Əsas Səhifə > Şəhidlər > Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası şəhid mayor Namiq Əhmədovun övladlarını himayəyə götürüb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası şəhid mayor Namiq Əhmədovun övladlarını himayəyə götürüb


7-09-2020, 20:13


Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə göstərdikləri diqqət və qayğı bu gün hər birimiz üçün örnəkdir. Dövlət və dövlət başçısı tərəfindən şəhidlərimizin yaxınlarına göstərilən hörmət və ehtiram, onların ailələrinə olan qayğı respublikamızın hər yerində olduğu kimi, Qazaxda da yüksək səviyyədə hiss olunur. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Tovuz döyüşlərində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan mayor Əhmədov Namiq Hajan oğlunun övladlarının himayəyə götürülməsi dövlətin şəhid ailələrinə olan qayğısının daha bir bariz nümunəsidir.

Bu gün Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov, rayon Komitəsinin fəalları – Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru, MİHİ Qazax Rayon Komitəsinin üzvü Ceyhunə Hüseynova, Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, MİHİ Qazax Rayon Komitəsinin Rəyasət Heyətinin üzvü Gülnaz Alişanova, Yuxarı Salahlı kənd Folklor Evinin müdiri Asya Orucova, Yuxarı Salahlı kənd Kitabxanasının sabiq əməkdaşı Tamam Cəfərova Tovuz döyüşlərində qəhrəmancasına şəhid olmuş Namiq Əhmədovun doğulduğu Yuxarı Salahlı kəndində olub, şəhidimizin məzarını ziyarət ediblər. Şəhidin ailəsinə baş çəkərək onlarla həmsöhbət olublar. İgid Vətən oğlunun döyüş yolundan danışıb, göstərdikləri qəhrəmanlığın gələcək nəsillər üçün nümunə olduğunu dilə gətiriblər.

 

MİHİ Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov şəhidimizin ailə üzvlərinə bir daha başsağlığı verib, bütün şəhidlərimizin, eləcə də Namiq Əhmədovun xatirəsinin hər zaman əziz tutulacağını qeyd edib. Sonra şəhidin ailə üzvlərini Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin "Ermənistan Respublikasının Azərbaycana qarşı törətdiyi təcavüz və təxribatlarla əlaqədar 02-05 aprel 2016-cı il və 12-14 iyul 2020-ci il tarixlərində döyüş tapşırıqlarını yerinə yetirərkən şəhid olmuş hərbi qulluqçuların uşaqlarının AHİK-in üzv təşkilatları tərəfindən himayəyə götürülməsi haqqında” 13.08.2020-ci il tarixli Qərarı ilə tanış edib. Qərara əsasən şəhid mayor Namiq Əhmədovun iki azyaşlı övladı, 6 yaşlı Nigar və 10 yaşlı Məhəmməd Əhmədovların 18 yaşa çatana kimi Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin himayəsinə götürüldüyünü və hər ay 300 manat (hər birinə 150) məbləğində maddi yardım ediləcəyini bildirib.  

Bu gün MİHİ Qazax Rayon Komitəsi tərəfindən ailənin yeni mənzilinə də bir sıra məişət avadanlıqları hədiyyə edilib. Həmçinin, ailənin bu il ilk dəfə məktəbə gedəcək qız övladı Nigara və məktəbli Məhəmmədə zəruri dərs ləvazimatları verilib.

Övladı ilə hər zaman fəxr etdiyini bildirən şəhid atası Hajan Əhmədov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Övladının ailəsinə göstərilən qayğıya görə başda ölkə başçısı olmaqla, rayon rəhbərliyinə və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinə minnətdarlığını bildirib.

 

 

GOYEZEN.AZ


Geri qayıt