Əsas Səhifə > Şəhidlər > Vətənə xidmət yolunun şəhidlik zirvəsinə yüksələnlər unudulmamalıdır

Vətənə xidmət yolunun şəhidlik zirvəsinə yüksələnlər unudulmamalıdır


31-05-2020, 15:30

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------


Bütün yüksəkliklərdən ucada dayanan bir müqəddəs zirvə var ki, o Şəhidlik zirvəsidir. Bu zirvəyə isə müqəddəs amallar uğrunda vuruşan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli, qeyrətli oğullar yüksələ bilir. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar. Həmin igid oğullar şəhidliyin uca bir zirvə olmaqla bərabər, həm də bir məktəb olduğunu gələcək nəsillərə nümunə göstərirlər. Şəhidlik adlı zirvənin əlçatmaz olduğu qədər də qürurverici bir məqam olduğunu bir mesaj olaraq söyləyirlər. Doğma Vətən torpağını qoruyan, uğrunda canından, qanından keçən igid oğul və qızlarımızı yad etmək isə hər birimizin müqəddəs borcu olmalıdır. Eyni zamanda, onların keçdiyi döyüş yolunu, göstərdikləri qəhrəmanlıqları gələcək nəsillərə örnək göstərməliyik. Çünki şəhidlərimizin Vətənə olan sevgilərini örnək göstərməklə gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında bir addım atmış olarıq.

Şəhidlik adlı müqəddəs amal uğrunda döyüşə atılan qeyrətli Qazax övladları da çoxdur. Bu rayon da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan rayonun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kimi 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır.

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur.

Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür ziyarətlərin böyük rolu vardır.

Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayır.

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənəyə çevrilib. Bu həftə də ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Cabir Hüseynovu, Niyaz Əhmədovu, Zahid Mahmudovu, Məmmədkərim Cəfərovu, Akif Budaqovu, Əşrəf Axundovu yad edirik. 

Hüseynov Cabir Çərkəz oğlu


Hüseynov Cabir Çərkəz oğlu 1970-ci il may ayının 27-də Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1977-87-ci illərdə Ağköynək kənd tam orta məktəbini bitirmişdir. 1991-ci ildə könüllü olaraq Milli Ordu sıralarına yazılaraq Dəmirçilər, Köhnə Qışlaq kəndlərində döyüş yolları keçmişdir. 1993-cü il avqustun 14-də Köhnə Qışlaqda sərhəd bölgəsində artileriyanın arxasında olarkən güllə vurulması nəticəsində şəhid olmuşdur.

Əhmədov Niyaz Əkbər oğlu


Əhmədov Niyaz Əkbər oğlu 27 may 1959-cu ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1966-cı ildə Aşağı Əskipara kənd tam orta məktəbinin birinci sinfinə getmişdir. 1976-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsində ermənilərlə döyüşlərdə iştirak etmişdir. 28 noyabr 1991-ci ildə şəhid olmuşdur.

Mahmudov Zahid Alı oğlu


Mahmudov Zahid Alı oğlu 28 may 1955-ci ilde Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1962-ci ildə Yuxarı Salahlı kənd tam orta məktəbinə daxil olmuş, 1972-ci ildə Bakı Rabitə Texnikomuna daxil olmuşdur. 1976-cı ildə həmin texnikomu bitirmişdir. 1973-cü ildə Sovet Ordusu sıralarına hərbi xidmətə getmiş, 1974-cü ildə ordudan tərxis olunmuşdur. 1976-cı ildən Rabitə Nazirliyində texniki işçi kimi işləmişdir. 1992-ci ildən DİN-nin DQ-nın N saylı hərbi hissəsində hərbi xidmətə qəbul olunmuş və müxtəlif döyüş bölgələrində xidmət etmişdir. 1992-ci il avqust ayının 6-da Tərtər-Ağdərə istiqamətində döyüş bölgəsinə ezam olunmuşdur. Avqust ayının 9-da isə həmin bölgədə mərmi atəşi ilə ağır yaralanaraq şəhid olmuşdur. Yuxarı Salahlı kənd qəbiristanlığında dəfn olunmuşdur. 12 mart 2009-cu ildə 204 saylı sərəncamla "Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur. Yuxarı Salahlı kənd tam orta məktəbi şəhid Zahid Mahmudovun adını daşıyır. Həyat yoldaşı Gültəkin Mahmudova Bakı şəhəri 212 saylı məktəbdə xarici dil müəllimi işləyir. İki övladı var. Oğlu Anar Mahmudov DİN-nin DQ-nın N saylı hərbi hissəsində zabit işləyir. Digər oğlu Zaur Mahmudov ali təhsilli iqtisadçı, iş adamıdır.

Cəfərov Məmmədkərim Sosu oğlu


Cəfərov Məmmədkərim Sosu oğlu 5 oktyabr 1964-cü il Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1971-ci ildə Yuxarı Salahlı kənd tam orta məktəbin birinci sinfinə getmiş, 1981-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 28 may 1994-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində Babakər adlı postda qulluq edərkən minaya düşərək şəhid olmuşdur. Ailəli idi, bir övladı var.

Budaqov Akif Məmmədxan oğlu


Budaqov Akif Məmmədxan oğlu 2 yanvar 1955-ci ildə Ermənistanda anadan olmuşdur. 1988-ci ildə Ermənistandan deportasiya olunaraq Xanlıqlar kəndinə yerləşmişdir. 28 may 1993-cü ildə şəhid olmuşdur. Ailəlidir. 4 övladı var.

Axundov Əşrəf Bəhram oğlu


Axundov Əşrəf Bəhram oğlu 29 may 1964-cü ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 1971-ci ildə Bala Çaylı kənd orta məktəbin birinci sinfinə  daxil olmuş, 1979-cu ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1979-1981-ci illərdə Çaylı kənd 1 nömrəli tam orta məktəbin onuncu sinfini bitirmişdir. SSRİ silahlı qüvvələrində hərbi xidmət etmişdir. Hərbi xidmətdən gəldikdən sonra Qazax rayon Hərbi Komissarlığında gizir vəzifəsində çalışmışdır. Döyüşlərə könüllü getmiş və komandir vəzifəsində çalışmışdır. Axundov Əşrəf Bəhram oğlu 14 iyun 1994-cü ildə şəhid olmuşdur.


Geri qayıt