Əsas Səhifə > Şəhidlər > Şəhidlərimizin qəhrəmanlığı, şərəfli ömür yolu gənclərimiz üçün hər zaman örnəkdir
Şəhidlərimizin qəhrəmanlığı, şərəfli ömür yolu gənclərimiz üçün hər zaman örnəkdir9-02-2020, 10:08 |
Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------
Şəhidlər! Azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, qüdrətli Azərbaycanın var olması üçün həmişə vətənpərvər olan, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan, Vətənini düşməndən azad etmək üçün ölümün gözünə dik baxan şəhidlər. Hər birinin ömür yolu, şücaəti gələcək nəsillərə örnək olan şəhidlər. Bu gün böyüməkdə olan gənc nəsil şəhidlərimizin həyat yoluna nəzər yetirən zaman bilməlidir ki, şəhidlik adlı zirvəyə gedən yol ancaq Vətəni, torpağı, milləti canından artıq sevməkdən keçir. Bu yolu gedənlər, şəhidlik adlı zirvəni fəth edənlər, adlarını Vətənimizin, dövlətimizin tarixinə qızıl hərflərlə yazanlar isə əbədi olaraq qəlblərdə yaşayırlar. Şəhidlərimizi, Milli Qəhrəmanlarımızı tanıtmaq, onların keçdiyi döyüş yolunu gənclərə çatdırmaq, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər birimizin ən müqəddəs borcu olmalıdır. Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alan Qazaxda igid oğul və qızlarımızın xatirəsi hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur. Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayır. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Rövşən Pənahovun, Ziyad Məmmədovun, Səhlədar Məhərrəmovun, Hafiz Adıgözəlovun, Firuddin Şamoyevin, Saqif Nəsirovun, Ürfət Bənnayevin, Xədicə Kazımovanın, Elşən Cəfərovun, Akif Bəbirovun, Adil Məmmədovun əziz xatirələrini yad edirik. Pənahov Rövşən Fərman oğlu
Pənahov Rövşən Fərman oğlu 3 fevral 1975-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1982-1993-cü illərdə Ş.Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1994-cü il yanvar ayının 26-da Füzuli rayonunun Aşağı Əbdürəhmanlı kəndində gedən döyüşlərdə şəhid olmuşdur. Məmmədov Ziyad Məhəmməd oğlu
Məmmədov Ziyad Məhəmməd oğlu 28 avqust 1965-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 1972-1980-ci illərdə Dəmirçilər kənd tam orta məktəbində 8 illik təhsil almış və sonra 156 saylı Texniki Peşə məktəbində təhsilini davam etdirmişdir. 1983-1985-ci illərdə Almaniya Demokratik Respublikasında hərbi borcunu yerinə yetirərək Vətənə, öz kəndinə qayıdaraq sovxozda traktorçu-maşinist işləmişdir. 1993-cü ildə erməni quldurlarının torpaqlarımıza etdiyi təzavüz zamanı Ziyad da Milli Ordu sıralarına səfərbər olmuşdur. N saylı hərbi hissədə xidmət etmişdir. O, Qazax rayonunun Xanlıqlar kəndinin üstündəki Vəlixan meşəsi və Böyük Cəfərli kəndinin "Qaraçal” yüksəkliyi uğrunda gedən döyüşlərdə iştirak etmiş və igidlik göstərmişdir. 1994-cü il fevral ayının 4-də "Vəlixan” meşəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Dəmirçilər kənd körpələr–evi uşaq bağçası şəhid Ziyad Məmmədovun adını daşıyır. Məhərrəmov Səhlədar Süleyman oğlu
Məhərrəmov Səhlədar Süleyman oğlu 13 may 1938-ci ildə Qazax rayonunun Barxudarlı kəndində anadan olmuşdur. 5 fevral 1990-cı ildə Sofulu kəndində sahədə qoyun otaran zaman erməni quldurları tərəfindən silahla vurlmuşdur. Ağır güllə yarasından vəfat etmişdir. 1997-ci ildən şəhid statusu verilmişdir. Adıgözəlov Hafiz Ramiz oğlu
Adıgözəlov Hafiz Ramiz oğlu 5 fevral 1990-cı ildə Qazax rayonunun Bağanıs Ayrım kəndində anadan olmuşdur. 24 mart 1990-cı ildə Bağanıs Ayrım kəndinə erməni işğalçılarının hücumu nəticəsində yandırılaraq həlak olmuşdur. Şamoyev Firuddin İsa oğlu
Şamoyev Firuddin İsa oğlu 1962-ci il fevral ayının 7-də Qazax şəhərində anadan olmuşdur. Orta təhsilini Qazax şəhərində almışdır. 1981-1983-cü illərdə Qazax rayon Hərbi Komissarlığının çağırışı ilə həqiqi hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra doğulduğu Qazax şəhərinə gələrək Təmir-Tikinti idarəsində çilingər kimi işə başlayır. Ermənilərin 1988-ci ildən başlanan əsassız ərazi iddiaları, onların törətdiyi qanlı cinayətlər, Vətənin bütün qeyrətli oğulları kimi Firuddini də hədsiz dərəcədə hiddətləndirirdi. Dağlıq Qarabağda, eləcə də digər sərhəd bölgələrimizdə axıdılan günahsız qanlar ara vermirdi. Kəndlərimiz talan edilir, əhali təlaş içində yaşayırdı. F.Şamoyev 1991-ci il iyulun 8-də könüllülərdən ibarət dəstəyə yazıldı. O, 707 saylı hərbi hissənin minaatan bölüyünün komandiri vəzifəsinə təyin olundu. Cəsur komandir Qazax rayonunun Bağanıs Ayrım, Məzəm, Quşçu Ayrım və digər kəndlərinin müdafiəsində dəfələrlə iştirak etmiş, düşmənin atəş nöqtələrinin məhv edilməsində rəşadət göstərmişdi. 13 aprel 1992-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndi ətrafında gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ailəli idi. Üç övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Şamoyev Firuddin İsa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Qazax şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir. Qazax şəhər 4 nömrəli tam orta məktəb və Qazax şəhərindəki küçələrdən biri onun adını daşıyır. Bundan əlavə, şəhərin girişində Milli Qəhrəmanın adını əbədiləşdirən bulaq-abidə kompleksi inşa olunmuşdur. Nəsirov Saqif Nəsir oğlu
Nəsirov Saqif Nəsir oğlu 25 mart 1973-cü ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olmuşdur. 1980-88-ci illərdə Ürkməzli kənd tam orta məktəbinin səkkizinci sinfini bitirmişdir. Təhsilini 117 saylı Texniki Peşə Məktəbində davam etdirmişdir. 1992-ci ildə hərbi xidmətə çağırılmış, Bakı şəhərində Daxili Qoşunlarda hərbi xidmətə başlamışdır. 7 fevral 1993-cü ildə Ağdərə uğrunda gedən amansız döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ürkməzli kənd tam orta məktəbi şəhid Saqif Nəsirovun adını daşıyır. Bənnayev Ürfət Yolçu oğlu
Bənnayev Ürfət Yolçu oğlu 15 dekabr 1974-cü ildə Qazax rayonunun Bala Çaylı (əvvəlki Kommuna) kəndində anadan olmuşdur. 1980-ci ildə Kommuna kənd orta məktəbin birinci sinfinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1988-1990-cı illərdə Çaylı kənd 1 nömrəli tam orta məktəbin onuncu sinfini bitirmişdir. 1991-ci ildə hərbi xidmətə getmişdir. Bənnayev Ürfət Yolçu oğlu 7 fevral 1993-cü ildə Ağdərədə gedən döyüşlərdə itkin düşmüşdür. Kazımova Xədicə İsmayıl qızı
Kazımova Xədicə İsmayıl qızı 22 iyul 1987-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 7 fevral 1993-cü ildə Kəmərli kəndində ermənilərin atdığı mərminin dəyməsi nəticəsində həlak olmuşdur. Cəfərov Elşən İdris oğlu
Cəfərov Elşən İdris oğlu 8 fevral 1971-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1977-ci il ildə Çaylı kənd 2 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1988-ci ildə həmin orta məktəbi bitirmişdir. 1989-1991-ci illərdə SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Cəfərov Elşən İdris oğlu 8 iyun 1992-ci ildə Quşçu Ayrım kəndi yaxınlığında gedən döyüşlərdə şəhid olmuşdur. Adını əbədiləşdirmək məqsədilə oxuduğu Çaylı kənd 2 nömrəli tam orta məktəbə və bir bulağa şəhid Elşən Cəfərovun adı verilmişdir. Bəbirov Akif Ələddin oğlu
Bəbirov Akif Ələddin oğlu 5 noyabr 1974-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1981-ci ildə Kəmərli kənd Xanbağı orta məktəbində birinci sinfə daxil olmuşdur. 1992-ci ildə məktəbi bitirib hərbi xidmətə yola düşmüşdür. 8 fevral 1993-cü ildə Ağdərədə gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 1993-cü il tarixli 389 saylı qərarı ilə Xanbağı kənd tam orta məktəb şəhid Akif Bəbirovun adını daşıyır. Məmmədov Adil Əhməd oğlu
Məmmədov Adil Əhməd oğlu 13 oktyabr 1975-ci ildə Qazax rayonunun Əli Bayramlı (hazırki Aslanbəyli) kəndində anadan olmuşdur. 1982-ci ildə (Əli Bayramlı kənd) hazırki Aslanbəyli kənd tam orta məktəbin birinci sinfinə getmiş, 1992-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1993-cü ildə Qazax rayon hərbi komissarlığı tərəfindən Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 9 fevral 1994-cü ildə Füzuli rayonunda döyüş bölgəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur. Geri qayıt |