Əsas Səhifə > Şəhidlər > Tarixə adlarını qanları ilə yazan Şəhidlər heç vaxt unudulmur

Tarixə adlarını qanları ilə yazan Şəhidlər heç vaxt unudulmur


8-03-2020, 11:34

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------


Vətənpərvərliyin ən ali məqamı - şəhidlikdir. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Biz bu dərdi, bu qəmi daim qəlbimizdə saxlayacağıq. Ancaq eyni zamanda şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün hər zaman örnək olub, bundan sonra da olacaq. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də şəhidlərimizin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını, respublikamızın müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq, vətənpərvərlik nümunələri göstərəcəklər. Zaman ötüb, fəsillər dəyişib, illər əsrlərə, əsrlər minilliklərə çevrilib tarixə dönsə də torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələnlərin ömür yolu bizim üçün ən böyük şərəf və qürur olacaqdır. Qərinələr ötsə belə, nəsillər bir-birini əvəz etsə belə öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmur. Vətən uğrunda gözünü qırpmadan, ölümün gözünə dik baxan oğul və qızlarımızı yad etmək, xatirəsini əziz tutmaq isə hər birimizin ən müqəddəs borcudur.

Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alan Qazaxda igid oğul və qızlarımızın xatirəsi hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur.
Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür ziyarətlərin böyük rolu vardır.

Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayır.

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənəyə çevrilib. Bu həftə də ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Süleyman Süleymanovu, Vasif Haqverdiyevi, Elnarə Rəhimovanı, Natiq Qənbərovu, Hafiz Abdullayevi, Eldəniz Hacıyevi, Vahid Osmanovu, Rizvan Məmmədovu, Tahir Fərzəliyevi, Rəsul Mirzəliyevi, Mərdan Nuruyevi yad edirik. 

Süleymanov Süleyman Elçin oğlu


Süleymanov Süleyman Elçin oğlu 11 noyabr 1997-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə şəhid Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2016-cı il yanvar ayının 26-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Ağdam rayonunda başlamışdır. 2017-ci il mart ayının 2-də Ağdamda ermənilərlə təmas xəttində ön cəbhədə hərbi xidmət vəzifəsini yerinə yetirərkən düşmən snayperi tərəfindən vurularaq şəhid olmuşdur. Martın 3-də şəhid Daş Salahlı kənd Şəhidlər xiyabanında dəfn olunmuşdur. Şəhidin adına doğulduğu Daş Salahlı kəndində Fidat Məmmədov küçəsində xatirəsinə bulaq abidə kompleksi tikilmişdir.

Haqverdiyev Vasif Mirzə oğlu

 

Haqverdiyev Vasif Mirzə oğlu 1971-ci il yanvar ayının 26-da Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1977-1988-ci illərdə Ş.Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1988-ci ildə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. 1993-cü ildə mart ayının 2-də Ağdərə rayonundakı Sərsəng su anbarı ətrafında gedən döyüşdə itkin düşmüşdür.

Rəhimova Elnarə Faiq qızı

 

Rəhimova Elnarə Faiq qızı 3 mart 1983-cü ildə Qazax rayonunun Bala Cəfərli kəndində anadan olmuşdur. 1989-cu ildə Bala Cəfərli kənd ibtidai məktəbin birinci sinfinə daxil olmuş, 1993-сü ildə Bala Cəfərli kənd ibtidai məktəbin dördüncü sinfini bitirmişdir. 1993-сü ildə Qazax şəhər internat məktəbə daxil olmuşdur. 2 yanvar 2000-ci ildə evlərində otaqda olarkən ermənilər tərəfindən snayper silahla vurulmuşdur.

Qənbərov Natiq Qənbər oğlu

 

Qənbərov Natiq Qənbər oğlu 4 mart 1975-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 8 illik təhsilini Dəmirçilər kənd tam orta məktəbində almışdır. Təhsilini 156 saylı Texniki Peşə Məktəbində davam etdirmişdir. 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılmış və 707 saylı hərbi hissədə xidmətə başlamışdır. Sonra xidmətini 702 saylı hərbi hissədə davam etdirmişdir. 30 yanvar 1994-cü ildə Füzuli rayonunun Əbdürrəhmanlı kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Dəmirçilər kənd sənətkarlıq evi şəhid Natiq Qənbərovun adını daşıyır.

Abdullayev Hafiz Məhəd oğlu

 

Abdullayev Hafiz Məhəd oğlu 1 yanvar 1984-cü ildə Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Sumqayıt şəhərində 16 nömrəli tam orta məktəbə daxil olub. 2001-ci ildə həmin məktəbi bitirib. 2001-2003-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. 2005-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində gizir rütbəsində xidmətə başlayıb. 2019-cu il mart ayının 4-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidməti vəzifəsini yerinə yetirərkən qar uçqununa düşərək itkin düşmüşdür. 12 aprel 2019-cu ildə Abdullayev Hafiz Məhəd oğlunun nəşi tapılaraq aidiyyəti üzrə təhvil verilib. 14 aprel 2019-cu ildə O, Yuxarı Salahlı kənd qəbiristanlığında torpağa tapşırılıb. Ailəli idi. 1 qız və 2 oğul övladı yadigar qalıb.

Hacıyev Eldəniz Nəsib oğlu


Hacıyev Eldəniz Nəsib oğlu 26 noyabr 1971-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 1977-ci ildə Valeh Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1987-1989-cu illərdə Ukraynanın "Çernobl” şəhərində xidmətdə olmuşdur. 1993-cü ildə ordu sıralarına getmişdir. 707 saylı hərbi hissədə xidmət etmişdir. 5 mart 1994-cü ildə Kəlbəcər istiqamətində Murov dağında gedən döyüşlərdə şəhid olmuşdur. Subay olub. Qardaşı Hacıyev Ceyhun Nəsib oğlu isə 1 fevral 1994-cü ildə Kəlbəcər istiqamətində Murov dağında şəhid olmuşdur.

Osmanov Vahid David oğlu

 

Osmanov Vahid David oğlu 16 oktyabr 1965–ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1973-1983-cü illərdə Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbində təhsil almışdır. 1983-1984-cü illərdə 156 saylı texniki peşə məktəbində təhsil almışdır. 1995-ci ilin mart ayının 5-də xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur. Ailəli idi. İki övladı var.

Məmmədov Rizvan Zəkəriyyə oğlu

 

Məmmədov Rizvan Zəkəriyyə oğlu 24 dekabr 1977-ci ildə Qazax rayonunun Əli Bayramlı (hazırki Aslanbəyli) kəndində anadan olmuşdur. 1984-cü ildə həmin kənddə orta məktəbin birinci sinfinə getmiş və səkkizinci sinfi bitirdikdən sonra məktəbdən çıxmışdır. 1995-ci ildə Qazax rayon hərbi komissarlığından Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 5 mart 1999-cu ildə Füzuli döyüş bölgəsində şəhid olmuşdur. 7 mart 1999-cu ildə Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.

Fərzəliyev Tahir Dursun oğlu


Fərzəliyev Tahir Dursun oğlu 20 avqust 1972–ci ildə Qazax rayonunun Hüseynbəyli kəndində anadan olmuşdur. 1979-cu ildə Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. 1989-cu ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1991-ci ildə Azərbaycan Ordusu sıralarına çağrlmışdır. 6 mart 1994-cü ildə Qazax rayonunun Fərəhli kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Mirzəliyev Rəsul Məmmədyar oğlu

Mirzəliyev Rəsul Məmmədyar oğlu 24 yanvar 1968-ci ildə Qazax rayonunun Alpout kəndində anadan olmuşdur. 1975-1985-ci illərdə bu gün adını daşıyan Alpout kənd tam orta məktəbində təhsil almşdır. 1986-1988-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. 1993-cü ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmişdir. 7 mart 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Hazırda Alpout kənd tam orta məktəbi Rəsul Mirzəliyevin adını daşıyır.

Nuruyev Mərdan Məmməd oğlu

 

Nuruyev Mərdan Məmməd oğlu 1 iyul 1970-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1977-ci ildə Yavər Mirzəyev adına Quşçu Ayrım kənd orta məktəbin birinci sinfinə daxil olmuş, 1988-ci ildə həmin məktəbi bitirərək sovet ordusu sıralarına çağırılmışdır. Mərdan Nuruyev daha sonra Milli Ordu sıralarında xidmət etmişdir. 8 mart 1992-ci ildə Məzəm kəndində düşmən tərəfin açdığı atəş nəticəsində şəhid olmuşdur.


Geri qayıt