Xocalı faciəsi tarix boyu erməni qəsbkarları tərəfindən xalqımızın
başına gətirilən ən dəhşətli soyqırımlardan və ağır cinayətlərdən biridir. Xocalı soyqırımı iki yüz
ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı
etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. 1992-ci il fevralın
25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma
keçmiş, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq
normalarını pozaraq oraya zirehli texnika yeritmiş, şəhərin dinc əhalisinə
misli görünməmiş qəddarlıqla divan tutmuşlar. Bu
müdhiş soyqırımı zamanı Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış
şəhər sakinlərindən 613 nəfər, o cümlədən 106 qadın, 63
uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək
işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın
taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən
xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən
birini, 25 uşaq isə hər iki valideynini itirib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə
- azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz
qalıb və şikəst ediliblər.
Bu qanlı faciədən 28 il
ötsə belə Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və
unutmayacaqdır.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
Samir Nuriyevin müvafiq Sərəncamı ilə "Xocalı soyqırımının iyirmi səkkizinci
ildönümünün keçirilməsinə dair tədbirlər planı”nın təsdiq edilməsi də
bir daha sübut etdi.
Həmin
Sərəncama əsasən respublikamızın hər yerində olduğu kimi, Qazaxda
da Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünə həsr olunmuş silsilə
tədbirlər keçirilir.
Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Xocalı soyqırımının iyirmi səkkizinci
ildönümünün keçirilməsinə dair tədbirlər planı”nın hazırlanması haqqında 13 fevral
2020-ci il tarixli Sərəncam imzalayıb. 9-21/18 nömrəli Sərəncama əsasən Xocalı
soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər
planı hazırlanıb.
Həmin tədbirlər planına uyğun olaraq
rayonda fəaliyyət göstərən idarə və təşkilatlarda, eləcə də təhsil, səhiyyə və
mədəniyyət müəssisələrində anım tədbirlərinin qeyd olunmasına başlanılıb.
Bu gün Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində, Rayon Baytarlıq
İdarəsində, Statistika İdarəsində, Mənzil İstismar Sahəsində, Kommunal
Müəssisələr Kombinatında anım tədbirləri keçirilib.
Bütün tədbirlərdə əvvəlcə Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib. Sonra çıxışlarda xalqımızın başına gətirilən müsibətlərdən
söz açılıb, o qanlı günlərə bir daha nəzər salınıb. Xocalı haqqında həqiqətlərin
dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması
üçün Azərbaycan dövləti tərəfindən bütün zəruri addımların atıldığı diqqətə
çatdırılıb. Bu sahədə məqsədyönlü fəaliyyətə Ümummilli Lider Heydər Əliyev Azərbaycanda
siyasi hakimiyyətə qayıdandan sonra başlanıldığı, Ulu Öndərin təşəbbüsü ilə
Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyi, fevralın 26-sının Xocalı
Soyqırımı Günü elan edildiyi bildirilib. Qeyd olunub ki, 2008-ci ildə Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış
"Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da
fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində
aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin
bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd
olub, biliblər ki, ermənilər öz sərsəm ideyalarını həyata keçirmək naminə heç nədən,
hətta uşaqları belə qətlə yetirməkdən çəkinmirlər. Xocalı soyqırımının dünya
miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki,
İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya,
Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin
müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı
olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya,
Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik
orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.
Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının
azərbaycanlılardan ibarət mülki əhalisinin qətlə yetirilməsinin "müharibə cinayətləri
və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər”
olduğunu müəyyən edib. Bildirilib ki, bugünkü gənc nəsil bu qətliamı unutmamalı və Xocalı həqiqətlərini dünya ictimaiyyətinə
çatdırmaqda bütün səylərini səfərbər etməlidirlər.
GOYEZEN.AZ
Geri qayıt
|