Əsas Səhifə > Şəhidlər > Yaşasaydı… 45 yaşı tamam olacaqdı
Yaşasaydı… 45 yaşı tamam olacaqdı22-05-2017, 10:35 |
Nəsibov Mərfət Əhməd oğlu 22 may 1972-ci ildə Qazax rayonunun Məzəm kəndində dünyaya göz açıb. Yaşasaydı bu gün 45 yaşı tamam olacaqdı. O, da digər insanlar kimi ömrünün gözəl çağlarını yaşayacaqdı. 1989-cu ildə Aşağı Əskipara kənd orta məktəbini bitirən Mərfət təhsilini başa vuran kimi Qazax rayon hərbi komissarlığının göndərişi ilə sürücülük peşəsinə yiyələnib. O, 1990-cı ildə hərbi xidmətə çağrılıb. Sovet Ordusu sıralarında 1 il xidmət etdikdən sonra Vətənə qayıdıb və könüllü olaraq Milli Orduya yazılıb. Vətəninin dar günündə yanında olmağı, torpaqlarını qorumağı özünə borc sayıb. İlk gündən torpaqlarımızın müdafiəsində fəal iştirak edən M.Nəsibov şəxsi igidlik və fədakarlıq nümunəsi göstərib. Torpağa, döyüş dostlarına çox sadiq olan Mərfət həmişə öndə gedib, Qazax rayonunun Ermənistanla sərhəd kəndlərini cəsur bir əsgər kimi qoruyub. 1992-ci il yanvar ayının 28-də Mərfət Nəsibov sonuncu dəfə döyüşə gedib. O, Qazaxın Quşçu Ayrım kəndində gedən mövqe döyüşləri zamanı qəhrəmancasına həlak olub. Rayonun Məzəm kəndində dəfn edilib. Azərbaycan Resbublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Nəsibov Mərfət Əhməd oğluna ölümündən sonra “Azərbacanın Milli Qəhrəmanı” adı verilib. Rayonda adına bulaq tikilib. Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun tapşırığına əsasən həmin abidə-bulaq kompleksində yenidənqurma işləri aparılıb və bulaq öz görkəmini dəyişib. 2013-cü ildə onunla yanaşı digər iki Milli Qəhrəman-Rafiq Alıcanov və Şamoy Çobanovun həyat və döyüş yollarından bəhs edən "Qartal yuvası" adlı sənədli-bədii filmi çəkilib. 2015-ci ildə çəkilmiş “Ölümə qənşər” adlı bədii-sənədli filmdə isə üç igidin—Mərfət Nəsibov, Rafiq Alıcanov və Şamoy Çobanovun keçdikləri ömür və döyüş yollarından bəhs olunur. GOYEZEN.AZ Geri qayıt |