Əsas Səhifə > Şəhidlər > Vətən müharibəsində şəhid olan Qazaxın igid oğlu Tural Məmmədovun əziz xatirəsini ehtiramla yad edirik

Vətən müharibəsində şəhid olan Qazaxın igid oğlu Tural Məmmədovun əziz xatirəsini ehtiramla yad edirik


29-01-2021, 15:37

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------------------


Yola saldığımız 2020-ci il müstəqil Azərbaycanın hərb tarixinə qızıl hərflərlə şanlı səhifə kimi yazıldı. Müdrik Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan torpaqlarımızı erməni qəsbkarlarından təmizlədi. 44 günlük Vətən müharibəsində Qarabağ işğaldan azad edildi, xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, igid Vətən oğulları düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etməklə bütün dünyaya bir daha sübut etdilər ki, Azərbaycan xalqı öz əzəli torpaqlarına sahib çıxmaq iqtidarındadır və bu yolda bizi heç bir qüvvə dayandıra bilməz. Ali Baş Komandanın da söylədiyi kimi, Azərbaycan 27 sentyabrdan başlayan 44 günlük haqq savaşında tarixi ədaləti bərpa etdi. Və hər kəs bir daha şahidi oldu ki, "Qarabağ Azərbaycandır!”, "Qarabağ bizimdir!”.

Vətən torpaqlarının ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan, azadlığı uğrunda canından keçən igid oğullarımızdan biri dəMəmmədov Tural Elxan oğludur.

Şəhid Məmmədov Tural Elxan oğlu 17 sentyabr 1990-cı ildə Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 01.09.1997-ci ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2008-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 03.10.2008-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. 01.04.2010-cu ildə həqiqi hərbi xidmətini başa vuraraq tərxis olunmuşdur. 12.12.2016-cı il tarixdən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi kəşfiyyatçı-sanitar vəzifəsində xidmətə başlamışdır. 2017-ci ildə isə kəşfiyyatçı ixtisası üzrə imtahanları müvəffəqiyyətlə verərək sertifikat almış və 2018-ci ildən "N" saylı hərbi hissənin kəşfiyyat bölüyündə kəşfiyyatçı kimi xidmətini davam etdirmişdir. O, xidmətini daim döyüş bölgələrində keçirmiş, nizam-intizamlı, qorxmaz, mərd və cəsarətli olması ilə yoldaşlarından fərqlənmişdir. Tural öz peşəsini çox sevirdi, onunla nəfəs alırdı sanki. Gecə-gündüz bilməz, verilən tapşırıqları vicdanla və sevə-sevə yerinə yetirərdi. Ona görə də hərbi hissə komandanlığı tərəfindən Tural Məmmədovun xidməti həmişə yüksək qiymətləndirilirmiş, 2018-ci ildə "Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuşdur.

Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif "N” saylı hərbi hissələrində xidmət edən, "Həmlə” taborunun kəşfiyyat bölüyündə döyüşən kəşfiyyatçı Tural Məmmədov Vətən müharibəsində igidcəsinə vuruşub. İkinci Qarabağ müharibəsi döyüşlərinin başladığı ilk günlərindən Kəlbəcər rayonunun "Murovdağ” istiqamətində gedən döyüşlərdə iştirak etmiş və qəhrəmancasına şəhid olmuşdur. Şəhid Tural Məmmədov 12 dekabr 2020-ci il tarixdə Qazax rayonunun Qızılhacılı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi. İki əkiz - Nihat adlı oğul, Nilay adlı qız övladı yadigar qalıb.


Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Tural Məmmədovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid əsgər Tural Məmmədov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.

Bu gün hər birimiz torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş Tural Məmmədov kimi oğullarımızla fəxr edir, onların əziz xatirəsini daim uca tutur, ruhları qarşısında baş əyirik. Azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuza çevrilən şəhidlərimiz hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqdır. Ruhun şad, məkanın cənnət olsun igid Vətən oğlu!.

 

GOYEZEN.AZ


Geri qayıt