Əsas Səhifə > Şəhidlər > Şəhidlik zirvəsinə ucalmağı özlərinə ən böyük şərəf sayan oğullarımızı tanıtmaq hər birimizin vətəndaşlıq borcu olmalıdır

Şəhidlik zirvəsinə ucalmağı özlərinə ən böyük şərəf sayan oğullarımızı tanıtmaq hər birimizin vətəndaşlıq borcu olmalıdır


5-01-2020, 12:49

Şəhidlərimizi tanıyaq və tanıdaq-----------



Öz məzmununa görə çoxşaxəli olan "Vətənpərvərlik” məfhumu. Bu elə bir məfhumdur ki, onu heç bir sözlə əvəz etmək mümkün deyil. İnsan dünyanı dərk etdikcə Vətəninə, torpağına məhəbbəti, sevgisi artır, vətənpərvərlik hissləri güclənir. Bu hiss öz dövlətinin tərəqqisi üçün can yandırmaq, doğma xalqının tarixi, keçmişi, dünəni və bu günü ilə fəxr etmək, Vətənin rifahı naminə əlindən gələni etmək deməkdir. Müstəqil dövlət quruculuğu yolunda gənc və yeniyetmələrin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz Vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilir. Hazırda torpaqlarımızın iyirmi faizdən çoxu işğal altındadır. Bir milyondan çox soydaşımız doğma yurd-yuvasından didərgin düşüb. Vətənin belə bir çətin zamanda mərd, sadiq gənclərə böyük ehtiyacı var. Məhz buna görə də gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi sahəsində görülən işlərə hər birimiz səfərbər olmalıyıq. Gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində başlıca amillərdən biri isə xalqımızın azadlığı uğrunda canından keçən igid oğul və qızlarımızın keçdikləri döyüş yollarını nümunə göstərməkdir. Çünki bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var ki, o da şəhidlik zirvəsidir. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmağı özlərinə ən böyük şərəf sayan oğullarımızı tanıtmaq isə hər birimizin vətəndaşlıq borcu olmalıdır.

Bu gün minlərlə şəhidi olan Azərbaycanda elə bir bölgə, elə bir kənd və qəsəbə tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alan Qazaxda igid oğul və qızlarımızın xatirəsi hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur.
Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür ziyarətlərin böyük rolu vardır.

Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayır.

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Nizami Məmmədovun, Kamran Kərimovun, Babək Rüstəmovun, Kərim Əsgərovun, Bəxtiyar Əmrahovun, Əmir Vəliyevin, Elnarə Rəhimovanın, Akif Budaqovun, Aliyə Əliyevanın, Şahməddin Murquzovun, Rəşad Əliyevin, Asif Rəhimovun, Fidat Məmmədovun, Şiddət Məmmədovun, Kamal Kazımovun, Gündüz Sadıqovun, Elçin İsmayılovun əziz xatirələrini yad edirik.

Məmmədov Nizami Səhrəd oğlu


Məmmədov Nizami Səhrəd oğlu 10 oktyabr 1974-cü ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. Hərbi xidmətdə olmayıb. 1 yanvar 1997-ci il tarixdə gecə erməni kəşfiyyatçısı tərəfindən öz evlərində qətlə yetirilmişdir. Subay idi. Mərhum Ağköynək kənd qəbiristanlığında dəfn edilmişdir.

Kərimov Kamran Nüsrəddin oğlu


Kərimov Kamran Nüsrəddin oğlu 1 yanvar 1972-ci ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1980-ci ildə Fərəhli kənd ümumi orta məktəbin birinci sinfinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1988-1990-cı illərdə Qazax rayonunun Xanlıqlar kəndində yerləşən peşə məktəbini bitirərək  mexanizator ixtisasına yiyələnmişdir. 1992-ci ildə könüllü Azərbaycan Milli Ordu sıralarına yazılaraq tank taborunda xidmət etmişdir. 8  iyun 1992-ci  il  tarixdə Fərəhli  kəndində gedən döyüşlərdə qəhrəmancasına iştirak etmişdir. 27 dekabr 1993-cü ildə   Fərəhli kəndində gedən döyüşlərdə şəhid olmuşdur. Qazax şəhərində Şəhidlər  qəbiristanlığında dəfn olunmuşdur. Fərəhli kənd ümumi orta məktəbi  Kərimov Kamran  Nüsrəddin oğlunun adını daşıyır.  Evli idi. Bir qız övladı var.

Rüstəmov Babək Muraz oğlu


Rüstəmov Babək Muraz oğlu 15 fevral 1974-cü ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1981-ci ildə Quşçu Ayrım kənd məktəbinin birinci sinfinə daxil olmuş, 1992-ci ildə həmin məktəbi bitirərək ordu sıralarına çağırılmışdır. Rüstəmov Babək Muraz oğlu 1 yanvar 1994-cü ildə Tərtər rayonunun Səhləbad kəndində gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi.

Əsgərov Kərim Qinyaz oğlu


Əsgərov Kərim Qinyaz oğlu 14 mart 1970-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. 1977-ci ildə Kosalar kənd orta məktəbin birinci sinfinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1988-90-cı illərdə sovet ordusunda xidmətdə olmuşdur. 1992-ci ildə könüllü olaraq Azərbaycan Milli Ordusuna hərbi xidmətə getmiş, 1 yanvar 1993-cü ildə Gədəbəy bölgəsində döyüş zamanı itkin düşmüşdür. Qazax Rayon Məhkəməsinin 23 aprel 2010-cu il tarixli Qətnaməsi ilə itkin düşmüş hesab edilmişdir. Subay idi.

Əmrahov Bəxtiyar Əziz oğlu


Əmrahov Bəxtiyar Əziz oğlu 1 yanvar 1961-ci ildə Qazax rayonunun Çaylı kəndində  anadan olmuşdur. 1967-ci ildə Çaylı kənd 1 saylı orta məktəbin birinci sinfinə daxil olmuş, 1977-ci ildə həmin orta məktəbi bitirmişdir. Çingiz İldırım adına Azərbaycan Politexnik Universitetinə daxil olmuş və orada təhsil almışdır. Bakı şəhərində mexanika sahəsi üzrə işləmişdir. Əmrahov Bəxtiyar Əziz oğlu 24 mart 1990-cı ildə Bağanıs Ayrım kəndi yaxınlığında gedən döyüşlərdə yaralanmış və ermənilər tərəfindən əsir götürülmüşdür. Sonra məlum olmuşdur ki, ermənilər tərəfindən vəhşicəsinə yandırılmışdır.

Vəliyev Əmir İsmayıl oğlu


Vəliyev Əmir İsmayıl oğlu  1 yanvar 1972-ci ildə Qazax rayonunun Abbasbəyli kəndində anadan olmuşdur. 1979-1983-cü illərdə Abbasbəyli kənd ibtidai məktəbində I-IV siniflərdə təhsil almışdır. 1983-1989-cu illərdə Alpout kənd tam orta məktəbində təhsilini davam etdirmişdir. 1990-cı ildə hərbi xidmətə çağırılmışdır. 28 fevral 1994-cü ildə torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşdə şəhid olmuşdur. Subay idi.

Rəhimova Elnarə Faiq qızı


Rəhimova Elnarə Faiq qızı 3 mart 1983-cü ildə Qazax rayonunun Bala Cəfərli kəndində anadan olmuşdur. 1989-cu ildə Bala Cəfərli kənd ibtidai məktəbin birinci sinfinə daxil olmuş, 1993-сü ildə Bala Cəfərli kənd ibtidai məktəbin dördüncü sinfini bitirmişdir. 1993-сü ildə Qazax şəhər internat məktəbə daxil olmuşdur. 2 yanvar 2000-ci ildə evlərində otaqda olarkən ermənilər tərəfindən snayper silahla vurulmuşdur.

Budaqov Akif Məmmədxan oğlu


Budaqov Akif Məmmədxan oğlu 2 yanvar 1955-ci ildə Ermənistanda anadan olmuşdur. 1988-ci ildə Ermənistandan deportasiya olunaraq Xanlıqlar kəndinə yerləşmişdir. 28 may 1993-cü ildə şəhid olmuşdur. Ailəlidir. 4 övladı var.

Əliyeva Aliyə Fərhad qızı


Əliyeva Aliyə Fərhad qızı 2 yanvar 1977-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1983-cü ildə şəhid Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. 1992-ci ildə oktyabr ayının 25-də Ermənistan silahlı qüvvələrinin mövqeyindən atılan top mərmisi 15 yaşlı Aliyənin gənc ömrünə son qoydu.

Murquzov Şahməddin Sabir oğlu


Murquzov Şahməddin Sabir oğlu 7 yanvar 1966-cı ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1973-cü ildə Çaylı kənd 2 saylı orta məktəbin birinci sinfinə  daxil olmuşdur. Gəncə şəhərində inşaat sahəsi üzrə texnikomda təhsil almış və orada işləmişdir. Murquzov Şahməddin Sabir oğlu 4 yanvar 1994-cü ildə Murov dağı ətrafındakı ərazilərdə gedən döyüşlərdə şəhid olmuşdur. Ailəli idi, 2 övladı var.

Əliyev Rəşad Vidadi oğlu

 

Əliyev Rəşad Vidadi oğlu 13 iyul 1967-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1973-cü ildə Çaylı kənd 2 saylı orta məktəbin birinci sinfinə daxil olmuş, 1981-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1981-1983-cü ildə Çaylı kənd 1 saylı tam orta məktəbin onuncu sinfini bitirmişdir. Əliyev Rəşad Vidadi oğlu 4 yanvar 1994-cu ildə Vətən uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Rəhimov Asif Qəzənfər oğlu

 

Rəhimov Asif Qəzənfər oğlu 4 yanvar 1975-ci ildə Qazax rayonunun Həzi Aslanov  sovxozunda anadan olmuşdur. 1981-ci ildə orta məktəbə getmiş və 1991-ci ildə orta  məktəbi bitirmişdir. 1992-ci ildə Qazax rayon Hərbi Komissarlığından Azərbaycan  Ordusu sıralarına çağırılmışdır. 10 may 1992-ci ildə Qazax rayonunun Kəmərli kəndi ilə Ermənistan Respublikasının sərhəddində Kəmərli döyüş bölgəsində ermənilər   tərəfindən açılan  atəş nəticəsində  şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında  dəfn olunmuşdur.

Məmmədov Fidat Əhməd oğlu

 

Məmmədov Fidat Əhməd oğlu 20 dekabr 1959-cu ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1966-1977-ci illərdə şəhid Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 saylı tam orta məktəbdə təhsil almışdır. 1978-ci ildə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. 1980-1981-ci illərdə Bakıda 6 saylı texniki peşə məktəbində təhsil almışdır. 1993-cü il yanvar ayının 5-də Ağstafa rayonunun Köhnə Qışlaq kəndində gedən döyüşlərdə şəhid olmuşdur.

Məmmədov Şiddət Məmməd oğlu

 

Məmmədov Şiddət Məmməd oğlu 5 yanvar 1972-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1979-cu ildə Quşçu Ayrım kənd məktəbinin birinci sinfinə daxil olmuş, 1989-cu ildə həmin məktəbi bitirmişdir. Məmmədov Şiddət Məmməd oğlu 30 iyun 2000-ci ildə Quşçu Ayrım kəndi ərazisində ot gətirən zaman düşmənin açdığı atəş nəticəsində şəhid olmuşdur. Subay idi.

Kazımov Kamal Abdulla oğlu

 

Kazımov Kamal Abdulla oğlu 22 yanvar 1972-ci ildə Qazax rayonunun Əlibayramlı (hazırkı Aslanbəyli) kəndində anadan olmuşdur. 1979-cu ildə (Əlibayramlı kənd) hazırkı  Aslanbəyli kənd orta məktəbin birinci sinfinə getmiş, 1989-cu ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1992-ci ildə Qazax rayon Hərbi Komissarlığı tərəfindən   Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 5 yanvar 1993-cü ildə Laçın döyüş  bölgəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.

Sadıqov Gündüz Əhəd oğlu

 

Sadıqov Gündüz Əhəd oğlu 29 iyun 1962-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1969-cu ildə Aşağı Əskipara kənd orta məktəbinin birinci sinfinə getmişdir. 1979-cu ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsində ermənilərlə döyüşlərdə iştirak etmişdir. 5 yanvar 1994-cü ildə şəhid olmuşdur.

İsmayılov Elçin Murğuz oğlu

 

İsmayılov Elçin Murğuz oğlu 5 yanvar 1980-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. 1987-ci ildə Kosalar kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1997-ci ildə həmin orta məktəbin onuncu sinfini bitirmişdir. 1998-ci il yanvar ayının 8-də Qazax rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmşdır. 1999-cu il fervralın 16-da Borsunlu istiqamətində gedən ağır döyüşlərdən birində qəhrəmancasına şəhid olmuşdur.


Geri qayıt