Əsas Səhifə > Şəhidlər > Şəhidlik - ölümsüzlük zirvəsidir

Şəhidlik - ölümsüzlük zirvəsidir


27-10-2019, 10:49

Şəhidlərimizi tanıyaq və tanıdaq-----------   

Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir. Vətən, torpaq uğrunda canından keçənlər, özlərini fəda edənlər isə ölmürlər, aylar, illər, fəsillər keçdikcə onların göstərdikləri rəşadət dillərdə gəzir, nəsillərdən-nəsillərə ötürülür. Beləliklə, xalq öz igid, qəhrəman övladlarına qəlbində əbədi heykəl ucaldır.

Şəhidlik – ölümsüzlük adlı müqəddəs bir zirvədir. Azadlığımızı canı ilə qazanıb, qanı ilə yazanları, həmin zirvəni bir göz qırpımında fəth edənləri yad etmək, xatırlamaq hər birimizin üzərinə düşən ən müqəddəs vəzifədir. Belə şərəfli ömür sahiblərinin qəhrəmanlıqlarını gənc nəsillərə çatdırmaq hər kəsin borcu olmalıdır.

Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 287 nəfər şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alan Qazaxda igid oğul və qızlarımızın xatirəsi hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur.

Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür ziyarətlərin böyük rolu vardır.

Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayır.

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq qalıb doğum və anım günü olan şəhidlərimizdən – Mehman Quliyevin, Surxay Məmmədovun, Ənvər Abdullayevin, Məmməd Rəhimovun, Aliyə Əliyevanın, Sahib Binnətovun, Babək Quluyevin, İslam Əliyevin, Cavid Omarovun, Baləgədə Hacıyevin əziz xatirələrini yad edirik.

Quliyev Mehman Allahverən oğlu


Quliyev Mehman Allahverən oğlu 23 oktyabr 1972-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1979-cu ildə Yuxarı Salahlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1989-cu ildə həmin məktəbi bitirmişdir. 23 may 1994-cü ildə Qarabağ döyüşlərində şəhid olmuşdur. Subay idi.

Məmmədov Surxay Nəsib oğlu

 

Məmmədov Surxay Nəsib oğlu 25 oktyabr 1965-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1973-cü ildə Aşağı Əskipara kənd tam orta məktəbin birinci sinfinə getmişdir. 1983-cü ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsində ermənilərlə döyüşlərdə iştirak etmişdir. 21 iyun 1992-ci ildə şəhid olmuşdur.

Abdullayev Ənvər Abdulla oğlu


Abdullayev Ənvər Abdulla oğlu 25 oktyabr 1972-ci ildə Qazax rayonunun Hüseynbəyli kəndində anadan olmuşdur. 1980-ci ildə Hüseynbəyli kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1990-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1993-cü ildə Azərbaycanın ordu sıralarına çağırılmışdır. 2 avqust 1994-cü ildə rayonun Fərəhli kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Rəhimov Məmməd Məhəmməd oğlu

 

Rəhimov Məmməd Məhəmməd oğlu 20 aprel 1948-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə Qazax rayonunun Daş Salahlı kəndindəki sovxozda zootexnik kimi başlamış və ömrünün sonunadək öz peşəsini davam etdirmişdir. 1992-ci ildə oktyabr ayının 25-də Ermənistan silahlı qüvvələrinin mövqeyindən atılan top mərmisi nəticəsində öz həyətlərində şəhid olmuşdur. Ailəli idi. 4 övladı var.

Əliyeva Aliyə Fərhad qızı


Əliyeva Aliyə Fərhad qızı 2 yanvar 1977-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1983-cü ildə Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. 1992-ci ildə oktyabr ayının 25-də Ermənistan silahlı qüvvələrinin mövqeyindən atılan top mərmisi 15 yaşlı Aliyənin gənc ömrünə son qoydu.

Binnətov Sahib Məşədi oğlu


Binnətov Sahib Məşədi oğlu 1 noyabr 1962-ci ildə Qazax rayonunun Çaylı kəndində  anadan olmuşdur. 1968-ci il ildə Çaylı kənd 2 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1976-cı ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1976-1978-ci illərdə Çaylı kənd 1 nömrəli tam orta məktəbdə təhsil alaraq 10 illik tam orta məktəbi bitirmişdir. Binnətov Sahib Məşədi oğlu 26 oktyabr 1992-ci ildə Fərəhli kəndində gedən döyüşlərdə şəhid olmuşdur.

Quluyev Babək Eldar oğlu


Quluyev Babək Eldar oğlu 27 oktyabr 1973-cü ildə Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 1980-ci ildə Qazax rayon Qızılhacılı kənd ibtidai  məktəbinin birinci  sinfinə  daxil olmuş, 1990-cı ildə Qazax şəhər M.Hüseyn adına məktəb-liseyin onuncu sinfini bitirmişdir. 1992-ci ildə Milli Ordu sıralarında həqiqi hərbi xidmətə başlamışdır. Xidmət dövründə artileriya ilə düşmənin bir neçə texnikalarını sıradan çıxarmışdır. Quluyev Babək Eldar oğlu 10 dekabr 1993-cü ildə Quşçu Ayrım kəndinə düşmənin basqını zamanı gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi. Atası və anası hazırda Qazax şəhərində yaşayırlar.

Əliyev İslam Məmməd oğlu


Əliyev İslam Məmməd oğlu 1936-cı ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. İbtidai təhsil almışdır. Kolxoz və sovxozda çalışmışdır. 27 oktyabr 1999-cu ildə Məzəm kəndi ərazisində qoyun otararkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Ailəli idi. 3 övladı var.

Omarov Cavid Hüseynəli oğlu


Omarov Cavid Hüseynəli oğlu 27 oktyabr 1968-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. Xanlıqlar kənd tam orta məktəbini bitirmişdir. 1992-ci ildə hərbi xidmətə çağırılmışdır. Qazax zonasında xidmət etmişdir. 18 dekabr 1993-cü ildə şəhid olmuşdur. Evlidir. 2 övladı var.

Hacıyev Baləgədə Həsən oğlu


Hacıyev Balagədə Həsən oğlu 8 yanvar 1941-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1948-ci ildə Qaymaqlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1958-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1959-62-ci illərdə Xaborovski şəhərində hərbi xidmətdə olmuşdur. 1963-cü ildən ömrünün sonuna qədər mexanizator vəzifəsində işləmişdir. 27 oktyabr 1991-ci ildə şəhid olmuşdur.


Geri qayıt