Əsas Səhifə > Şəhidlər > Şəhidlərimizi yad etmək hər birimizin vətəndaşlıq borcudur

Şəhidlərimizi yad etmək hər birimizin vətəndaşlıq borcudur


3-05-2020, 12:52

Şəhidlərimizi tanıyaq və tanıdaq-------------------------


Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Bu illər ərzində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. Qərinələr ötsə belə, nəsillər bir-birini əvəz etsə belə Vətən naminə, torpaqlarımızın ərazi bütövlüyü tam olsun deyə öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmur. Ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar. Uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edənlər hər zaman hörmətə layiqdirlər. "Şəhidlik” adlı zirvəyə adlarını şərəflə yazan, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan şəhidlərimizi yad etmək isə bizim ən ümdə vəzifəmizdir. Vətən oğul və qızlarının keçdikləri döyüş yolunu gənclərə çatdırmaq, onları gəncliyə nümunə göstərmək, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini yad etmək hər birimizin ən müqəddəs borcu olmalıdır. 

"Şəhidlik” adlı müqəddəs amal uğrunda döyüşə atılan qeyrətli Qazax övladları da çoxdur. Bu rayon da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan rayonun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara  Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kimi 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır.

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur.

Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür ziyarətlərin böyük rolu vardır.

Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayır.

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənəyə çevrilib. Bu həftə də ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – İsmayıl Musayevi,Alı Eminovu, Yaşar Hüseynovu, Göycə Eyvazovu, İmran Mancanovu, Vüqar Süleymanovu, Şərifə Talıbovanı, Nuridə Pirvəliyevanı, Arif Məsmalıyevi, Cavad Süleymanovu, Məhəmməd Bayramovu, Şakir Əsgərovu yad edirik. 

Musayev İsmayıl Ürfət oğlu

 

Musayev İsmayıl Ürfət oğlu 27 aprel 1973-cü ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 1979-cu ildə kənd məktəbinə getmiş və 1987-ci ildə səkkizinci sinfi bitirmişdir. 117 saylı texniki peşə məktəbində təhsilini davam etdirmişdir. 1992-ci ilin əvvəllərində hərbi komissarlığa müraciət etmiş İsmayıl Musayevi 707 saylı hərbi hissənin 1-ci taborunda xidmət etməyə göndərmişlər. Bir ay təlim keçdikdən sonra İsmayıl Bala Cəfərli, Cəfərli və Ballıqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə iştirak etmiş, öz qorxmazlığı ilə yoldaşlarına nümunə olmuşdur. Lakin belə igid bir döyüşçünün döyüş yolu çox qısa olmuşdur. O, 1992-ci il iyul ayının 20-də Ballıqaya yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına vuruşmuş və 19 yaşında şəhidlik zirvəsinə ucalmışdır.

Eminov Alı Məhəmməd oğlu


Eminov Alı Məhəmməd oğlu 15 iyul 1970-ci ildə Qazax rayonunun Əli Bayramlı (hazırkı Aslanbəyli) kəndində anadan olmuşdur. 1976-cı ildə Əli Bayramlı (hazırkı Aslanbəyli) kənd orta məktəbin birinci sinfinə getmiş, 1986-cı ildə həmin orta məktəbin onuncu sinfini bitirmişdir. 1993-cü ildə Qazax rayon hərbi komissarlığından Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 27 aprel 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndinin Ermənistan Respublikası ilə sərhədində minaya düşərək şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.   

Hüseynov Yaşar Eldar oğlu

 

Hüseynov Yaşar Eldar oğlu 14 may 1966-cı ildə Qazax rayonunun Barxudarlı kəndində anadan olmuşdur. 28 aprel 1994-cü ildə Ağdərə rayonu ərazisində gedən döyüşlərdə  şəhid olmuşdur. 1994-cü ildən şəhid statusu verilib.

Eyvazov Göycə Bilal oğlu


Eyvazov Göycə Bilal oğlu 2 aprel 1965-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. Şəhid Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1983-cü ildə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. Eyvazov Göycə Bilal oğlu 29 aprel 1994-cü ildə Ağdam rayonunda gedən döyüşlərdə itkin düşmüşdür.

Mancanov İmran Kərəm oğlu


Mancanov İmran Kərəm oğlu 3 may 1961-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. Şəhid Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1981-1983-cü illərdə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. Mancanov İmran Kərəm oğlu 30 aprel 1994-cü ildə Tərtər rayonunda gedən döyüşlərdə şəhid olmuşdur. Bu həyatda qəribə taleyi olan insanlardan biri də Mancanov İmran Kərəm oğlu idi. O, dünyaya gəldiyi gün – may ayının 3-də Daş Salahlı kənd Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Süleymanov Vüqar İdris oğlu


Süleymanov Vüqar İdris oğlu 30 aprel 1971-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft Akademiyasına daxil olmuşdur. 1994-cü ildə Neft Akademiyasının ll kursunu yarımçıq qoyaraq Qarabağa döyüşə getmişdir. 13 yanvar 1994-cü ildə Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi.

Talıbova Şərifə Qəfər qızı


Talıbova Şərifə Qəfər qızı 15 sentyabr 1963-cü ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1970-ci ildə Quşçu Ayrım kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1980-ci ildə həmin məktəbi bitirmişdir. Talıbova Şərifə Qəfər qızı 1 may 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən Quşçu Ayrım kəndinə atılan top  mərmisinin qəlpəsindən şəhid olmuşdur. Ailəli idi. 2 övladı var.

Pirvəliyeva Nuridə Cəlal qızı


Pirvəliyeva Nuridə Cəlal qızı 26 avqust 1987-ci ildə Quşçu Ayrım kəndində anadan olmuşdur. 1 may 1993-cü ildə ermənilərin Quşçu Ayrım kəndinə atdığı top mərmisinin qəlpəsindən şəhid olmuşdur.

Məsmalıyev Arif Rəhim oğlu


Məsmalıyev Arif Rəhim oğlu 2 may 1971-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1978-ci ildə Çaylı kənd 1 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. 825-ci Hərbi Hissənin II batalyonunda Vətən uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Məsmalıyev Arif Rəhim oğlu 19 yanvar 1994-cü ildə Lələkənd ətrafı ərazilərdə gedən döyüşlərdə şəhid olmuşdur.

Süleymanov Cavad Musa oğlu


Süleymanov Cavad Musa oğlu 1932-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Uzun müddət sovxozda çoban işləmişdir. 1993-cü ilin may ayının 3-də ermənilərlə sərhəd olan ərazidə düşmən tərəfindən odlu silahla qətlə yetirilmişdir.

Bayramov Məhəmməd Xəlil oğlu


Bayramov Məhəmməd Xəlil oğlu 3 may 1933-cü ildə Qazax rayonunun Əli Bayramlı (hazırki Aslanbəyli) kəndində anadan olmuşdur. Aslanbəyli kəndində yaşamışdır. 6 may 1998-ci ildə Qazax rayonunun Aslanbəyli kəndi ilə Ermənistan Respublikasının sərhədində çöl sahəsində ot biçərkən ermənilər tərəfindən atılan atəş nəticəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.

Əsgərov Şakir Əsgər oğlu


Əsgərov Şakir Əsgər oğlu 31 mart 1966-cı ildə Ermənistanın Respublikasının Noyanbryan rayonunun Ayrım qəsəbəsində anadan olmuşdur. 1973-1983-cü illərdə Noyanbryan rayonunun Aşağı Körpülü kənd orta məktəbinində təhsil almışdır. 1984-1986-cı illərdə SSRİ-də Moskva şəhərində hərbi xidmətdə olmuşdur. 3 may 1993-cü ildə ermənilər tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur.


Geri qayıt