Əsas Səhifə > Şəhidlər > Yaşasaydı bu gün 20 yaşı tamam olacaqdı...

Yaşasaydı bu gün 20 yaşı tamam olacaqdı...


23-03-2021, 12:33

Şəhidlərimizi tanıyaq və tanıdaq--------------------------------------


Vətən müharibəsi!. 27 sentyabrdan başlayan və 10 noyabrda böyük Qələbə ilə başa çatan hərb tariximizin zəfər salnaməsi!. 2020-ci ili yaddaşlara əbədi həkk etdirən Vətən müharibəsi! Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyan 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. Bu, o müharibədir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı igid Vətən oğullarının qələbə qazanmasının, torpaqlarımızın ərazi bütövlüyü uğrunda başladığımız haqq savaşımızın əsas qayəsi, əsgər və zabitlərimizi, hərbçilərimizi qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə xalqımızın həmrəyliyi, birliyi, dövlət başçısının ətrafında sıx birləşməsi bütün dünyaya qüdrətli Azərbaycanın var olmasını sübut etdi. Azərbaycanın müzəffər ordusu günbəgün, anbaan xalqımızı qələbə sevinci ilə sevindirdi. Hərb tariximizə şanlı zəfərlərlə dolu günlər yazdı. Artıq azad olunmuş torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır, bayram tonqalları çatılır. Yazın ətri duyulur, həyat həmin torpaqlarda yenidən canlanır.

Bu gün bir vətəndaş olaraq hər birimiz Qarabağ torpaqlarının erməni hərbi birləşmələrindən təmizlənməsində canını fəda edən əsgər və zabitlərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.

44 günlük Vətən müharibəsində iştirak edən və adını Şəhidlik adlı uca zirvəyə yazdıran igid Vətən oğullarından biri də şəhid əsgər Omarov Elmar Elvar oğludur. Bu gün Vətən müharibəsinin qazaxlı şəhidi əsgər Elmar Omarovun doğum günüdür. Yaşasaydı bu gün 20 yaşı tamam olacaqdı...

 

Şəhid Elmar Omarov 23 mart 2001-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 2008-ci ildə Qazax rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2019-cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2019-cu ilin 3 iyulunda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmışdır. "N” saylı hərbi hissənin 1-ci tabor, 2-ci bölük, 1-ci tağımın tuşlayıcısı əsgər Elmar Omarov 09.11.2020-ci il tarixdə Şuşa şəhərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 12 noyabr 2020-ci il tarixdə doğulub boya-başa çatdığı Qazax rayonunun İkinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.

Azərbaycanın ərazi bütövlüyü, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan əsgər Elmar Omarovun döyüşlərdə göstərdiyi igidlik və şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid əsgər Elmar Omarov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Bu gün hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş Elmar Omarov kimi qəhrəman oğullarımızla fəxr edir, onların əziz xatirəsini daim uca tutur, ruhları qarşısında baş əyir. Azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuza çevrilən şəhidlərimiz hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqdır. Ruhun şad, məkanın cənnət olsun igid Vətən oğlu!.


GOYEZEN.AZ


Geri qayıt