Əsas Səhifə > Şəhidlər > Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mərfət Nəsibovun anım günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mərfət Nəsibovun anım günüdür


28-01-2021, 12:04

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Şəhidlik uca zirvədir. Şəhidlik elə bir uca zirvədir ki, ana Vətən uğrunda canını qurban verib bu zirvəyə yüksələn oğullarımız  bizim aramızda olmasa da, ürəklərimizdə hər zaman yaşayırlar. Şəhid oldunsa demək ki, əbədi olaraq yanacaq məşəlin var. Vətən yolunda şəhid olmaq, canını fəda vermək insandan ürək istər, cəsarət istər, Vətənə sevgi istər. Bütün bunları özündə duyub Vətənin azadlığı uğrunda döyüşərək şəhid adına ucalan neçə-neçə igid oğullarımız var. Onları unutsaq nə tarix, nə də Vətən bizi bağışlamaz. Odur ki, ilk işimiz torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalanların xatirəsini daim yüksək tutmaq, onları gəncliyə nümunə göstərmək olmalıdır. Gələcək nəsilləri dünənimiz, keçmişimiz haqqında hər zaman məlumatlandırmalıyıq. Ən əsası da onlara Vətənə sevgi hissini aşılamalıyıq. Şəhidlərimizi, onların keçdikləri qısa, lakin şərəfli ömür yolunu, qəhrəmanlığını nümunə göstərməliyik. Bizim üçün canlarını qurban etdiklərinə görə ömür boyu şəhidlərimizin ruhu qarşısında baş əyməliyik.

Döyüş meydanında göstərdiyi igidliyə görə bugünkü, eləcə də gələcək nəsillərə örnək olan oğullardan biri də Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin şəhidi Nəsibov Mərfət Əhməd oğludur. Bu gün Milli Qəhrəmanımızın anım günüdür.

GOYEZEN.AZ saytı olaraq ənənəmizə sadiq qalıb anım günündə Milli Qəhrəmanın əziz xatirəsini dərin ehtiramla yad edir, igid Vətən oğlunun ruhu qarşısında baş əyir, Allahdan rəhmət diləyirik.

Nəsibov Mərfət Əhməd oğlu 22 may 1972-ci ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. O, 1979-cu ildə Məzəm kənd ibtidai məktəbin 1-ci sinfinə getmiş, 1989-cu ildə isə Aşağı Əskipara kənd orta məktəbini bitirmişdir. 1990-cı ildə Qazax rayon Hərbi Komissarlığının göndərişi ilə sürücülük peşəsinə yiyələnmişdir. Elə həmin il həbi xidmətə çağırılmışdır. Sovet ordusu sıralarında bir il xidmət etdikdən sonra Vətənə qayıtmış və könüllü olaraq Milli Orduya yazılmışdır. M.Nəsibov ilk gündən torpaqlarımızın müdafiəsində fəal iştirak etmiş, şəxsi igidlik və fədakarlıq nümunəsi göstərmişdir. Mərfət Nəsibov torpağa, döyüş dostlarına çox sadiq bir gənc idi. O, həmişə öndə gedir, Qazax rayonunun Ermənistanla sərhəd kəndlərini cəsur bir əsgər kimi qoruyurdu. 1992-ci il yanvar ayının 28-i M.Nəsibov Qazax rayonunun Quşçu Ayrım kəndində gedən mövqe döyüşləri zamanı qəhrəmancasına şəhid oldu. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Nəsibov Mərfət Əhməd oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Qazax rayonunun Məzəm kəndində dəfn olunmuşdur.

Qazax rayonundakı Heydər Əliyev adına parkda adına bulaq tikilmişdir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən Milli Qəhrəmanımızın adını əbədiləşdirən həmin bulaq 2017-ci ildə yenidən qurularaq yeni görkəmə salınmışdır. Qazax şəhərindəki küçələrdən biri Mərfət Nəsibovun adını daşıyır.

 

2013-cü ildə Mərfət Nəsibovla yanaşı digər iki Milli Qəhrəman - Rafiq Alıcanov və Şamoy Çobanovun həyat və döyüş yollarından bəhs edən "Qartal yuvası" sənədli-bədii filmi çəkilmişdir. Həmçinin 2015-ci ildə üç igidin — Mərfət Nəsibov, Rafiq Alıcanov və Şamoy Çobanov haqqında "Ölümə qənşər” adlı sənədli-bədii film çəkilmişdir.


Geri qayıt