Əsas Səhifə > Şəhidlər > Vətən uğrunda canlarından keçənlər heç vaxt unudulmur
Vətən uğrunda canlarından keçənlər heç vaxt unudulmur2-02-2020, 09:47 |
Şəhidlərimizi tanıyaq və tanıdaq-----------Şəhidlər – həmişə vətənpərvər olan, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan, Vətənini düşməndən azad etmək üçün ölümün gözünə dik baxan Azərbaycanın igid, cəsur oğul və qeyrətli qızları. Şəhidlik isə uca bir zirvə olmaqla bərabər, həm də bir məktəbdir. Elə bir məktəb ki, bizlər o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik. Hər dəfə şəhid məzarlarını ziyarət edərkən şəhidlik adlı zirvənin əlçatmaz olduğu qədər də qürurverici bir məqam olduğunu dərk edirik. Vətən naminə canlarını qurban verməkdən çəkinməyən, bu yolda öz qanları ilə adlarını şəhidlik adlı uca bir zirvəyə yazanlar isə hər zaman qəlblərdə yaşayırlar. Onların keçdiyi döyüş yolunu gənclərə çatdırmaq, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər bir Azərbaycan vətəndaşının ən müqəddəs borcu olmalıdır. Bizim üçün canlarını qurban etdiklərinə görə ömür boyu şəhidlərimizin ruhu qarşısında baş əyməliyik. Hər bir Azərbaycan vətəndaşı şəhidlərini, Milli Qəhrəmanlarını tanıtmaq uğrunda çalışmalı, şəhidlərimizin keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Onların keçdiyi döyüş yolunu gənclərə çatdırmaq, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər birimizin ən müqəddəs borcu olmalıdır. Bu gün düşmənlə 168 km
məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı,
Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7
kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin
atəşinə məruz qalır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər
şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alan Qazaxda
igid oğul və qızlarımızın xatirəsi hər zaman əziz tutulur. Şəhidlərimizə,
onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin
fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə
yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə
ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması,
yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin
mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası
da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə
görülən işlərin daha bir əyani sübutudur. Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayır. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Əmrah Vəliyevin, Mərfət Nəsibovun, Nizami Yusifovun, Nəsimi Hüseynovun, Natiq Qənbərovun, Hacı Dəryahquluyevin, Vüqar Nəbiyevin əziz xatirələrini yad edirik. Vəliyev Əmrah İsgəndər oğlu
Vəliyev Əmrah İsgəndər oğlu 27 yanvar 1971-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1978-ci ildə Quşçu Ayrım kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1988-ci ildə məktəbi bitirərək sovet ordusunda xidmət etmişdir. Vəliyev Əmrah İsgəndər oğlu 21 sentyabr 2001-ci ildə Quşçu Ayrım kəndi ərazisində odun gətirən zaman ermənilərin açdığı atəş nəticəsində şəhid olmuşdur. Nəsibov Mərfət Əhməd oğlu
Nəsibov Mərfət Əhməd oğlu 22 may 1972-ci ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. O, 1979-cu ildə Məzəm kənd ibtidai məktəbin birinci sinfinə getmiş, 1989-cu ildə isə Aşağı Əskipara kənd orta məktəbini bitirmişdir. 1990-cı ildə Qazax rayon Hərbi Komissarlığının göndərişi ilə sürücülük peşəsinə yiyələnmişdir. Elə həmin il həbi xidmətə çağırılmışdır. Sovet ordusu sıralarında bir il xidmət etdikdən sonra Vətənə qayıtmış və könüllü olaraq Milli Orduya yazılmışdır. M.Nəsibov ilk gündən torpaqlarımızın müdafiəsində fəal iştirak etmiş, şəxsi igidlik və fədakarlıq nümunəsi göstərmişdir. Mərfət Nəsibov torpağa, döyüş dostlarına çox sadiq bir gənc idi. O, həmişə öndə gedir, Qazax rayonunun Ermənistanla sərhəd kəndlərini cəsur bir əsgər kimi qoruyurdu. 1992-ci il yanvar ayının 28-i M.Nəsibov Qazax rayonunun Quşçu Ayrım kəndində gedən mövqe döyüşləri zamanı qəhrəmancasına şəhid oldu. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Nəsibov Mərfət Əhməd oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Qazax rayonunun Məzəm kəndində dəfn olunmuşdur. Qazax rayonundakı Heydər Əliyev adına parkda adına bulaq tikilmişdir. Bulaq 2017-ci ildə yenidən qurularaq yeni görkəmə salınmışdır. Qazax şəhərindəki küçələrdən biri onun adını daşıyır. Yusifov Nizami Göyüş oğlu
Yusifov Nizami Göyüş oğlu 28 yanvar 1967–ci ildə Qazax rayonunun Canalı kəndində anadan olmuşdur. 1974-cü ildə Canalı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1984-cü ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1994-cü ildə Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 23 sentyabr 1994-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində Babəkər ərazisində gedən döyüşlərdə şəhid olmuşdur. Hüseynov Nəsimi Sarı oğlu
Hüseynov Nəsimi Sarı oğlu 28 mart 1975-ci ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 1982-ci ildə Qarapapaq kənd əsas məktəbin birinci sinfinə daxil olmuşdur. 1987-ci ildə həmin məktəbin beşinci sinfinə kimi oxumuş, sonra təhsilini Saatlı rayonunun Cəfərxan qəsəbəsində davam etdirmişdir. 1993-cü ildə həmin məktəbin onbirinci sinfini bitirmişdir. 1993-cü ilin payız çağırışında Qazax Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdır. Ağdam rayonunda gedən döyüşlərdə iştirak etmişdir. 30 yanvar 1994-cü ildə Ağdərə rayonunun "Alobuz” yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. Qənbərov Natiq Qənbər oğlu
Qənbərov Natiq Qənbər oğlu 4 mart 1975-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 8 illik təhsilini Dəmirçilər kənd tam orta məktəbində almışdır. Təhsilini 156 saylı Texniki Peşə Məktəbində davam etdirmişdir. 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılmış və 707 saylı hərbi hissədə xidmətə başlamışdır. Sonra xidmətini 702 saylı hərbi hissədə davam etdirmişdir. 30 yanvar 1994-cü ildə Füzuli rayonunun Əbdürrəhmanlı kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Dəmirçilər kənd sənətkarlıq evi şəhid Natiq Qənbərovun adını daşıyır. Dəryahquluyev Hacı Həsən oğlu
Dəryahquluyev Hacı Həsən oğlu 1936-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Kəmərli kəndində yaşayaraq müxtəlif işlərdə fəhlə işləmişdir. 30 yanvar 1998-ci ildə mal-qara otararkən ermənilər tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Ailəliydi. Beş övladı var. Nəbiyev Vüqar Müzəffər oğlu
Nəbiyev Vüqar Müzəffər oğlu 1 avqust 1967-ci ildə Şəmkir rayonunun Sabirkənd kəndində anadan olmuşdur. 1974-cü ildə yaşadığı kənddə birinci sinifə daxil olmuşdur. 1984-cü ildə həmin orta məktəbi bitirmişdir. 1985-1987-ci illərdə sovet ordusunda hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndinə gələrək ailə həyatı qurmuşdur. 1991-ci ildə könüllü olaraq Milli Orduda xidmət etməyə başlamışdır. 2 fevral 1993-cü ildə döyüş zamanı itkin düşmüşdür. 2006-cı ildə Qazax rayon Məhkəməsinin qərarı ilə şəhid statusu almışdır. Ailəlidir və bir oğlu var. Geri qayıt |