Əsas Səhifə > Şəhidlər > Xocalı faciəsinin 28-ci ildönümü Qazaxda silsilə tədbirlərlə qeyd olunur
Xocalı faciəsinin 28-ci ildönümü Qazaxda silsilə tədbirlərlə qeyd olunur20-02-2020, 12:23 |
Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Bu soyqırım tarix boyu erməni qəsbkarları tərəfindən xalqımızın başına gətirilən ən ağır cinayət aktıdır. Xalqımızın yaddaşına qanla yazılan həmin faciədən bu gün 28 il ötür. İllər keçsə də Azərbaycan xalqı və dövləti bu faciəni heç vaxt unutmur və unutmayacaq da... Hər il olduğu kimi, bu il də respublikamızda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin müvafiq Sərəncamı ilə "Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib. Həmin Sərəncama əsasən Qazaxda da Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünə həsr olunmuş anım tədbirlərinə start verilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı”nın hazırlanması haqqında 13 fevral 2020-ci il tarixli Sərəncam imzalayıb. 9-21/18 nömrəli Sərəncama əsasən Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planına uyğun olaraq Xocalı soyqırımı qurbanlarının xatirəsi rayonda fəaliyyət göstərən idarə və təşkilatlarda, eləcə də təhsil, səhiyyə və mədəniyyət müəssisələrində anım tədbirləri ilə qeyd edilir. Bu gün növbəti anım tədbirləri Yeni Azərbaycan Partiyasının Qazax Rayon Təşkilatında, Qazax Melioservis İdarəsində, Qazax Elektrik Şəbəkəsində, Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət Sahəsində, "Qazax Avtovağzal” ASC-də, Kapital Bank ASC-nin Qazax filialında, Aqrar Səhmdar Kredit Təşkilatının Qazax filialında keçirilib. Bütün tədbirlərdə əvvəlcə Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edənlər xalqımızın başına gətirilən müsibətlərdən söz açıb, o qanlı günlərə bir daha nəzər yetiriblər. Bildirilib ki, Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. Bu faciə həm də əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürüdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərinə hücuma keçməsi, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeritməsi, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutulması düşmən xislətini açıq şəkildə nümayiş etdirir. Məhz bu müdhiş soyqırımı zamanı Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər. Çıxışlarda Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılmasından, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti tərəfindən bütün zəruri addımların atılmasından da danışılıb. Bu sahədə məqsədyönlü fəaliyyətin Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra geniş vüsət tapdığı, Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyi, fevralın 26-sının Xocalı Soyqırımı Günü elan edildiyi bildirilib. Qeyd olunub ki, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub, biliblər ki, ermənilər öz sərsəm ideyalarını həyata keçirmək naminə heç nədən, hətta uşaqları belə qətlə yetirməkdən çəkinmirlər. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qətlə yetirilməsinin "müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” olduğunu müəyyən edib. Bildirilib ki, bugünkü gənc nəsil də bu qətliamı unutmamalı və Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqda bütün səylərini səfərbər etməlidirlər.
GOYEZEN.AZ Geri qayıt |