Əsas Səhifə > Şəhidlər > Bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktı olan Xocalı faciəsindən 28 il ötür
Bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktı olan Xocalı faciəsindən 28 il ötür19-02-2020, 19:51 |
Xocalı faciəsi tarix boyu erməni qəsbkarları tərəfindən xalqımızın başına gətirilən ən dəhşətli soyqırımlardan və ağır cinayətlərdən biridir. Xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsindən bu gün 28 il ötsə belə Azərbaycan xalqı və dövləti bu faciəni heç vaxt unutmur və unutmayacaqdır. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin müvafiq Sərəncamı ilə "Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı”nın təsdiq edilməsi və respublikamızda silsilə tədbirlərin keçirilməsi də bunu bir daha sübut edir. Həmin Sərəncama əsasən ölkəmizin hər yerində olduğu kimi, Qazaxda da Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı”nın hazırlanması haqqında 13 fevral 2020-ci il tarixli Sərəncam imzalayıb. 9-21/18 nömrəli Sərəncama əsasən Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planına uyğun olaraq Xocalı soyqırımı qurbanlarının xatirəsi rayonda fəaliyyət göstərən idarə və təşkilatlarda, eləcə də təhsil, səhiyyə və mədəniyyət müəssisələrində anım tədbirləri ilə qeyd olunur. Bu gün Qazax Rayon Məşğulluq Mərkəzində, Suvarma Sistemləri İdarəsində, 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal sahəsində, Azərbaycan Beynəlxalq Bankın Qazax filialında anım tədbirləri keçirilib. Bütün tədbirlərdə əvvəlcə Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxışlarda xalqımızın başına gətirilən müsibətlərdən söz açılıb, o qanlı günlərə bir daha nəzər salınıb. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçmiş, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeritmiş, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar. Bu müdhiş soyqırımı zamanı Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər. Çıxışlarda Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti tərəfindən bütün zəruri addımların atıldığı da diqqətə çatdırılıb. Bu sahədə məqsədyönlü fəaliyyətə Ümummilli Lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıldığı, Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyi, fevralın 26-sının Xocalı Soyqırımı Günü elan edildiyi bildirilib. Qeyd olunub ki, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub, biliblər ki, ermənilər öz sərsəm ideyalarını həyata keçirmək naminə heç nədən, hətta uşaqları belə qətlə yetirməkdən çəkinmirlər. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qətlə yetirilməsinin "müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” olduğunu müəyyən edib. Bildirilib ki, bugünkü gənc nəsil bu qətliamı unutmamalı və Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqda bütün səylərini səfərbər etməlidirlər.
GOYEZEN.AZ Geri qayıt |