Əsas Səhifə > Şəhidlər > Anadan igid doğulan Vətən oğullarını unutmağa haqqımız yoxdur
Anadan igid doğulan Vətən oğullarını unutmağa haqqımız yoxdur28-06-2020, 10:09 |
Şəhidlərimizi tanıyaq və tanıdaq----------------------------
Vətənpərvərliyin ən ali məqamıdır - şəhid olmaq, bu uca zirvəyə yüksəlmək. Tarix boyu Azərbaycanın igid, mərd, vətənsevər oğul və qızları məhz bu amal uğrunda yaşayıblar. Ölümün gözünə dik baxaraq Vətən, torpaq, yurd yolunda canlarından keçiblər. Bu ucalığa yüksələnlərin, bu ömür yolunu seçənlərin həyatı nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Ona görə də bizlərin haqqı çatmır ki, anadan igid doğulan Vətən oğullarını unudaq. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalanları unutsaq bu torpağın havası, suyu belə bizlərə haram olar. Canları, qanları bahasına bizlərə miras qoyduqları Vətən torpağına sahib çıxdığımız kimi, onları da daim qəlbimizdə yaşatmalı, gələcək nəsillərə tanıtmalıyıq. Bu, hər kəsin vətəndaşlıq borcu olmalıdır. Şəhidlik adlı müqəddəs amal uğrunda döyüşə atılan qeyrətli Qazax övladları da çoxdur. Bu rayon da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan rayonun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kimi 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur. Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür ziyarətlərin böyük rolu vardır. Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayır. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənəyə çevrilib. Bu həftə də ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Rəşad Quluyevin, Alı Alıyevin, Şəmisdan Əmiraslanovun, Vidadi Göşşüyevin, Həmid Tağıyevin, Səlamət Həsənovun, Söhrab Pirvəliyevin, Mehman Cürənovun, Səməd Hacıyevin əziz xatirəsini yad edirik. Quluyev Rəşad Şəhraz oğlu
Quluyev Rəşad Şəhraz oğlu 27 noyabr 1983-cü ildə Qazax rayonunun Bala Cəfərli kəndində anadan olmuşdur. 1990-cı ildə Bala Cəfərli kənd ibtidai məktəbin birinci sinfinə daxil olmuş, 1994-сü ildə həmin məktəbin dördüncü sinfini bitirmişdir. 1994-cü ildə Xanlıqlar kənd əsas məktəbin beşinci sinfinə daxil olmuş və 1999-cu ildə həmin məktəbin doqquzuncu sinfini bitirmişdir. 25 iyun 1999-cu ildə Bala Cəfərli kəndində ot sahəsindən araba ilə ot gətirərkən ermənilər tərəfindən qoyulmuş minaya düşmüşdür. Alıyev Alı Hümbət oğlu
Alıyev Alı Hümbət oğlu 20 avqust 1959-cu ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1966-cı ildə Aşağı Əskipara kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 1976-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1977-ci ildən 1979-cu ilə qədər keçmiş SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. Orta təhsillidir. 1988-1992-ci illərdə Aşağı Əskipara kəndi istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 26 iyun 1992-ci ildə Aşağı Əskipara kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. Əmiraslanov Şəmisdan Əmiraslan oğlu
Əmiraslanov Şəmisdan Əmiraslan oğlu 25 dekabr 1964-cü ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1972-ci ildə Aşağı Əskipara kənd orta məktəbinin birinci sinfinə getmiş, 1982-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Əmiraslanov Şəmisdan Əmiraslan oğlu 26 iyun 1992-ci ildə şəhid olmuşdur. Göşşüyev Vidadi Mürsəl oğlu
Göşşüyev Vidadi Mürsəl oğlu 17 aprel 1966-cı ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1972-ci ildə Çaylı kənd 1 nömrəli orta məktəbin birinci sinfinə daxil olmuş, 1982-ci ildə həmin orta məktəbi bitirmişdir. SSRİ silahlı qüvvələrində hərbi xidmət etmişdir. 1991-ci ildə könüllü dəstəyə yazılmış, tank sürücüsü olmuşdur. Göşşüyev Vidadi Mürsəl oğlu 26 iyun 1992-ci ildə "Satılmış” adlanan ərazi ətrafında gedən döyüşlərdə tankı minaya düşmüş və qəhrəmancasına şəhid olmuşdur. Adını əbədləşdirmək məqsədilə Çaylı kəndində 1 saylı tam orta məktəbə və bir bulağa onun adı verilmişdir. Tağıyev Həmid Bəhmən oğlu
Tağıyev Həmid Bəhmən oğlu 13 may 1973-cü ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1980-ci ildə Çaylı kənd 2 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1990-cı ildə həmin orta məktəbi bitirmişdir. SSRİ silahlı qüvvələrində hərbi xidmət etmişdir. Könüllü olaraq Milli Orduya yazılmışdır. Tağıyev Həmid Bəhmən oğlu 27 iyun 1992-ci ildə Qızılhacılı kəndi yaxınlığında gedən döyüşlərdə şəhid olmuşdur. Adını əbədiləşdirmək məqsədilə evlərinin yaxınlığındakı bir bulağa onun adı verilmişdir. Həsənov Səlamət Muxtar oğlu
Həsənov Səlamət Muxtar oğlu 22 may 1962-ci ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 1969-cu ildə Bala Çaylı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1977-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1977-1979-cu illərdə Çaylı kənd 1 nömrəli tam orta məktəbin onuncu sinfini bitirmişdir. SSRİ silahlı qüvvələrində hərbi xidmət keçmişdir. Könüllü olaraq Milli Orduya yazılmışdır. Həsənov Səlamət Muxtar oğlu 27 iyun 1992-ci ildə Qızılhacılı kəndi yaxınlığında gedən döyüşlərdə şəhid olmuşdur. Ailəliydi. 4 övladı var. Adını əbədiləşdirmək məqsədilə oxuduğu Bala Çaylı kənd tam orta məktəbə və bir bulağa şəhid Həsənov Səlamət Muxtar oğlunun adı verilmişdir. Pirvəliyev Söhrab Aslan oğlu
Pirvəliyev Söhrab Aslan oğlu 11 fevral 1975-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1982-ci ildə Quşçu Ayrım kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1993-cü ildə həmin məktəbi bitirmişdir. 26 iyun 1995-ci ildə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində şəhid olmuşdur. Subay idi. Cürənov Mehman Məcid oğlu
Cürənov Mehman Məcid oğlu 10 aprel 1966-cı ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1984-1986-cı illərdə keçmiş sovetlər birliyində hərbi xidmətdə olmuşdur. 27 iyun 1992-ci ildə Qızılhacılı kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Hacıyev Səməd Məmməd oğlu
Hacıyev Səməd Məmməd oğlu 28 iyun 1972-ci ildə Qazax rayonunun Orta Salahlı kəndində anadan olmuşdur. 1980-ci ildə Orta Salahlı kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1990-cı ildə həqiqi hərbi xidmətə getmişdir. Baş çavuş Səməd Hacıyev 13 aprel 1993-cü ildə Ağdam rayonunun Xocavənd kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 1994-cü il mart ayının 1-dən Orta Salahlı kənd tam orta məktəbi şəhid Səməd Hacıyevin adını daşıyır. 1996-cı ildə dostu Qınnayev Nazim Camal oğlu tərəfindən xatirəsini əbədiləşdirən bulaq tikilib. Ötən il qardaşı Hacıyev Ramin Məmməd oğlu tərəfindən bulaqda yenidənqurma işləri aparılıb. Geri qayıt |