Əsas Səhifə > Şəhidlər > Şəhidlərimiz bizim qürur mənbəyimizdir

Şəhidlərimiz bizim qürur mənbəyimizdir


26-01-2020, 13:23

Şəhidlərimizi tanıyaq və tanıdaq--------------------


Şəhidlik uca bir zirvə olmaqla bərabər, həm də bir məktəbdir. Elə bir məktəb ki, bizlər o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik. Hər dəfə şəhid məzarlarını ziyarət edərkən şəhidlik adlı zirvənin əlçatmaz olduğu qədər də qürurverici bir məqam olduğunu dərk edirik. Həyatda ən böyük xoşbəxtliyin də elə Vətən yolunda şəhid olmaq olduğunu anlayırıq. Lakin hər bir insana da şəhid olmaq, o əlçatmaz zirvəyə ucalmaq nəsib olmur… Bu gün bizim qürur mənbəyimizə çevrilən şəhidlərimizlə kiçik yaşlı uşaqlarımız, məktəblilərimiz, eləcə də bütövlükdə Azərbaycan fəxr edir. Bu gün hər bir vətəndaş "Bu Vətən bizimdir!”, - deyib canından keçən igid və mərd oğullarını yaxından tanımalı, onların əziz xatirələrini yad etməlidir. Çünki Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ömür yolu hər zaman gənclərimizə örnək olmalıdır. Hər bir Azərbaycan vətəndaşı şəhidlərini, Milli Qəhrəmanlarını tanıtmaq uğrunda çalışmalı, şəhidlərimizin keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Onların keçdiyi döyüş yolunu gənclərə çatdırmaq, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər birimizin ən müqəddəs borcu olmalıdır. 

Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara  Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alan Qazaxda igid oğul və qızlarımızın xatirəsi hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur.
Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür ziyarətlərin böyük rolu vardır.

Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayır.

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Rizvan Qasımovun, Ramin Əliquluyevin, Kamal  Kazımovun,Elman Musayevin, Rəsul Mirzəliyevin, Ayaz Mehtiyevin, Rövşən Pənahovun, Vasif Haqverdiyevin əziz xatirələrini yad edirik.

Qasımov Rizvan Eldar oğlu

 

Qasımov Rizvan Eldar oğlu 20 yanvar 1967-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 1974-82-ci illərdə Dəmirçilər kənd tam orta məktəbində təhsil almışdır. Təhsilini Texniki Peşə Məktəbində davam etdirmişdir. 1987-ci ildə sovetlər birliyində hərbi xidmətdə olmuşdur. Orada gizir rütbəsi almışdır. Ermənistan-Azərbaycan münaqişəsi zamanı Rizvan Milli Ordu sıralarına yazılmışdır. O, Qazax rayonunun sərhəd bölgələrində düşmənə qarşı cəsurluqla vuruşmuşdur. 1994-cü il iyul ayının 14-də yoldaşlarının dediyinə görə döyüş əmri ilə Ağstafaya gedərkən qəza nəticəsində həlak olmuşdur. Dəmirçilər kəndində adına şəhid bulağı tikilmişdir.

Əliquluyev Ramin Eldar oğlu


Əliquluyev Ramin Eldar oğlu 10 oktyabr 1977-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. Xanlıqlar kənd tam orta məktəbini bitirmişdir. 1995-ci ildə hərbi xidmətə getmişdir. Qarabağ zonasında xidmət edib. 22 yanvar 1998-ci ildə  düşmən gülləsindən şəhid olmuşdur. Subay idi.

Kazımov Kamal Abdulla oğlu


Kazımov Kamal Abdulla oğlu 22 yanvar 1972-ci ildə Qazax rayonunun Əlibayramlı (hazırkı Aslanbəyli) kəndində anadan olmuşdur. 1979-cu ildə (Əlibayramlı kənd) hazırkı Aslanbəyli kənd orta məktəbin birinci sinfinə getmiş, 1989-cu ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1992-ci ildə Qazax rayon Hərbi Komissarlığı tərəfindən Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 5 yanvar 1993-cü ildə Laçın döyüş  bölgəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.

Musayev Elman İmran oğlu


Musayev Elman İmran oğlu 24 yanvar 1966-cı ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1973-cü ildə Cəfərli kənd əsas məktəbin birinci sinfinə daxil olmuş, 1981-сi ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1981-ci ildə Qazax rayon Peşə liseyinə daxil olmuş, 1984-cü ildə həmin liseyi bitirmişdir. 1984-1986-cı illərdə SSRİ silahlı qüvvələrində Almaniya Federatif Respublikasında hərbi xidmətdə olmuşdur. "Qazax Tinglik” sovxozunda sürücü işləmişdir. 1992-1995-ci illərdə Azərbaycan Respublikasının silahlı qüvvələrində xidmət etmişdir. 1 noyabr 2001-ci ildə Cəfərli kəndində təmas xəttinə yaxın ərazidə göbələk yığarkən ermənilər tərəfindən avtomat silahla vurulmuşdur.

Mirzəliyev Rəsul Məmmədyar oğlu

 

Mirzəliyev Rəsul Məmmədyar oğlu 24 yanvar 1968-ci ildə Qazax rayonunun Alpout kəndində anadan olmuşdur. 1975-1985-ci illərdə Alpout kənd tam orta məktəbində təhsil almşdır. 1986-1988-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. 1993-cü ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmişdir. 7 mart 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Hazırda Alpout kənd tam orta məktəbi Rəsul Mirzəliyevin adını daşıyır.

Mehtiyev Ayaz Oruc oğlu

 

Mehtiyev Ayaz Oruc oğlu 25 yanvar 1973-cü ildə Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 22 mart 1992-ci ildə UAZ markalı maşınla gedərkən Cəfərli kəndi ərazisində erməni işğalçılarının yola qoyduqları minanın partlaması nəticəsində şəhid olmuşdur. 1992-ci ildə şəhid statusu verilmişdir.

Pənahov Rövşən Fərman oğlu

 

Pənahov Rövşən Fərman oğlu 3 fevral 1975-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1982-1993-cü illərdə Ş.Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1994-cü il yanvar ayının 26-da Füzuli rayonunun Aşağı Əbdürəhmanlı kəndində gedən döyüşlərdə şəhid olmuşdur.

Haqverdiyev Vasif Mirzə oğlu

 

Haqverdiyev Vasif Mirzə oğlu 1971-ci il yanvar ayının 26-da Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1977-1988-ci illərdə Ş.Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1988-ci ildə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. 1993-cü ildə mart ayının 2-də Ağdərə rayonundakı Sərsəng su anbarı ətrafında gedən döyüşdə itkin düşmüşdür.


Geri qayıt