Əsas Səhifə > Şəhidlər > Şəhidlik zirvəsinə ucaldı

Şəhidlik zirvəsinə ucaldı


9-04-2017, 08:34
Şəhidlik zirvəsinə ucaldı
Fərəhli kəndinə üz tutdum. Kapitan Orucov Mühüd Qurban oğlunun ata yurduna. Fərəhli Qazaxın sərhəd kəndidir. Dağlar qoynunda yerləşən bu kəndin sinəsi daim düşmənə sipər olmuşdur. Nankor ermənilər müxtəlif illərdə dəfələrlə kəndi atəşə tutmuş, əhalisinə mənəvi və maddi ziyan vurmuşdur. Lakin fərəhlilər bir gün də olsa, öz yurd-yuvalarını tərk etməmiş, düşmən qarşısında mərd dayanmışlar. Elə bu səbəbdən də yerdən qalxan nəsil mərd, qorxmaz, cəsarətli, o cümlədən də düşmənə nifrət hissi ilə böyümüşlər. Mühüd Orucov da belə nəslin içində böyüyüb boya-başa çatmışdı. Kimin ağlına gələrdi ki, Vətənə olan sevgisi illər sonra onu qəhrəmana çevirəcəkdir. Haqqında dastanlar yazılacaq bir qəhrəmana. Əslində mən də Mühüd Orucovu doğmalarının, dostlarının onun haqqında söylədikləri və mənim bilmədiyim xatirələri öyrənmək üçün yola çıxmışdım.

Mən Fərəhlinin təbiət mənzərəsini seyr edərək yol getdim. Torpaq yamyaşıl örpəyə bürünmüşdü. Lakin bu gözəllik özünü əks etdirmirdi. Ara-sıra bu yaşıllıq arasında görünən sarı, qırmızı çiçəklər də boynunu bükmüşdü. Göyəzən dağının da başı dumanlı idi. Qürurlu dayansa da, sanki nəmli gözlərini gizlədirdi. Təbiət də elə bil öz şəhidinə yas tuturdu.

Mənə Mühüdün ata ocağını tapmaq elə də çətin olmadı. Üçrəngli Azərbaycan bayrağı dalğalanan evi asanlıqla tapdım. Çox keçmədi ki, başıma onun doğmaları, yaxınları toplaşdı. Sanki yolumu gözləyirdilər. Hamı onun haqqında olan xoş xatirələrini danışmaq istəyirdi. Birinci anası Sima xanım söz açdı:

- Mühüd ailəmizin ikinci uşağıdır. Lap körpəlikdən hərbi paltarda əsgər görəndə deyirdi ki, ana mən hərbiçi olacam. Səkkizinci sinifdən sonra bu istəklə də C.Naxçıvanski adına Məktəb Liseyə daxil oldu. Sonra təhsilini davam etdirərək ali hərbi məktəbə üz tutdu. Elə burada əsl hərbiçi kimi yetişdi. Orada serjant rütbəsini də aldı. Sonra onu Cəlilabada göndərdilər. Buradan o, öz xahişi ilə Türkiyədəki Komondos Hərbi Təlim Məktəbinə getdi. Həmin məktəbi yüksək səviyyədə bitirdi. Orada keçirilən çətin təlimlərdə fəallıq göstərmişdi. Təlimdən sonra Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan hərbiçilərlə görüşmüşdü. Mühüdə xüsusi diqqət yetirərək qucaqlayıb bağrına basmış, “Aslan gibisin” demişdi. Onu da qeyd edim ki, Mühüd Komondos məktəbində təhsil alan ilk qazaxlıdır. O, bir çox kurslarda olub, həmin kursları müvəffəqiyyətlə başa vuraraq Fəxri Fərmanlar, Diplomlar, mükafatlar alıb. Onun qiymətli mükafatı isə Ağdamda gedən əməliyyatlar zamanı göstərdiyi şücaətə görə aldığı qızıl qol saatıdır. Bu hədiyyəni Prezident İlham Əliyev şəxsən özü təqdim etmişdi Mühüdə. Ona görə də bu, onun üçün çox qiymətli idi.

- Atası Qurban Orucov isə oğlu haqqında çox az danışdı: Ona atamın adını qoymuşdum - Mühüd. Bilməzdim ki, o, atamın adını belə yüksəklərə qaldırıb şəhidlik zirvəsinə ucalacaq - deyərək kövrəldi. Söhbət zamanı şəhid atası ölkə Prezidentinə, Müdafiə Nazirliyinə, eləcə də rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova ailəsi adından öz minnətdarlığını bildirdi. Sağ olsunlar, - dedi. Bizə hər cür dəstək göstərirlər. Oğlum Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “İgidliyə görə” medalı təltif olunub. Rayon rəhbərliyi də hər zaman bizimlə maraqlanır, daim diqqət və qayğı göstərir. Bu gün şəhərin mərkəzində oğlumun xatirəsini əbədiləşdirən bulaq abidə kompleksi tikilib.

- Həyat yoldaşı Qumru Orucova isə belə danışdı:

Mühüd aramızda 1 ildir ki, yoxdur. Bu bir ildə evimizin nə soyuq divarları isindi, nə də işıqları gur yandı. Bizim üçün nə bayram oldu, nə bahar gəldi. Gözümüz Mühüdün yollarında qaldı. Mühüdün yoxluğuna hələ də inanmırıq. Nə mən, nə oğlanları, nə də qohumları...

O, çox qorxmaz və cəsur idi. Evdə işi haqqında heç nə danışmazdı. Yalnız kəşfiyyatdan qayıtdıqda dostları ilə söhbətlərində ara-sıra nəsə eşidirdim. Döyüşlərdə hər zaman öndə gedib, hamıdan axırda gələrmiş. Ağdamda olan əməliyyat zamanı da onun sağ qalmasına hamı təəccüb edirdi. Deyirdilər ki, sən o odun, alovun içərisindən necə sağ çıxmısan? O, düşmənin bir çox texnikasını məhv etmiş, canını almışdı. O, həmişə döyüş yoldaşlarına kömək etmiş, yaralıları, həlak olanları canı bahasına xilas etmişdi. Ona görə də həmişə ilk bu atılardı döyüşlərdə düşmən önünə. Son döyüşdə də yaralı əsgərlər vəziyyətin gərgin olduğunu görüb ondan xahiş ediblər ki, komandir getmə, qayıtma geri. O, isə cavabında “Sizin qisasınızı almağa gedirəm”, - deyib. Elə bu onun son gedişi olub. Bir daha geri qayıtmayıb.

Evdə az-az olurdu. Qonşuluqda qohumları yaşayırdı. Gələndə mütləq onlara baş çəkirdi. Mən istəyirdim ki, o, evdə uşaqlarının yanında daha çox qalsın. Ona deyirdim: Bizə də vaxt saxla. O, da cavabında: Darıxma sizə də vaxt qalacaq deyirdi. Sən demə qohumu evinə getməkdə o, bizi tapşırırmış. “Ailəmdən muğayat olun” deyirmiş.

Axrıncı dəfə işdən gələndə dedi ki, tapşırıq almışıq. Sabah əraziyə çıxmalıyıq. Mən bunu o qədər də ciddi qəbul etmədim, Düşündüm ki, həmişə olduğu kimi bir tapşırıqdır. Tezdən saat 05:00 olardı. O, həmişə işə bu saatlarda gedirdi. Həmin vaxt uşaqlar yatmış olurdu. Lakin bu gün nədənsə onlar da tez oyanmışdı. Dedim gəlin atanızla görüşün. Onlar Mühüdün boynuna sarıldılar. Uşaqları sinəsinə sıxdı, oxşadı, əzizlədi. Uşaqlar arxasınca “Ata, özünü qoru” dedilər. Bu, bizim onunla son görüşümüz oldu.

Bəli, bu gün Mühüdün evində iki əkiz oğul övladı böyüyür: Vüqar və Anar. Ataları canını Vətənə fəda verərək özünə əbədi ad qazandı.

Xuraman ƏZİMOVA

Geri qayıt