Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------
Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham
Əliyevin rəhbərliyi altında şanlı ordumuzun şücaəti sayəsində sentyabrın 27-dən
başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş
etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı. Neçə-neçə
igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi
oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə
bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir
daha nümayiş etdirdi. Ali Baş Komandanın qətiyyətli addımlarını, müdrik
siyasətini dəstəkləyən xalqımız 30 ilə yaxın bir dövr ərzində davam edən
amansız erməni işğalına qarşı aparılan müharibədə öz rəhbərinin ətrafında yumruq
kimi birləşdi, mərd oğullarımız könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar.
Vətən
torpaqlarının ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan, azadlığı uğrunda
canından keçən igid oğullarımızdan biri də şəhid baş leytenant Nəsibov Xaliddin Vaqif oğludur.
Şəhid Xaliddin Nəsibov 17 iyul 1998-ci ildə Qazax
rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 2004-cü ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin1-ci sinfinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir.
Elə həmin ildə sənədlərini Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyə verərək
yüksək balla daxil olmuşdur. 2015-ci ilə qədər burada oxuyub hərb sənətinin
sirlərinə dərindən yiyələnən Xaliddin sonra təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi
Məktəbində davam etdirmişdir. 2019-cu ildə həmin ali məktəbi bitirmişdir. Həmin ilin
avqust ayının 1-dən Ağcəbədi rayonunda "N” saylı hərbi hissədə leytenant hərbi rütbəsində
xidmətə başlamışdır.
Vətən müharibəsi başlayanda motoatıcı tağım
komandiri vəzifəsində xidmət edən Xaliddin Nəsibov döyüş meydanında göstərdiyi
igidliyə və şücaətə görə baş leytenant rütbəsi də almışdır. O, 15 oktyabr
2020-ci ildə bölük komandiri vəzifəsinə təyin olunmuşdur. İkinci Qarabağ
döyüşlərində qəhrəmanlıq göstərən Xaliddin Nəsibov 6 noyabr 2020-ci il tarixdə
uca zirvəyə - Şəhidlik zirvəsinə yüksələrək əbədiyyətə qovuşdu. İgid
qəhrəmanımız 18 noyabr 2020-ci ildə doğulub boya-başa çatdığı Qarapapaq kəndində
kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən
torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Xaliddin Nəsibovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək
qiymətləndirildi. Şəhid baş leytenant ölümündən sonra cənab Prezident İlham
Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən
uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad
olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Bu gün hər birimiz
torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş Xaliddin Nəsibov kimi
oğullarımızla fəxr edir, onların əziz xatirəsini daim uca tutur, ruhları
qarşısında baş əyirik. Azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuza çevrilən
şəhidlərimiz hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqdır. Ruhun şad, məkanın
cənnət olsun igid Vətən oğlu!.
GOYEZEN.AZ
Geri qayıt
|