Əsas Səhifə > Şəhidlər > Şəhidlik uca və müqəddəs zirvədir

Şəhidlik uca və müqəddəs zirvədir


3-11-2019, 10:10

Şəhidlərimizi tanıyaq və tanıdaq-----------   

"Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” Bu müqəddəs deyim, eləcə də bu torpaq, bu Vətən babalarmızın bizlərə miras qoyduğu ən dəyərli yadigardır. Zaman-zaman igid oğullarımız öz qanları ilə təsdiqləyib bu sözləri. İstər yeraltı, istər yerüstü sərvətlərimiz, bol bərəkətli torpaqlarımız hər zaman düşmənlərimizin diqqət mərkəzində olub. Lakin bu torpağın yetirdiyi igid oğul və qızları qanları hesabına olsa belə Vətənimizi göz-bəbəyi kimi qoruyaraq bizlərə ötürmüşdür. O Vətən ki, hər qarışı bizim üçün sərvətdir. Hər qarışını doğma bildiyimiz torpağı qoruyan, uğrunda canından, qanından keçən igid oğul və qızlarımızı yad etmək isə hər bir azərbaycanlının, ürəyi Vətən sevdası ilə döyünən vətəndaşın müqəddəs borcu olmalıdır. Qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimiz olan şəhidlərimizin döyüş yolunu, göstərdikləri qəhrəmanlıqları gələcək nəsillərə çatdırmağı, onları tanıtmağı hər kəs özü üçün ən ümdə vəzifə bilməlidir. 

Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alan Qazaxda igid oğul və qızlarımızın xatirəsi hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur.

Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür ziyarətlərin böyük rolu vardır.

Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayır.

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Aqil Musayevin, Asif Qarayevin, Elman Musayevin, Sahib Binnətovun, Azər Hüseynovun, Arzu Məmmədovun, Abduləzim Vəliyevin əziz xatirələrini yad edirik.

Musayev Aqil Hüseyn oğlu

 

Musayev Aqil Hüseyn oğlu 1974-cü il noyabrın 3-də Qzaax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1981-ci ildə birinci sinfə getmiş, 1991-ci ildə onuncu sinfi bitirmişdir. Sonra təhsilini Qazax şəhərindəki 117 saylı texniki peşə məktəbində davam etdirmişdir. Sürücü peşəsinə yiyələnmişdir. 1993-cü il mayın 18-də Qazax rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. Bir müddət təlim-məşq toplanışlarında iştirak etmişdir. Az müddətdə əsgər və zabit heyətinin hörmətini qazanmışdır. O, 777 saylı hərbi hissənin tərkibində cəbhəyə getmişdir. İlk döyüşü Ağdam bölgəsində olmuşdur. Aqil hər dəfə döyüşə yollananda ürəyindən bir arzu keçirdi-torpaqlarımızı tezliklə erməni tapdağından təmizləmək! Döyüşlərdə ölümün gözünə dik baxır, rəşadətlə vuruşurdu. A.Musayev Füzuli və Tərtər bölgələrində də erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda fəal iştirak etmişdir. Füzuli istiqamətində gedən döyüşdə yaralanmışdır. Bir müddət müalicə olunduqdan sonra yenidən səngərə qayıtmışdır. O, böyük arzularla yaşayırdı. Lakin arzuları yarımçıq qaldı. 1994-cü il oktyabrın 5-də, Gəncə hadisələri zamanı qiyamçı dəstənin zərərsizləşdirilməsində iştirak edərkən qəhrəmancasına həlak oldu. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Musayev Aqil Hüseyn oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Qazax rayon Əzizbəyli (indiki Hüseynbəyli) kəndində Şəhidlər xiyabanında dəfn olunmuşdur. Qazax şəhərindəki küçələrdən biri onun adını daşıyır.

Qarayev Asif Safaləddin oğlu


Qarayev Asif Safaləddin oğlu 1 noyabr 1971-ci ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 1977-ci ildə Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin birinci sinfinə getmişdir. 1988-ci ildə həmin məktəbin onbirinci sinfini bitirmişdir. 1991-ci ildə Ali Hərbi məktəbə qəbul olmuşdur. Ali Hərbi məktəbin 3-cü kursundan ordu sıralarına getmişdir. 707 saylı hərbi hissədə xidmət etmişdir. 16 aprel 1993-cü ildə Ağstafa rayonunun Tatlı kəndində gedən döyüşlər zamanı şəhid olmuşdur. Subay idi.

Musayev Elman İmran oğlu

 

Musayev Elman İmran oğlu 24 yanvar 1966-cı ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1973-cü ildə Cəfərli kənd əsas məktəbin birinci sinfinə daxil olmuş, 1981-сi ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1981-ci ildə Qazax rayon Peşə liseyinə daxil olmuş, 1984-cü ildə həmin liseyi bitirmişdir. 1984-1986-cı illərdə SSRİ silahlı qüvvələrində Almaniya Federatif Respublikasında hərbi xidmətdə olmuşdur. "Qazax Tinglik” sovxozunda sürücü işləmişdir. 1992-1995-ci illərdə Azərbaycan Respublikasının silahlı qüvvələrində xidmət etmişdir. 1 noyabr 2001-ci ildə Cəfərli kəndində təmas xəttinə yaxın ərazidə göbələk yığarkən ermənilər tərəfindən avtomat silahla vurulmuşdur.

Binnətov Sahib Məşədi oğlu


Binnətov Sahib Məşədi oğlu 1 noyabr 1962-ci ildə Qazax rayonunun Çaylı kəndində  anadan olmuşdur. 1968-ci il ildə Çaylı kənd 2 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1976-cı ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1976-1978-ci illərdə Çaylı kənd 1 nömrəli tam orta məktəbdə təhsil alaraq 10 illik tam orta məktəbi bitirmişdir. Binnətov Sahib Məşədi oğlu 26 oktyabr 1992-ci ildə Fərəhli kəndində gedən döyüşlərdə şəhid olmuşdur.

Hüseynov Azər Qələndər oğlu


Hüseynov Azər Qələndər oğlu 25 fevral 1973-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1981-ci ildə Fərəhli kənd ümumi orta məktəbin birinci sinfinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1988-1990-cı illərdə Qazax şəhər 1 nömrəli tam orta məkəbin onuncu sinfini bitirmişdir. 1992-96-cı illərdə Azərbaycan Milli Ordu sıralarında xidmət etmişdir. 2 noyabr 1997-ci ildə Qazax rayonunun Fərəhli kəndində şəhid olmuşdur. Evli idi. Həyat yoldaşı və iki övladı Fərəhli kəndində yaşayır.

Məmmədov Arzu Mustafa oğlu


Məmmədov Arzu Mustafa oğlu 15 aprel 1972-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 1979-1989-cu illərdə Kəmərli kənd Xanbağı orta məktəbində təhsil almışdır. 1990-1992-ci illərdə Vladivastok şəhərində hərbi xidmətdə olmuşdur. 1992-ci ilin avqust ayında Azərbaycan Ordusuna hərbi xidmətə yola salınmışdır. 2 noyabr 1992-ci ildə Ağköynək kəndində şəhid olmuşdur.

Vəliyev Abduləzim Omar oğlu


Vəliyev Abduləzim Omar oğlu 1941-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 3 noyabr 1992-ci ildə ermənilərin tutduqları mövqedən Daş Salahlı kəndinə atılan top mərmisi nəticəsində şəhid olmuşdur.


Geri qayıt