
ki, "İlin ən yaxşı jurnalisti", "Qızıl qələm" mükafatlarına
layiq görülür. İşləyə-işləyə təhsilini davam etdirərək Bakı Ali Partiya Məktəbini
də bitirir. O, çevik, qorxmaz bir telejurnalist idi, qaynar nöqtələrdən
reportajlar hazırlamağa birinci gedirdi. Bir neçə dəfə vertolyot qəzasına düşsə
də, təhlükəli ezamiyyətlərə getməkdən çəkinmirdi. O, neçə dəfə ölümdən
qayıtmışdı.
20
noyabr 1991-ci ildə Tuğ, Xocavənd, Qaradağlı kəndində törədilən faciələrlə
yerində tanış olmaq üçün gedən hökümət nümayəndələrini aparan hərbi vertolyot
erməni terrorçuları tərəfindən Qarakənd kəndi yaxınlığında vuruldu. Nəticədə 23
nəfər say-seçmə insan faciəli surətdə həlak oldu. Alı Mustafayev də onların
arasında idi. Ailəli idi. Üç oğul övladı yadigar qalıb.
Azərbaycan
Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı Fərmanı ilə Mustafayev Alı Mustafa oğluna
ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
fəxri adı verilmişdir.
Bakı
şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir. Ölümündən sonra
"Respublikanın əməkdar jurnalisti" fəxri adına layiq görülmüşdür. Bakının
Nərimanov rayonundakı 202 saylı və Qazax rayonundakı Qazaxbəyli kənd tam orta məktəbləri,
Bakı şəhəri 3-cü mikrorayondakı və Qazax şəhərindəki küçələrdən biri onun adını
daşıyır.
2017-ci
ilin aprel ayının 18-də Qazax rayonunun Qazaxbəyli kəndində Alı Mustafayevin xatirəsinə tikilmiş bulaq
kompleksinin təntənəli açılış mərasimi olmuşdur.
Nəsibov Mədəd İsə oğlu
Leytenant
Nəsibov Mədəd İsə oğlu 12 sentyabr 1966-cı ildə Qazax rayonunun Qaymaqlı kəndində
anadan olmuşdur. 1972-ci ildə Qaymaqlı kənd tam orta məktəbin birinci sinfinə
daxil olmuş, 1982-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1982-ci
ildə Azərbaycan Neft Kimya İnstitutuna daxil olmuşdur.
1984-1986-cı illərdə hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra təhsilini
davam etdirmişdir. 1989-cu ildə institutu bitirdikdən sonra Balaxanı Neft-Qazçıxarma
idarəsində işləmişdir. 1993-cü ildə Azərbaycan Milli Ordusuna çağırılmışdır. 14
aprel 1994–cü ildə Kəlbəcər döyüşlərində şəhid olmuşdur.
Abdullayev Hafiz Məhəd oğlu
Gizir
Abdullayev Hafiz Məhəd oğlu 1 yanvar 1984-cü ildə Sumqayıt şəhərində anadan
olub. 1990-cı ildə Sumqayıt şəhərində 16 nömrəli tam orta məktəbə daxil olub.
2001-ci ildə həmin məktəbi bitirib. 2001-2003-cü illərdə Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub.
2005-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində
gizir rütbəsində xidmətə başlayıb. 2019-cu il mart ayının 4-də Müdafiə
Nazirliyinin "N” saylı hərbi hissəsində xidməti vəzifəsini yerinə yetirərkən
qar uçqununa düşərək itkin düşmüşdür. 12 aprel 2019-cu ildə Abdullayev Hafiz Məhəd
oğlunun nəşi tapılaraq aidiyyəti üzrə təhvil verilib. 14 aprel 2019-cu ildə O,
Yuxarı Salahlı kənd qəbiristanlığında torpağa tapşırılıb. Ailəli idi. 1 qız və
2 oğul övladı yadigar qalıb.
Vəliyev Adil Habil oğlu
Vəliyev
Adil Habil oğlu 3 oktyabr 1990–cı ildə Qazax rayonunun Xanlıqlar kəndində
anadan olmuşdur. 2013-cü il aprel ayının 15-də Xanlıqlar kəndi ərazisində təmas
xəttini keçərək göyərti yığmağa gedən zaman minaya düşmüşdür. Yaralı vəziyyətdə
ərazidən çıxarılmasına cəhd edilmiş, lakin erməni snayperləri imkan verməmiş,
qanaxmadan vəfat etmişdir. Beynəlxalq Qırmızı Xaç Komitəsitərəfindən atəş dayandırıldıqdan sonra onun nəşi ərazidən çıxarılmışdır.
Məmmədov Arzu Mustafa oğlu
Məmmədov
Arzu Mustafa oğlu 15 aprel 1972-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan
olmuşdur. 1979-1989-cu illərdə Akif Bəbirov adına Xanbağı kənd
tam orta məktəbində
təhsil almışdır. 1990-1992-ci illərdə Vladivastok şəhərində hərbi xidmətdə
olmuşdur. 1992-ci ilin avqust ayında Azərbaycan Ordusuna hərbi xidmətə yola
salınmışdır. 2 noyabr 1992-ci ildə Ağköynək kəndində şəhid olmuşdur.
Qarayev Asif Safaləddin oğlu
Qarayev
Asif Safaləddin oğlu 1 noyabr 1971-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində
anadan olmuşdur. 1977-ci ildə Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin
birinci sinfinə getmişdir. 1988-ci ildə həmin məktəbin onbirinci sinfini
bitirmişdir. 1991-ci ildə Ali Hərbi Məktəbə qəbul olmuşdur. Ali Hərbi Məktəbin
III kursundan ordu sıralarına getmişdir. "N” saylı hərbi hissədə xidmət
etmişdir. 16 aprel 1993-cü ildə Ağstafa rayonunun Tatlı kəndində gedən döyüşlər
zamanı şəhid olmuşdur. Subay idi.
Göşşüyev Vidadi Mürsəl oğlu
Göşşüyev
Vidadi Mürsəl oğlu 17 aprel 1966-cı ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1972-ci ildə Çaylı kənd 1
nömrəli orta məktəbin birinci sinfinə daxil olmuş, 1982-ci ildə həmin orta məktəbi bitirmişdir. SSRİ silahlı qüvvələrində
hərbi xidmət etmişdir. 1991-ci ildə könüllü dəstəyə
yazılmış, tank sürücüsü olmuşdur. Göşşüyev Vidadi Mürsəl oğlu 26 iyun 1992-ci
ildə "Satılmış” adlanan ərazi ətrafında gedən döyüşlərdə tankı minaya düşmüş və
qəhrəmancasına şəhid olmuşdur. Adını əbədləşdirmək məqsədilə Çaylı kəndində 1
nömrəli tam orta məktəbə və bir bulağa onun adı verilmişdir.
Yunisov Əli Talıb
oğlu
Yunisov Əli Talıb
oğlu 24 may 1967-ci ildə Qazax rayonunun Barxudarlı kəndində anadan olmuşdur.
18 aprel 1992-ci ildə Kamaz markalı maşınla gedərkən Bala Cəfərli kəndi ərazisində
erməni işğalçılarının maşını atəşə tutması nəticəsində şəhid olmuşdur. 2008-ci
ildən şəhid statusu verilib.
Geri qayıt
|