Əsas Səhifə > Şəhidlər > Qazaxda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş növbəti anım tədbiri keçirilib

Qazaxda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş növbəti anım tədbiri keçirilib


18-01-2020, 17:40


Müasir Azərbaycan tarixinin hüznlü və eyni zamanda, qürur mənbəyi olan 20 Yanvar faciəsinin 30-cu ildönümü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə qeyd olunur.

20 Yanvar faciəsinə həsr olunmuş növbəti anım tədbiri Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən təşkil olunub.     

Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında keçirilən tədbirdə Mərkəzin dərnək rəhbərləri və üzvləri iştirak ediblər.

Əvvəlcə memorial önünə qərənfillər düzülüb, 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova çıxış edərək bildirib ki, Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Bunu yanvarın 19-dan 20-sinə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq arzusu ilə dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədəndə Azərbaycanın mərd oğul və qızları sinələrini sipər edərək bir daha nümayiş etdirdilər. Qeyd edib ki, 30 il əvvəl  Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror idi. O, Ulu Öndər Heydər Əliyevin 20 yanvar gecəsi belə bir zirvəni fəth edən Vətən oğullarının fədakarlığını yüksək qiymətləndirərək söylədiyi fikirləri gənclərin diqqətinə çatdırıb. Dahi şəxsiyyətin söylədiyi "20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcək. Bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli iftixarımızdır” kimi dəyərli fikrin hər birimiz üçün örnək olduğunu bildirib. Məhz 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildiyini vurğulayıb. Onun təşəbbüsü ilə Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinin dövlət səviyyəsində tam siyasi-hüquqi qiymətini aldığını bir daha diqqətə çatdırıb. "O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”, - deyən Mərkəzin direktoru gəncləri hər zaman bayrağımıza sahib çıxmağı, uca tutmağı, şəhidlərimizin xatirəsini ehtiramla yad etməyi tövsiyə edib.

Sonra söz mərkəzin dərnək üzvlərinə verilib. Şəhidlərə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş olunub, şeirlər söylənilib.




 



 

GOYEZEN.AZ


Geri qayıt