Şəhidlərimizi
tanıyaq və tanıdaq----------------------------
Şəhidlik Vətən, xalq, dövlət,
millət, haqq, ədalət yolunda canından keçmək, özünü fəda etməkdir. Şəhidlik
könüllü şəkildə, bilə-bilə özünü odun-alovun içinə atmaq, bir an belə tərəddüd
etmədən, göz qırpmadan ölümün üzərinə getmək, ölümün gözünə dik baxmaqdır. Bu
zirvəyə o insanlar yüksəlir, ucalırlar ki, onlar Vətən, millət, dövlət yolunda
ölümün üzərinə yürüyə, ölümün gözlərinin içinə dik baxa bilirlər. O xalqlar, o dövlətlər xoşbəxt olur ki, onların
uğrunda canından keçən, canını fəda edən Vətən övladları, şəhidləri var. Ölümün
gözünə dik baxan, şəhdlik adlı müqəddəs bir zirvəni fəth etməyi bacaran oğul və
qızları var.
Hər qarışını
doğma bildiyimiz torpağı qoruyan, uğrunda canından, qanından keçən igid
oğullarımızı yad etmək isə hər bir azərbaycanlının, ürəyi Vətən sevdası ilə
döyünən vətəndaşın müqəddəs borcu olmalıdır. Çünki Şəhidlik zirvəsi uca və
müqəddəs zirvədir. Bu zirvəni fəth edənləri tanıtmaq, gələcək nəsillərə örnək
göstərmək hər kəsin ən ümdə işi olmalıdır. Şəhidlərimizin keçdiyi ömür
yolunu, qəhrəmanlıqlarını, Vətənə olan sevgilərini örnək göstərməklə
gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında bir addım atmış olarıq.
Vətənimizin
müdafiəsi uğrunda döyüşə atılan igid
oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı
gənclərdə də hər zaman yüksək səviyyədə olub. Bu gün Ermənistanla 168 km
sərhədi olan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu,
Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi mənfur
düşmənin işğalına məruz qalan Qazax rayonu da Vətən torpaqlarının ərazi
bütövlüyü uğrunda xeyli sayda şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli
Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd
oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...
Vətən
torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın
xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə
olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk
gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin
uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin,
parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı
şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən
Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin
adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin
bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə
kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə
tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək
əziz xatirələrini ehtiramla yad edirlər.
Qazaxda
torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və
anım günləri də yaddan çıxarılmır. GOYEZEN.AZ saytının
Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz
xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq
bir ənənəyə çevrilib. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və
anım günü olan şəhidlərimizdən – Mehdi İsgəndərovun, Şamil Məmmədovun, Orxan Əliyevin, Emin Qurbanovun,
Amid Məmmədovun, Mühüd Orucovun, Elvin Namazovun, İlqar Həsənqarayevin, Rəsul Veyisovun əziz xatirəsini yad edirik.
İsgəndərov
Mehdi Nəsrəddin oğlu
İsgəndərov
Mehdi Nəsrəddin oğlu 1 avqust 1953-cü ildə Qazax rayonunun Yuxarı Əskipara kəndində
anadan olmuşdur. 1960-cı ildə Qazax şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbə
daxil olmuş, 1970-ci ildə həmin məktəbi bitirmişdir. 1 aprel 1990-cı ildə Qazax
rayonunun Yuxarı Əskipara kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Ailəli
idi. İki övladı var.
Məmmədov Şamil Rəfi oğlu
Məmmədov Şamil Rəfi oğlu 1
aprel 1967-ci ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1974-cü ildə Fərəhli kənd
ümum orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1982-ci ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir. 1983-85-ci
illərdə Alpout kənd tam orta məktəbin10-cu sinfini bitirmişdir. 1985-87-ci illərdə
sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidməti başa vurduqdan sonra kənd
təsərrüfatı sahələrində işləmişdir. 4 oktyabr 1993-cü ildə Qazax rayonunun Cəfərli
kəndi istiqamətində gedən döyüşdə şəhid olmuşdur. Evli idi. Hazırda həyat
yoldaşı və oğlu Fərəhli kəndində yaşayır.
Əliyev
Orxan Məhəmməd oğlu
Əliyev
Orxan Məhəmməd oğlu 11 avqust 1995-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 2011-ci ildə Bakı
Texniki Kollecinə "Avtomobil nəqliyyatı”
şöbəsinin "Yol hərəkətinin təşkili” ixtisası üzrə daxil olmuş, 2015-ci ildə
həmin kolleci öz ixtisası üzrə bitirmişdir. Kolleci bitirdikdən sonra hərbi xidmətə
getmişdir. Əliyev Orxan Məhəmməd oğlu 2 aprel 2016-cı ildə Tərtər istiqamətində
gedən döyüşlərdə şəhid olmuşdur. Orxan Əliyev ölümündən sonra göstərdiyi
qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı
ilə "Hərbi xidmətdə
fərqlənməyə görə" III dərəcəli medalı ilə
təltif olunmuşdur.
Rayon rəhbərliyi tərəfindən şəhərin mərkəzində xatirəsini əbədiləşdirən bulaq
tikilmişdir. Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə
yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək
İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır
ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli
filmi kapitan Mühüd Orucov, baş leytenant Elvin Namazov və əsgər Orxan Əliyevin
əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Cənnətdən
məktublar” adlı kitab yazılmışdır.
Qurbanov
Emin Murad oğlu
Qurbanov
Emin Murad oğlu 23 fevral 1969-cu ildə Qazax
rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 8 illik təhsilini Dəmirçilər kənd
tam orta məktəbində almışdır. Təhsilini 177 saylı Texniki Peşə Məktəbində davam
etdirmişdir. 1987-89-cu illərdə keçmiş sovetlər birliyində hərbi xidmət
keçmişdir. Hərbidən qayıtdıqdan sonra sovxozda fəhlə işləmişdir. 1992-ci ildə
Ermənistan-Azərbaycan münaqişəsi zamanı Vətənin azadlığı uğrunda gedən döyüşlərdə
iştirak etmişdir. 2 aprel 1993-cü ildə Ağdərənin "Qlobus” yüksəkliyi uğrunda
gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Dəmirçilər kənd tam orta məktəbi
şəhid Emin Qurbanovun adını daşıyır.
Şəhid
gizir Məmmədov Amid Müqabil oğlu
Şəhid
Amid Məmmədov 2 aprel 1987-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan
olmuşdur. 1993-cü ildə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin
1-ci sinfinə daxil olmuş, 2004-cü ildə həmin məktəbin 11-ci sinfini
bitirmişdir. 2005-ci ildə Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı
Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2007-ciildə isə hərbi
xidmətdən tərxis olunmuşdur. 2011-ci ildən Azərbaycan
Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ)
kimi xidmət etməyə başlamışdır. Çavuş rütbəsinə qədər yüksəlmişdir.
Sonra 2012-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris
Mərkəzində (TTM) gizirlik məktəbini
oxuyaraq həmin hərbi hissədə gizir kimi xidmət etmişdir. "N” saylı hərbi hissənin
1-ci mexanikləşdirilmiş taborunun 3-cü mexanikləşdirilmiş bölüyünün 2-ci
mexanikləşdirilmiş tağımının döyüş maşını komandiri-döyüş maşınları heyətinin rəisi
omuşdur.
Amid
Məmmədov yüksək səviyyədə xidmət göstərmiş, hərbçi kimi yoldaşları arasında həmişə
fərqlənmişdir. Ona görə də xidməti dövründə müxtəlif medallara, fəxri fərmanlara
layiq görülmüşdür. O, 24.03.2013-cü ildə "Azərbaycan Respublikası Silahlı
Qüvvələrin 95 illiyi", 26.06.2018-ci ildə isə "Azərbaycan Ordusunun
100 illiyi" yubiley medalları ilə təltif olunmuşdur.
Amid
Məmmədov Vətən müharibəsindən öncə görmüşdü müharibəni, onun od-alovunun içərisindən
keçmişdi düz 5 il bundan əvvəl. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə
uğrunda gedən vuruşmada fəal iştirak etmiş, sol qolundan yaralanmışdı. Onu da
qeyd edək ki, döyüşdə yaralanmasını ailəsinə bildirməmiş, sağalandan sonra hərbi
xidmətini davam etdirmişdir.
Aprel
döyüşlərində olduğu kimi, Vətən müharibəsində də Amid Məmmədov əsl igidlik göstərmiş,
qəhrəmanlıqla dolu bir döyüş yolu keçmişdir. Vətən müharibəsi başlayan ilk gündən
döyüşə atılmış, bu zaman idarə etdiyi Piyadaların Döyüş Maşını (PDM) Füzuli
istiqamətində minaya düşmüşdür. Amid Məmmədov yaralanmasına baxmayaraq, döyüş
meydanını tərk etməmiş, yeni texnika ilə təmin olunaraq döyüşü axıra qədər
davam etdirmişdir.
Amid
Məmmədovun bir özəlliyi də ondadır ki, Ali Baş Komandan İlham Əliyevin çıxışı
zamanı dediyi "Erməniləri iti qovan kimi qovacağıq" ifadəsinə uyğun
olaraq idarə etdiyi PDM-ə "İti qovan kimi" sözlərini yazaraq döyüşə
girmişdir.
Amid
Məmmədov 03.11.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində torpaqlarımızın
azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid
gizirimiz 4 noyabr 2020-ci ildə doğulduğu Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında
izdihamla dəfn edilmişdir. Ailəliydi. Nisə və Esmira adlı iki azyaşlı qız
övladı yadigar qalıb.
Azərbaycanın
ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək
şəhid olan gizirimizin göstərdiyi igidlik Ali Baş Komandan İlham Əliyev tərəfindən
də yüksək qiymətləndirildi. Şəhid gizirimiz ölümündən sonra cənab Prezidentin
15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29
dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə”
medalları ilə təltif olunmuşdur.
Orucov
Mühüd Qurban oğlu
Kapitan
Orucov Mühüd Qurban oğlu 13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində
anadan olmuşdur. 1999-2002-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseyi və
2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
bitirmişdir. 2006-2007-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində
Zabit ixtisas kursunu bitirərək Azərbaycan Respublikası Müdafiə Nazirinin qərarı
ilə Kəşfiyyat Tağım Komandiri vəzifəsinə təyin olunmuşdur. Xidmətdə göstərdiyi
uğurlara görə qısa müddətdə Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor
Komandiri vəzifəsinə yüksəlmişdir.
Dəfələrlə
Fəxri Fərmanlarla və 5 medalla təltif olunmuşdur. 2014-cü ildə Ali Baş Komandan
İlham Əliyev tərəfindən xatirə saatı ilə mükafatlandırılmışdır. 2008, 2014,
2015-ci illərdə Türkiyə Respublikasında müxtəlif kursları müvəffəqiyyətlə bitirərək
Sertifikatlar almışdır. Ailəli idi. Əkiz oğul övladı yadigar qalıb.
2016-cı
il aprelin 2-dən 3-nə keçən gecə Tərtər-Goranboy istiqamətində Azərbaycanın ərazi
bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq "Şəhidlik” zirvəsinə ucalmışdır. Aprelin 9-da doğulduğu Fərəhli kəndində
böyük izdihamla dəfn olunmuşdur.Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa
görə RespublikaPrezidenti İlham
Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı
ilə "İgidliyə görə" medalı ilə təltif
edilmişdir. 2016-cı ildə rayon rəhbərliyi tərəfindən Qazax şəhərinin mərkəzində
adına bulaq kompleksi tikilmişdir. Eyni zamanda, xatirəsini əbədiləşdirən daha
bir bulaq Fərəhli kəndinin girişində tikilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və
"Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək
İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır
ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli
filmi kapitan Mühüd Orucov, baş leytenant Elvin Namazov və əsgər Orxan Əliyevin
əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist Fəridə Ləman
tərəfindən şəhidin xatirəsinə həsr olunmuş
"Mühüdüm-şəhidim” adlı kitab yazılmışdır.
Namazov Elvin Məmməd oğlu
Namazov Elvin Məmməd oğlu 7 sentyabr 1990-cı ildə Qazax
rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 2007-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbini
bitirmişdir. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə
daxil olmuş, 2012-ci ildə həmin ali məktəbi leytenant hərbi rütbəsində
bitirmişdir. 2013-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir
illik kursda olmuşdur. 2014-cü ildən Müdafiə Nazirliyinin Xüsusi təyinatlılardan
ibarət "N” saylı hərbi hissəsində kəşfiyyat komandiri vəzifəsinə təyin
olunmuşdur. 2016-cı ildə baş leytenant hərbi rütbəsi verilmişdir. Elvin
Namazov 3 aprel 2016-cı il tarixdə Tərtər istiqamətində gedən döyüşlərdə erməni
ordusunun hücumunun qarşısının alınması zamanı baş verən şiddətli atışmada qəhrəmancasına
şəhid olmuşdur. 9 apreldə doğulduğu Yuxarı Salahlı kənd qəbiristanlığında böyük
izdihamla dəfn olunmuşdur. Elvin Namazov ölümündən
sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalıilə təltif olunmuşdur. 2016-cı ildə rayon rəhbərliyi
tərəfindən Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilmişdir. Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin
İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra
olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş
"Qarabağa doğru" sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd
Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur.Tanınmış şairə, publisist Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Donmuş
təbəssüm” adlı kitab yazılmışdır.
Həsənqarayev İlqar Həmid oğlu
Həsənqarayev İlqar Həmid oğlu 3 aprel 1972-ci ildə
Kürdəmir rayonunun Xınışlı kəndində
anadan olmuşdur. 1979-cu ildə Qazax rayonunun Əli Bayramlı (hazırkı Aslanbəyli) kənd orta məktəbin 1-ci sinfinə
getmiş, 1989-cu ildə həmin orta məktəbin 10-cu sinfini bitirmişdir. 1993-cü ildə
Qazax rayon hərbi komissarlığından Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 18 iyun 1994-cü ildə Biləcəri yolunda hərbi
texnikanın qəzası nəticəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.
Veyisov Rəsul Əkbər oğlu
Veyisov
Rəsul Əkbər oğlu 4 aprel 1951-ci ildə Gədəbəy rayonunun Bilal kəndində anadan
olmuşdur. Ata və anası Qazax rayonundan olsa da Rəsul dünyaya gələndə hər iki
valideyni Gədəbəydə müəllim işləyiblər. Rəsul Veyisov 1958-1968-ci illərdə Gədəbəy
rayonunun Nəriman kənd tam orta məktəbində təhsil almışdır. Ukraynanın Çop şəhərində
hərbi xidmətdə olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət
Universitetinin) hüquq fakültəsində təhsil almışdır. 1992-ci il iyul ayının 7-də
Qazax rayonunun Quşçu Ayrım kəndində gedən döyüşlərdə şəhid olmuşdur. 1992-ci
ildə iyul ayının 8-də Bakıdakı Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Geri qayıt
|