Əsas Səhifə > Şəhidlər > Vətənə xidmət yolunun şəhidlik zirvəsinə yüksələnlər unudulmur

Vətənə xidmət yolunun şəhidlik zirvəsinə yüksələnlər unudulmur


9-08-2020, 11:37

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Vətənpərvərliyin ən ali məqamı - şəhidlikdir. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Bu zirvəyə yüksələn igid oğullarımız göstərdikləri şücaətlə hər zaman sübut edirbər ki, qəhrəmanlıq bir anın bəhrəsi deyil. Qəhrəmanlıq xarakterin, tərbiyənin, mənəvi yaddaşın gücü ilə diktə olunan bir keyfiyyətdir. Qəhrəmanlıq bizi illər sonra yaddaşlara əbədi yazacaq bir keyfiyyətdir. Azərbaycan xalqı, oğul və qızları da hər zaman bu keyfiyyətə sahib olublar. Çünki tarix boyu xalq olaraq həmişə şərəfli ölümlə fəxr etmişik, ömrümüz boyu belə ölümlərə can atmışıq. Ölümün gözünə dik baxa bildiyimiz üçün bu Vətən, bu torpaq, bu yurd nə qədər faciələr yaşasa da, yaşamaq, var olmaq haqqını itirməyib. Dediyimiz bir kəlmə söz, içdiyimiz and, verdiyimiz vəd əlimizdən tutub, bizi Vətən üçün ölümə aparsa belə, Vətən üçün bu yoldan dönməmişik. Məhz bu qətiyyət, cəsarət, mübarizlik, Vətənə olan sonsuz sevgi sayəsində şəhidlik adlı zirvəni fəth edən oğullarımızın sayı artıb. Vətən torpağı tam olsun deyə hər an özlərinin ömür payını bu yolda keçməyə hazır olublar. Qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımız dünən də olub, bu gün də var, sabah da olacaq. Çünki onları imdada çağıran, azadlığa səsləyən düşmən tapdağı altında olan olan torpaqlarımız var.

Düşmən gülləsindən, mərmisindən çəkinməyən, ölümün gözünə dik baxan, Vətən, torpaq, millət uğrunda canını verməkdən bir an belə tərəddüd etməyən, üçrəngli Azərbaycan Bayrağını öz qanları, canları bahasına göylərə ucaldan Vətən oğullarını yad etmək, xatirələrini əziz tutmaq da bizim hər birimizin ən ümdə borcu olmalıdır.

Şəhidlik adlı müqəddəs amal uğrunda döyüşə atılan qeyrətli Qazax övladları da çoxdur. Bu rayon da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 288 şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən rayonunun Yuxarı Salahlı kənd sakini, mayor Əhmədov Namiq Hajan oğlu da qəhrəmancasına şəhid olaraq bir daha sübut etdi ki, Qazaxın igid, mərd oğulları hər zaman olub və bundan sonra da olacaq...  

Bu gün düşmənlə 168 km məsafədə sərhədi olan rayonun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kimi 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır.

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər.

Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də yaddan çıxarılmır. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi artıq bir ənənəyə çevrilib. Bu həftə də ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Məmməd Məmmədovun, Məhəmməd Əsgərovun, Dilqəm Zeynalovun, Zülfüqar Mirzəliyevin, Şahin Süleymanovun, Zahid Mahmudovun, Vüqar Süleymanovun əziz xatirəsini yad edirik. 

Məmmədov Məmməd Zahid oğlu


Məmmədov Məmməd Zahid oğlu 3 avqust 1970-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1976-cı ildə Çaylı kənd 1 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1986-cı ildə həmin orta məktəbi bitirmişdir. 1987-1989-cu illərdə SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Məmmədov Məmməd Zahid oğlu 6 yanvar 1993-cü ildə Ağstafa rayonunda Qələmçədə gedən döyüşlərdə şəhid olmuşdur.

Əsgərov Məhəmməd İsmayıl oğlu


Əsgərov Məhəmməd İsmayıl oğlu 30 iyun 1941-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1965-ci ildə Ermənistanın Ayrım stansiya Konserv Zavodu yaşayış məntəqəsinə köçərək orda yaşamışdır. 1988-ci ildə yenidən Kəmərliyə qayıtmış, kənddə müxtəlif işlərdə fəhlə işləmişdir. 1994-cü ildə avqustun 3-də minaya düşərək şəhid olmuşdur.

Zeynalov Dilqəm Camal oğlu


Zeynalov Dilqəm Camal oğlu 4 avqust 1974-cü ildə Qazax rayonunun Orta Salahlı kəndində anadan olmuşdur. 1981-ci ildə Orta Salahlı kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1991-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1992-ci ildə həqiqi hərbi xidmətə getmiş, 21 mart 1996-cı ildə Ağdam rayonunun Təzəkənd kəndində gedən döyüşlərdə şəhid olmuşdur.

Mirzəliyev Zülfüqar Bəkir oğlu


Mirzəliyev Zülfüqar Bəkir oğlu 5 avqust 1970-ci ildə Qazax rayonunun Kommuna (indiki Bala Çaylı) kəndində anadan olmuşdur. 1976-cı ildə Kommuna kənd 8 illik orta məktəbin birinci sinfinə  daxil olmuş, 1984-cü ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1984-1986 Çaylı kənd 1 nömrəli tam orta məktəbin onuncu sinfini bitirmişdir. Daha sonra SSRİ silahlı qüvvələrinə çağırılmış və 2 il hərbi xidmətdə olmuşdur. 1991-ci ildə könüllü olaraq Milli Orduya getmiş, kəşfiyyat dəstəsində xidmət etmişdir. Mirzəliyev Zülfüqar Bəkir oğlu 6 yanvar 1993-cü ildə Ağstafa rayonunda Qələmçədə gedən döyüşlərdə şəhid olmuşdur. Zülfüqar Mirzəliyev Çaylı kənd Şəhidlər xiyabanında dəfn edilmiş və adını əbədiləşdirmək üçün Bala Çaylı kəndində büstü qoyulmuş, adına bulaq çəkilmişdir.

Süleymanov Şahin Novruz oğlu


Süleymanov Şahin Novruz oğlu 9 avqust 1973-cü ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1980-ci ildə Məzəm kənd ibtidai məktəbinin birinci sinfinə daxil olmuşdur. 1991-ci ildə Alpout kənd tam orta məktəbini bitirmiş və ordu sıralarına çağırılmışdır. Süleymanov Şahin Novruz oğlu 8 iyun 1992-ci ildə Odun dağı yüksəkliyində düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Subay idi.

Mahmudov Zahid Alı oğlu


Mahmudov Zahid Alı oğlu 28 may 1955-ci ilde Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1962-ci ildə Yuxarı Salahlı kənd tam orta məktəbinə daxil olmuş, 1972-ci ildə Bakı Rabitə Texnikomuna daxil olmuşdur. 1976-cı ildə həmin texnikomu bitirmişdir. 1973-cü ildə sovet ordusu sıralarına hərbi xidmətə getmiş, 1974-cü ildə ordudan tərxis olunmuşdur. 1976-cı ildən Rabitə Nazirliyində texniki işçi kimi işləmişdir. 1992-ci ildən DİN-nin DQ-nın N saylı hərbi hissəsində hərbi xidmətə qəbul olunmuş və müxtəlif döyüş bölgələrində xidmət etmişdir. 1992-ci il avqust ayının 6-da Tərtər-Ağdərə istiqamətində döyüş bölgəsinə ezam olunmuşdur. Avqust ayının 9-da isə həmin bölgədə mərmi atəşi ilə ağır yaralanaraq şəhid olmuşdur. Yuxarı Salahlı kənd qəbiristanlığında dəfn olunmuşdur. 12 mart 2009-cu ildə 204 saylı sərəncamla "Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur. Yuxarı Salahlı kənd tam orta məktəbi şəhid Zahid Mahmudovun adını daşıyır. Həyat yoldaşı Gültəkin Mahmudova Bakı şəhəri 212 saylı məktəbdə xarici dil müəllimi işləyir. İki övladı var. Oğlu Anar Mahmudov DİN-nin DQ-nın N saylı hərbi hissəsində zabit işləyir. Digər oğlu Zaur Mahmudov ali təhsilli iqtisadçı, iş adamıdır.

Süleymanov Vüqar Şükür oğlu


Süleymanov Vüqar Şükür oğlu 9 avqust 1976-cı ildə Qazax şəhərində anadan olmuşdur. 1983-cü ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbə daxil olmuşdur. Məktəbi bitirməyinə 1 il qalmış 11 avqust 1992-ci ildə Qazax şəhəri erməni silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutularkən yaşadığı Əhməd Seyidov küçəsi 39 ünvanında şəhid olmuşdur. 


Geri qayıt