Əsas Səhifə > Şəhidlər > Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimizdir

Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimizdir


19-07-2020, 14:17

Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------


Zaman ötür, fəsillər bir-birini əvəz edir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Yaddaşımıza bir çox tarixi hadisələr yazılır. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə zaman, tarixi hadisələr var ki, heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə həmin tarixi gün daha çox xatırlanır, insanların yolunu işıqlı bir zirvəyə doğru aparır. Bu zirvə ən ali müqəddəs və şərəfli olan şəhidlik zirvəsidir. Çünki şəhidlər uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlardır. Qəlblərində Allaha, Vətənə, millətə olan böyük sevgi igid oğul və qızlarımızı uca bir mərtəbəyə - şəhidlik zirvəsinə yüksəldir. Hər döyüş, hər qazanılan qələbə öz əks-sədası ilə dillərə dastan olur. İgid, mərd oğullarımızın qəhrəmanlıqları, göstərdikləri şücaət bu günümüzün, sabahımızın gələcəyi olan gənclər üçün əsl vətənpərvərlik məktəbi olur. Gələcək nəsil yaxşı bilməlidir ki, şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir.

Bəli, torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlik adlı müqəddəs amal uğrunda döyüşə atılan qeyrətli Qazax övladları da çoxdur. Bu rayon da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 288 şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən rayonunun Yuxarı Salahlı kənd sakini, 1984-cü il təvəllüdlü mayor Əhmədov Namiq Hajan oğlu qəhrəmancasına şəhid olaraq bir daha sübut etdi ki, Qazaxın igid, mərd oğulları hər zaman olub və bundan sonra da olacaq...  

Bu gün düşmənlə 168 km məsafədə sərhədi olan rayonun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kimi 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır.

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar belə kədər və qürur yerimiz olan həmin bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər.

Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günləri də yaddan çıxarılmır. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi artıq bir ənənəyə çevrilib. Bu həftə də ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Mühüd Orucovun Rəşad, Əliyevin, Nurlan Məmmədovun, Elmar Musayevin, Rizvan Qasımovun, Alı Eminovun, Vüqar Həsənovun, Dursun Allahverənovun, Çərkəz Həsənovun, Məhəmməd Qəhrəmanovun əziz xatirəsini yad edirik. 

Orucov Mühüd Qurban oğlu


Kapitan Orucov Mühüd Qurban oğlu 13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1999-2002-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseyi və 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirmişdir. 2006-2007-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Zabit ixtisas kursunu bitirərək Azərbaycan Respublikası Müdafiə Nazirinin qərarı ilə Kəşfiyyat Tağım Komandiri vəzifəsinə təyin olunmuşdur. Xidmətdə göstərdiyi uğurlara görə qısa müddətdə Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor Komandiri vəzifəsinə  yüksəlmişdir. Dəfələrlə Fəxri Fərmanlarla və 5 medalla təltif olunmuşdur. 2014-cü ildə Ali Baş Komandan İlham Əliyev tərəfindən xatirə saatı ilə mükafatlandırılmışdır. 2008, 2014, 2015-ci illərdə Türkiyə Respublikasında müxtəlif kursları müvəffəqiyyətlə bitirərək Sertifikatlar almışdır. Ailəli idi. Əkiz oğul övladı yadigar qalıb. 2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Tərtər-Goranboy istiqamətində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq "Şəhidlik” zirvəsinə  ucalmışdır. Aprelin 9-da doğulduğu Fərəhli kəndində böyük izdihamla dəfn olunmuşdur. Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə  RespublikaPrezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir. 2016-cı ildə Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilmişdir. Eyni zamanda, xatirəsini əbədiləşdirən daha bir bulaq Fərəhli kəndinin girişində tikilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi kapitan Mühüd Orucov, baş leytenant Elvin Namazov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist  Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Mühüdüm-şəhidim” adlı kitab yazılmışdır.

Əliyev Rəşad Vidadi oğlu

 

Əliyev Rəşad Vidadi oğlu 13 iyul 1967-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1973-cü ildə Çaylı kənd 2 nömrəli orta məktəbin birinci sinfinə daxil olmuş, 1981-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1981-1983-cü ildə Çaylı kənd 1 saylı tam orta məktəbin onuncu sinfini bitirmişdir. Əliyev Rəşad Vidadi oğlu 4 yanvar 1994-cu ildə Vətən uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Məmmədov Nurlan Rəhim oğlu

 

Məmmədov Nurlan Rəhim oğlu 15 may 1989-cu ildə Özbəkistan Respublikasında anadan olub. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. 2010-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində gizir rütbəsində xidmətə başlayıb. 2019-cu il iyul ayının 6-da Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidməti vəzifəsini yerinə yetirərkən hərbi hissədə tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış zamanı yaralanmışdır. 12 iyul 2019-cu ildə Məmmədov Nurlan Rəhim oğlu həkimlərin böyük səy göstərməsinə baxmayaraq aldığı yaradan dünyasını dəyişmişdir. İyulun 13-də Ağköynək kənd qəbiristanlığında torpağa tapşırılıb. Gizirimizin 1 qız və 1 oğul övladı yadigar qalıb.

Musayev Elmar Xəlil oğlu


Musayev Elmar Xəlil oğlu 18 may 1969-cu ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. Kəndlərindəki orta məktəbdə (1976-84) 8 illik təhsil almışdır. Sonra təhsilini Gəncə İnşaat Texnikumunda davam etdirmişdir. 1988-90-cı illərdə Moskva şəhərində hərbi xidməti borcunu yerinə yetirmişdir. Hərbi xidmətdən Vətənə döndükdən sonra 73 saylı tikinti idarəsində, Ağstafada atasının yanında işləməyə başlayır. Bir il işlədikdən sonra erməni işğalçılarının torpaqlarımıza təcavüzü Elmarı da narahat edir. O, 1991-ci ildə heç kəsə bildirmədən işini yarımçıq qoyaraq Qazax rayonunun sərhəd kəndlərindəki ən qaynar nöqtələrindən biri olan Aşağı Əskipara kəndinə yollanır. Elmar Xeyrımlı, Quşçu Ayrım və Ballıqaya ətrafında gedən döyüşlərdə igidliklər göstərir. 1992-ci il iyul ayının 14-də Ballıqaya yüksəkliyi uğrunda gedən kəskin döyüşlərdə şəhidlik zirvəsinə yüksəlir.

Qasımov Rizvan Eldar oğlu

 

Qasımov Rizvan Eldar oğlu 20 yanvar 1967-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 1974-82-ci illərdə Dəmirçilər kənd tam orta məktəbində təhsil almışdır. Təhsilini Texniki Peşə Məktəbində davam etdirmişdir. 1987-ci ildə sovetlər birliyində hərbi xidmətdə olmuşdur. Orada gizir rütbəsi almışdır. Ermənistan-Azərbaycan münaqişəsi zamanı Rizvan Milli Ordu sıralarına yazılmışdır. O, Qazax rayonunun sərhəd bölgələrində düşmənə qarşı cəsurluqla vuruşmuşdur. 1994-cü il iyul ayının 14-də yoldaşlarının dediyinə görə döyüş əmri ilə Ağstafaya gedərkən qəza nəticəsində həlak olmuşdur. Dəmirçilər kəndində adına şəhid bulağı tikilmişdir.

 Eminov Alı Məhəmməd oğlu

 

Eminov Alı Məhəmməd oğlu 15 iyul 1970-ci ildə Qazax rayonunun Əli Bayramlı (hazırkı Aslanbəyli) kəndində anadan olmuşdur. 1976-cı ildə Əli Bayramlı (hazırkı Aslanbəyli) kənd orta məktəbin birinci sinfinə getmiş, 1986-cı ildə həmin orta məktəbin onuncu sinfini bitirmişdir. 1993-cü ildə Qazax rayon hərbi komissarlığından Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 27 aprel 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndinin Ermənistan Respublikası ilə sərhədində minaya düşərək şəhid olmuşdur. Aslanbəyli  kənd qəbiristanlığında dəfn olunmuşdur.   

Həsənov Vüqar Eldar oğlu


Həsənov Vüqar Eldar oğlu 6 aprel 1984-cü ildə Qazax şəhərində anadan olmuşdur. 1991-ci ildə Qaratel Hacımahmudova adına ümumi orta məktəbə daxil olmuş, IX sinfi bitirdikdən sonra Xanlıqlar kəndində X-XI sinfi oxumuşdur. Eyni zamanda, Qazax şəhər Musiqi Məktəbini bitirmişdir. 2002-ci ilin aprel ayında hərbi xidmətə getmiş, həmin ilin iyul ayının 18-də Beyləqan rayonunda düşmənlə təmas xəttində torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid Qazax şəhər Şəhidlər xiyabanına dəfn edilmişdir.

Allahverənov Dursun Vəli oglu

 

Allahverənov Dursun Vəli oglu 18 iyul 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1955-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 1965-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1967-ci ildən 1969-cu ilə qədər keçmiş SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. 1988-1992-ci illərdə Aşağı Əskipara kəndi istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 21 mart 1992-ci ildə Aşağı Əskipara kəndi uğrunda gedən döyüşdə özü və oğlu Allahverənov İmran Dursun oğlu ilə birlikdə şəhid olmuşdur.  

Həsənov Çərkəz Muxtar oğlu

 

Şəhid Həsənov Çərkəz Muxtar oğlu 21 fevral 1966–cı ildə Qazax rayonunun Xanlıqlar kəndində zəhmətkeş ailəsində anadan olmuşdur. 1973-cü ildə Xanlıqlar kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1983-cü ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1984-1986-cı illərdə SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. 1990-cı ildə Qazax rayon Polis Şöbəsində polis nəfəri kimi iş fəaliyyətinə başlamışdır. 18 iyul 1992-ci ildə Sərsəng su anbarı ətrafında gedən döyüşlərdə itkin düşmüşdür. Gəncə şəhər Kəpəz rayon məhkəməsinin qərarı ilə ölmüş hesab edilmişdir. Evlidir. 2 övladı var. Ailəsi Gəncə şəhərində qeydiyyatdadır. Dövlət tərəfindən ailəsi evlə təmin olunmuşdur.

Qəhrəmanov Məhəmməd Maksim oğlu

 

\Qəhrəmanov Məhəmməd Maksim oğlu 3 sentyabr 1966-cı ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1972-ci ildə Kəmərli kənd tam orta məktəbinin birinci sinifinə daxil olmuşdur. 1982-ci ildə məktəbi bitirmiş, 1983-cü ildə SSRİ-nin Xabarovski şəhərinə hərbi xidmətə yola salınmışdır. 1985-ci ildə hərbi xidmətdən təxris olunmuşdur. Hərbidən gəldikdən sonra kənddə müxtəlif işlərdə işləmişdir. 1991-ci ildə Azərbaycan Milli Ordusuna yola salınmışdır. 1993-cü ilin 18 iyulunda Kəmərli kəndində torpaqlarımız uğrunda gedən döyüşdə şəhid olmuşdur. Ailəli idi, bir qızı var.


Geri qayıt