Əsas Səhifə > Şəhidlər > Vətən uğrunda şəhid olanlar unudulmur
Vətən uğrunda şəhid olanlar unudulmur12-01-2020, 12:21 |
Şəhidlərimizi tanıyaq və tanıdaq-----------
Vətən torpaqlarının qorunmasında, Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ömür yolu hər zaman gənclərimizə örnək olmalıdır. Hər bir Azərbaycan vətəndaşı şəhidlərini, Milli Qəhrəmanlarını tanıtmaq uğrunda çalışmalı, şəhidlərimizin keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Çünki Vətən torpağı tam olsun deyə canından, qanından keçərək şəhidlik zirvəsinə ucalan, ən böyük şərəf və qürur hissi ilə xatırlayacağımız igid oğul və qızlarımızı yad etmək hər birimizin ən müqəddəs vəzifəsidir. Bugünkü yetişməkdə olan gənc nəsil şəhidlərimizin həyat yoluna nəzər salan zaman anlamalıdır ki, şəhidlik adlı zirvəyə yol ancaq Vətəni, torpağı, milləti canından artıq sevməkdən keçir. Bu yolu gedənləri, şəhidlik zirvəsini fəth edənləri, adlarını Vətənimizin, dövlətimizin tarixinə qızıl hərflərlə yazanları unutmamaq bizim mənəvi borcumuzdur. Bu gün düşmənlə
168 km məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım,
Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı,
Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7
kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin
atəşinə məruz qalır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər
şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alan Qazaxda
igid oğul və qızlarımızın xatirəsi hər zaman əziz tutulur. Şəhidlərimizə,
onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin
fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə
yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə
ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması,
yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin
mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası
da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə
görülən işlərin daha bir əyani sübutudur. Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayır. GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Məmməd Məmmədovun, Zülfüqar Mirzəliyevin, Elşad Yusifovun, Rövşən Alıyevin, Baləgədə Hacıyevin, Elburus Məmmədovun, Qalib Əliyevin, Ədilxan Bəşirovun, Əhməd Əliyevin əziz xatirələrini yad edirik.
Məmmədov Məmməd Zahid oğlu 3 avqust 1970-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1976-cı ildə Çaylı kənd 1 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş və 1986-cı ildə həmin orta məktəbi bitirmişdir. 1987-1989-cu illərdə SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Məmmədov Məmməd Zahid oğlu 6 yanvar 1993-cü ildə Ağstafa rayonunda Qələmçədə gedən döyüşlərdə şəhid olmuşdur. Mirzəliyev Zülfüqar Bəkir oğlu
Mirzəliyev Zülfüqar Bəkir oğlu 5 avqust 1970-ci ildə Qazax rayonunun Kommuna (indiki Bala Çaylı) kəndində anadan olmuşdur. 1976-cı ildə Kommuna kənd 8 illik orta məktəbin birinci sinfinə daxil olmuş və 1984-cü ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1984-1986-cı illərdə Çaylı kənd 1 saylı tam orta məktəbin onuncu sinfini bitirmişdir. Daha sonra SSRİ silahlı qüvvələrinə çağırılmış və 2 il hərbi xidmətdə olmuşdur. 1991-ci ildə könüllü olaraq milli orduya getmiş, kəşfiyyat dəstəsində xidmət etmişdir. Mirzəliyev Zülfüqar Bəkir oğlu 6 yanvar 1993-cü ildə Ağstafa rayonunda Qələmçədə gedən döyüşlərdə şəhid olmuşdur. Zülfüqar Mirzəliyev Çaylı kənd Şəhidlər xiyabanında dəfn edilmiş və adını əbədiləşdirmək üçün Bala Çaylı kəndində büstü qoyulmuş, adına bulaq çəkilmişdir. Yusifov Elşad İbrahim oğlu
Yusifov Elşad İbrahim oğlu 7 yanvar 1967-ci ildə Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 20 may 1994-cü ildə Quşçu Ayrım kəndi ərazisində erməni işğalçılarının tankı partlatması nəticəsində şəhid olmuşdur. 1994-cü ildə şəhid statusu verilmişdir. Alıyev Rövşən Cəbrayıl oğlu
Alıyev Rövşən Cəbrayıl oğlu 1 oktyabr 1977-ci ildə Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 1984-cü ildə Qızılhacılı kənd ibtidai məktəbinin birinci sinfinə daxil olmuş, 1995-ci Qazax şəhər S.Vurğun adına 2 saylı tam orta məktəbin onuncu sinfini bitirmişdir. Sumqayıt şəhər Mədəniyyət şöbəsinin nəzdində mühasib ixtisası üzrə təhsil almışdır. 1997-ci ildə Azərbaycanın Milli Ordu sıralarına çağırılmışdır. 8 yanvar 1998-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndi istiqamətində gedən döyüşdə şəhid olmuşdur. Subay idi. Hacıyev Baləgədə Həsən oğlu
Hacıyev Balagədə Həsən oğlu 8 yanvar 1941-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1948-ci ildə Qaymaqlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1958-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1959-62-ci illərdə Xaborovski şəhərində hərbi xidmətdə olmuşdur. 1963-cü ildən ömrünün sonuna qədər mexanizator vəzifəsində işləmişdir. 27 oktyabr 1991-ci ildə şəhid olmuşdur. Məmmədov Elburus Veyis oğlu
Məmmədov Elburus Veyis oğlu 9 yanvar 1981-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 10 may 1996-cı ildə Kəmərli kəndində gülə yarasından şəhid olmuşdur. Əliyev Qalib Nazim oğlu
Əliyev Qalib Nazim oğlu 25 avqust 1975-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. 1981-ci ildə Kosalar kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1991-ci ildə həmin orta məktəbin onuncu sinfini bitirmişdir. 1993-cü ildə Azərbaycan Milli Ordusuna hərbi xidmətə getmiş, 10 yanvar 1994-cü ildə Fizuli bölgəsində döyüş zamanı itkin düşmüşdür. Qazax rayon Məhkəməsinin 19 avqust 1997-ci il tarixli qətnaməsi ilə itkin düşmüş hesab edilmişdir. Subay idi. Bəşirov Ədilxan Əmirxan oğlu
Bəşirov Ədilxan Əmirxan oğlu 10 yanvar 1972-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1979-cu ildə Qaymaqlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1990-cı ildə sovetlər birliyində hərbi xidmətə çağırılmış, 1992-ci ildə tərxis olmuşdur. Həmin il Azərbaycan Milli Ordusuna çağırılmışdır. 9 mart 1993-cü ildə Qazax bölgəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi. Hazırda Qaymaqlı kəndində adına bulaq var. Əliyev Əhməd Mirzə oğlu
Əliyev Əhməd Mirzə oğlu 15 fevral 1970-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1977-ci ildə Qaymaqlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1989-cu ildə sovetlər birliyində hərbi xidmətə çağırılmışdır. 1991-ci ildə tərxis olmuşdur. 1993-cü ildə Azərbaycan Milli Ordusuna çağırılmışdır. 12 yanvar 1993-cü ildə Ağstafa bölgəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi. Hazırda Qaymaqlı kənd kitabxana filialı şəhidin adını daşıyır. Geri qayıt |