Əsas Səhifə > Şəhidlər > Şəhidlik qəhrəmanlığın ən uca zirvəsidir

Şəhidlik qəhrəmanlığın ən uca zirvəsidir


1-09-2019, 10:27

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------------------


Vətənə, onun çiçəklənməsinə xidmət etmək, torpağımızı qorumaq hər birimizin vətəndaşlıq borcumuzdur. Torpaq, yurd sevgisi, elə-obaya bağlılıq hissi güclü olan, Vətəninin hər qarışı üçün ölümün gözünə dik baxmağı bacaran igid oğullar Vətən qarşısında öz borclarını hər zaman layiqincə yerinə yetirməyə çalışırlar. Ən əsası isə gələcəyimiz olan gənc nəsli vətənpərvər ruhda tərbiyə etməliyik ki, torpağımıza, yurd-yuvamıza olan sevgi onların qanına, canına hopsun. Çünki Vətən, sadəcə, müəyyən sərhədləri olan coğrafi bir məkan deyil. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Biz vətənin suyunu içir, çörəyini yeyir, havasını uduruq. Evimiz, kəndimiz, obamız bu torpaqlardadır. Ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş, qorumuş, uğrunda vuruşmuşlar. Onlar qədim torpaqlarımız üçün canlarından keçib, şəhidlik zirvəsinə yüksəlmişlər.

Vətən, torpaq, xalq uğrunda şəhid olan oğullarımızla həmişə fəxr etməliyik. Bu amal uğrunda öz canından keçən, düşmənə amansız zərbələr vuran, Azərbaycan bayrağını zəbt olunmuş torpaqlarımıza sancan qəhrəman oğullarımızı yad etmək, xatirələrini əziz tutmaq, onların adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və ümdə borcu olmalıdır.

Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan rayonun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara  Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 280-dən artıq şəhid verən, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alan Qazaxda igid oğul və qızlarımızın xatirəsi hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur.

Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqlar kədər və qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Rayonumuzda keçirilən tədbirlər öncə bu müqəddəs məkanı ziyarətlə başlayır. Məktəblilər mütəmadi olaraq xiyabanda olur, rayonunun şəhidləri haqqında ətraflı məlumatlar alır, onlarla bir daha qürur duyurlar. Çünki gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmasında bu cür ziyarətlərin böyük rolu vardır.

Qazax rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması da artıq bir ənənə halını alıb. Hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunur, göstərdikləri igidliklərdən söz açılır, əziz xatirələri dərin ehtiramla yad olunur. Bütün bunlar bir daha onu göstərir ki, şəhidlərimiz hər zaman qəlblərdə yaşayırlar.

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq onlarla bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq qalaraq doğum və anım günü olan şəhidlərimizdən – Əjdər Babayevin, Müşfiq Məmmədovun, İlqar Poluyevin, Ziyad Məmmədovun, Məhəmməd Vəliyevin, Kamran Əmrahovun, Nuridə Pirvəliyevanın əziz xatirələrini yad edirik.

Babayev Əjdər Xalıqverdi oğlu


Babayev Əjdər Xalıqverdi oğlu 26 avqust 1950-ci ildə Qazax rayonunun Mollacəfərli kəndində anadan olmuşdur. Sonradan onun ailəsi Ağstafaya (Xətai kəndi) köçmüşdür. 1958-ci ildə burada məktəbə getmiş və 1967-ci ildə həmin məktəbi bitirmişdir. 1969-cu ildə hərbi xidmətə çağırılır sonra isə ordudan tərxis olunan Əjdər Nərimanov rayon polis şöbəsinə işə qəbul edilir. Nümunəvi polis işçisi kimi dəfələrlə DİN-in mükafatlarına layiq görülmüşdür.

1995-ci il 13-17 mart hadisələri Vətənin sarsıntılı günləri idi. Silahlı dəstələrin zərərsizləşdirilməsində Əjdər Babayev böyük şücaət göstərdi vətənimizin bu cəsur övladı qardaş gülləsinə tuş gələrək əbədiyyətə qovuşdu. Evli idi, dörd övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Babayev Əjdər Xalıqverdi oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Ağstafa rayonunda dəfn edilmişdir, adına məktəb var.

Məmmədov Müşfiq Sabir oğlu


Məmmədov Müşfiq Sabir oğlu 27 avqust 1967-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1974-1984-cü illərdə Qaymaqlı kənd tam orta məktəbində təhsil almışdır. 1985-1987-ci illərdə Primorski vilayətində hərbi xidmətdə olmuşdur. 1987-ci ildən Tiflis şəhərində 8-ci alayda iş fəaliyyətinə başlamışdır. 1992-ci ildən Milli Ordu sıralarına könüllü yazılan Müşfiq N saylı hərbi hissənin 3-cü alayında Rota komandiri kimi Vətənə xidmət etmişdir. O, 1993-cü il iyun ayının 4-də şəhid olmuşdur. "Azərbaycan bayrağı"  ordeni, Türkiyənin Bətər federasiyası tərəfindən fəxri fərmanla təltif olunmuşdur.

Poluyev İlqar Rəşid oğlu


Poluyev İlqar Rəşid oğlu 27 avqust 1967-ci ildə Qazax rayonunun Aşağı Salahlı kəndində anadan olmuşdur. 01.09.1975-ci ildə (indiki Nizami Hüseynov) adına Aşağı Salahlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. 1985-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1985-1987–ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1987-1992–ci illərdə Xəzər dənizi neft qazma idarəsində işləmişdir.

15 yanvar 1994-cü ildə Ağdərə rayonu ərazisində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Xəzər dənizində şəhidin adını daşıyan yük gəmisi var.

Məmmədov Ziyad Məhəmməd oğlu


Məmmədov Ziyad Məhəmməd oğlu 28 avqust 1965-ci ildə Qazax rayonunun Dəmirçlər kəndində anadan olmuşdur. 1972-1980-ci illərdə Dəmirçilər kənd tam orta məktəbində 8 illik təhsil almış və sonra 156 saylı Texniki Peşə məktəbində təhsilini davam etdirmişdir. 1983-1985-ci illərdə Almaniya Demokratik Respublikasında hərbi borcunu yerinə yetirərək Vətənə, öz kəndinə qayıdaraq sovxozda traktorçu-maşinist işləmişdir.

1993-cü ildə erməni quldurlarının torpaqlarımıza etdiyi təzavüz zamanı Ziyad da Milli Ordu sıralarına səfərbər olmuşdur. N saylı hərbi hissədə xidmət etmişdir. O, Qazax rayonunun Xanlıqlar kəndinin üstündəki Vəlixan meşəsi və Böyük Cəfərli kəndinin "Qaraçal” yüksəkliyi uğrunda gedən döyüşlərdə iştirak etmiş və igidlik göstərmişdir. 1994-cü il fevral ayının 4-də "Vəlixan” meşəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Dəmirçilər kənd körpələr–evi uşaq bağçası şəhid Ziyad Məmmədovun adını daşıyır.

Vəliyev Məhəmməd İbrahim oğlu


Vəliyev Məhəmməd İbrahim oğlu 10 iyun 1969-cu ildə Qazax rayonunun Əlibayramlı (indiki Aslanbəyli)  kəndində anadan olmuşdur. 1976-cı ildə (Əlibayramlı kənd) hazırkı Aslanbəyli kənd tam orta məktəbinin birinci sinfinə getmiş və 1986-cı ildə həmin  məktəbin onuncu sinfini bitirmişdir. 1987-89-cu illərdə sovet ordusu sıralarında xidmət etmişdir. 1992-ci ildə Qazax rayon hərbi komissarlığı tərəfindən Azərbaycan Ordusu sıralarına  çağırılmışdır. 28 avqust 1992-ci ildə N saylı hərbi hissənin Birinci Şıxlı döyüş bölgəsində şəhid olmuşdur.

Əmrahov Kamran Əziz oğlu


Əmrahov Kamran Əziz oğlu 29 avqust 1959-cu ildə Qazax rayonunun Çaylı  kəndində  anadan olmuşdur. 1966-cı  ildə Çaylı  kənd 1 saylı tam orta məktəbin birinci sinfinə  daxil olmuş və 1976-cı ildə həmin orta məktəbi bitirmişdir. Həmin il Neft Akademiyasının Geoloji Kəşfiyyat fakültəsinə daxil olmuş və 1981-ci ildə akademiyanı bitirmişdir. Həmin təyinatla Neft daşlarına mühəndis göndərilmiş və orada çalışmışdır. 1987-1989-cu illərdə SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Əmrahov Kamran Əziz oğlu 24 mart 1990-cı ildə Bağanıs Ayrım kəndi yaxınlığında gedən döyüşlərdə yaralanmış və ermənilər tərəfindən əsir götürülmüşdür. Sonra məlum olmuşdur ki, ermənilər tərəfindən vəhşicəsinə yandırılmışdır. Əmrahov Kamran Əziz oğlu Çaylı kənd Şəhidlər xiyabanında dəfn edilmişdir. Adını əbədiləşdirmək üçün adına bulaq çəkilmişdir.

Pirvəliyeva Nuridə Cəlal qızı

 

Pirvəliyeva Nuridə Cəlal qızı 26 avqust 1987-ci ildə Quşçu Ayrım kəndində anadan olmuşdur. 1 may 1993-cü ildə ermənilərin Quşçu Ayrım kəndinə atdığı top mərmisinin qəlpəsindən şəhid olmuşdur.

Nəsibov Rəşad Hümbət oğlu


Nəsibov Rəşad Hümbət oğlu 1 sentyabr 1984-cü ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1991-ci ildə Məzəm kənd ibtidai məktəbinin birinci sinfinə daxil olmuşdur. 27 mart 1995-ci ildə Məzəm kəndinin ərazisində quzu otararkən erməni silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Məktəbli idi.


Geri qayıt