Qazax
Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş
redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən
yazılmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının
qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından
keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və
döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin,
müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə
Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları
orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü
uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış,
ehtiramla yad edilmişdir.
Kitabda
şəhidimiz baş
leytenant Hüseynov Nəbi Hacıbala oğlu haqqında yer almış "Bir oğul tanıyıram…” başlıqlı
xatirə yazısını oxuculara təqdim edirik...
Bir oğul tanıyıram...
Azərbaycanın
ərazi bütövlüyünün təmin olunmasında igidlik və şücaət göstərmiş baş leytenant
Hüseynov Nəbi Hacıbala oğlu haqqında yazıya onun layiq olduğu
misralarla başlamaq istəyirəm:
Bir oğul
tanıyıram - mərd,
ucaboy, gen sinə,
Bir oğul
tanıyıram -
oğul deyirəm sənə.
Bəli, mən bir
oğul tanıyıram, elə bir oğul ki, ömrünün ilk bahar çağında şəhidlik zirvəsinə
ucalaraq öz adını təkcə ailəsinin, doğmalarının deyil, bütün Azərbaycan
xalqının əbədi olaraq yaddaşına həkk edə bildi. Bir oğul tanıyıram, elə bir
oğul ki, torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsinin başladığı
ilk gündən savaşa atılaraq Murovdağın, Cəbrayılın, Füzulinin müxtəlif kəndləri
və şəhər istiqamətində gedən döyüşlərdə əsl igidlik nümayiş etdirdi,
torpaqlarımızın işğaldan azad edilməsində qəhrəmanlıq göstərdi.
Əzizim sözə
qaldı,
Bir şirin sözə
qaldı.
Yad qovuldu
dağlardan,
El-oba bizə
qaldı.
Nəbi Hüseynov
9 iyul 1992-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində dünyaya göz
açmışdır. 1998-ci ildə Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta
məktəbində oxumuş, 2006-cı ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir.
2007-ci ildən ona ana qədər doğma olan kənddən yol alaraq arzularının arxasınca
getmişdir. Gəmi qayasını qucaqlayıb axan Kür çayı sanki bir bayatı söyləmiş:
Burda yolum
oldu tən,
Varmı bu
yoldan ötən.
Bu dünyada
şirin şey,
Bir anadır,
bir Vətən.
Bəli, Nəbi
anası qədər sevdiyi Vətəni qorumaq, onun düşmən tapdağı altında haray çəkən
torpaqlarını azad etmək üçün hərbi yolu seçmişdi. Ürəyində kök atmış arzulara
qovuşduran bu yol onu Cəmşid Naxçıvanski adına Hərbi Liseyə gətirmiş,
2006-2010-cu illərdə həmin hərbi məktəbdə təhsil almışdır. Nəbi Hüseynov
başladığı yolu davam etdirərək hərbi təhsilini daha da artırmaq üçün 2010-cu
ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2014-cü
ildə həmin məktəbi bitirdikdən sonra bir il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində
(TTM-də) olmuş, hərbi sahədəki biliyini daha da mükəmməlləşdirmiş, təcrübəsini
daha da artırmışdır. Təhsilini başa vurduqdan sonra 2020-ci ildə Vətən
müharibəsi başlayana qədər müxtəlif hərbi hissələrdə nümunəvi xidmət etmiş,
zabit kimi öhdəsinə düşən tapşırığı vaxtlı-vaxtında yerinə yetirmişdir.
Atası Hacıbala övladı barədə danışarkən xüsusi olaraq vurğuladı ki, Nəbidən söz almaq mümkün
deyildi. Anası
Gülarə xanım ağlaya-ağlaya deyir ki, "mənə - doğma anasına
da bir söz demir, hara getdiyi, nə iş gördüyü, nə baş verdiyi barədə bir kəlmə
də olsun belə danışmırdı". Bu da Nəbi Hüseynovun əsl peşəkar hərbçi
olmasından irəli gəlirdi. Bibisi Bəsti xanım danışır ki,
"sentyabrın 20-də axırıncı dəfə evə gəlib paltarlarını yığışdırmağa
başladı. Hara getdiyini soruşanda: "5-6 günə gələcəyəm"- deyərək
getdi. Bir daha onu görmədim".
Belə qapalı
olmasının nəticəsidir ki, ailə üzvlərinin Nəbi Hüseynovun keçdiyi döyüş yolu
barədə çox az məlumatları var. Bildiklərini isə Nəbinin dəfnində iştirak edən,
onun yas mərasiminə gələn hərbçi yoldaşları danışıblar.
Müharibə. Bu
qan-qada ilə Nəbi hələ 2016-cı ilin aprelində qarşılaşmışdı. Onun necə olduğunu
yaxşı bilirdi, ağrı-acılarına bələd idi. O, Aprel döyüşlərində mərdliklə
vuruşmuş, dəfələrlə ölümlə üz-üzə gəlmiş, öz bacarığı, mərdliyi sayəsində
düşməni məhv edərək döyüşlərdən qalib çıxmışdı. Bu tarixi döyüşdən sonra Nəbi
Hüseynov Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ-də) baş kəşfiyyatçı kimi xidmət
etməyə başlamış, qrup komandiri olmuşdur. Nəbi XTQ-də xidmət etməsindən qürur
duyurdu.
Yoldaşları
danışır ki, Murovdağ yüksəkliyinin alınması uğrunda başlanan hərbi əməliyyatda
ilk atəş açan məhz Nəbi Hüseynov olmuşdur. Oradan Kəlbəcərə doğru 15 km
irəliləyiblər. Nəbi Hüseynov sonra Füzulinin, Cəbrayılın azad olunması uğrunda
gedən hərbi əməliyyatlarda fəal iştirak edib. Döyüş yoldaşlarının dediyinə
görə, həmişə öndə olur, döyüşə tək girirdi. Ona görə ki, çox qorxmaz, mərd və
mübariz idi.
Oktyabrın
8-dən 9-na keçən gecə Füzulidən Hadrut istiqamətinə doğru irəliləyirdilər. Nəbi
Hüseynov yenə də qanlı döyüşə girmişdi. Bu zaman qəfil düşmən gülləsi onu
yaralayıb. Lakin o, yaralı olmasına baxmayaraq, döyüş meydanından çıxmayıb, 4-5
saat vuruşub. Hətta yaralı-yaralı əmr də verirmiş. Axıra qədər düşmənə qarşı
mərdliklə mübarizə aparan igid zabit elə səngərdəcə 9 oktyabr 2020-ci il
tarixində şəhid olub. Döyüş yoldaşları igid zabitin qanını yerdə qoymayıb,
düşməni darmadağın edərək əmri yerinə yetiriblər.
Baş leytenant
Nəbi Hüseynov ölümündən sonra Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il
tarixli Sərəncamına əsasən "Qarabağ" ordeni ilə
təltif edilmişdir. O, ölkə başçısının 15 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən "Vətən uğrunda", 24 dekabr 2020-ci il tarixli
Sərəncamına əsasən isə "Cəbrayılın azad olunmasına görə"medalları ilə təltif olunmuşdur.
GOYEZEN.AZ
Geri qayıt
|