Əsas Səhifə > Şəhidlər > Vətən uğrunda canlarından keçənlər hər zaman qəlblərdə yaşayırlar

Vətən uğrunda canlarından keçənlər hər zaman qəlblərdə yaşayırlar


27-09-2020, 09:47

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Şəhidlik uca zirvədir. Şəhidlik elə bir uca zirvədir ki, ana Vətən uğrunda canını qurban verib bu zirvəyə yüksələn oğullarımız bizim aramızda olmasalar belə hər zaman qəlblərdə yaşayırlar. Onlar uca bir mərtəbəyə yüksəlməklə bu yurdun həmişə vətənpərvər, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan, Vətənini düşməndən azad etmək üçün ölümün gözünə dik baxan igid, cəsur oğullar yetişdirdiyini hər kəsə nümayiş etdirirlər. Şəhidliyin uca bir zirvə olmaqla bərabər, həm də bir məktəb olduğunu bizlərə göstərirlər. Elə bir məktəb ki, bizlər o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik. Hər dəfə şəhid məzarlarını ziyarət edərkən şəhidlik adlı zirvənin əlçatmaz olduğu qədər də qürurverici bir məqam olduğunu dərk edirik. Vətən naminə canlarını qurban verməkdən çəkinməyən, bu yolda öz qanları ilə adlarını şəhidlik adlı uca bir zirvəyə yazanların döyüş yolunu gənclərə çatdırmaq, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər bir Azərbaycan vətəndaşının ən müqəddəs borcu olmalıdır. Bizim üçün canlarını qurban etdiklərinə görə ömür boyu şəhidlərimizin ruhu qarşısında baş əyməliyik. Hər bir Azərbaycan vətəndaşı şəhidlərini, Milli Qəhrəmanlarını tanıtmaq uğrunda çalışmalı, şəhidlərimizin keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. 

Bu gün minlərlə şəhidi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada bir şəhid məzarına rast gəlməyək. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Bu gün düşmənlə 168 km sərhədi olan, Məzəm, Quşçu Ayrım, Fərəhli, CəfərliBala Cəfərli kimi 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi düşmən tapdağı altında olan Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 288 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən rayonunun Yuxarı Salahlı kənd sakini, mayor Əhmədov Namiq Hajan oğlu da qəhrəmancasına şəhid olaraq bir daha sübut etdi ki, Qazaxın igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...  

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər.

Qazaxda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də yaddan çıxarılmır. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı yazılar dərc etməsi artıq bir ənənəyə çevrilib. Bu həftə də öz ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Əmrah Vəliyevin, Nizami Yusifovun, Sərdar Hüseynovun əziz xatirəsini yad edirik. 

Vəliyev Əmrah İsgəndər oğlu


Vəliyev Əmrah İsgəndər oğlu 27 yanvar 1971-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1978-ci ildə Quşçu Ayrım kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1988-ci ildə məktəbi bitirərək sovet ordusunda xidmət etmişdir. Vəliyev Əmrah İsgəndər oğlu 21 sentyabr 2001-ci ildə Quşçu Ayrım kəndi ərazisində odun gətirən zaman ermənilərin açdığı atəş nəticəsində şəhid olmuşdur.

Yusifov Nizami Göyüş oğlu


Yusifov Nizami Göyüş oğlu 28 yanvar 1967–ci ildə Qazax rayonunun Canalı kəndində anadan olmuşdur. 1974-cü ildə Canalı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1984-cü ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1994-cü ildə Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 23 sentyabr 1994-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində Babəkər ərazisində gedən döyüşlərdə şəhid olmuşdur.

Hüseynov Sərdar Aydın oğlu


Hüseynov Sərdar Aydın oğlu 2 avqust 1968-ci ildə Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 1975-ci ildə Qızılhacılı kənd ibtidai məktəbin birinci sinfinə daxil olmuş, 1983-cü ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1983-85-ci illərdə Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyinonuncu sinfini bitirmişdir. 1986-88-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidməti başa vurduqdan sonra Bakı Tibb Texnikomunu bitirmişdir. Qazax rayon Qızılhacılı kənd Feldşer-Mama Məntəqəsinin müdiri işləmişdir. 24 sentyabr 1993-cü ildə Qazax şəhərinə atılan mərmi partlayışı nəticəsində şəhid olmuşdur. Evli idi.


Geri qayıt