Əsas Səhifə > Şəhidlər > Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmur

Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmur


16-06-2019, 12:16

Şəhidlərimizi tanıyaq----------------------


Fani olan dünyada hər şey gözəldir, lakin ən müqəddəs duyğu Vətəni göz bəbəyi kimi sevmək, qoynunda boya-başa çatdığın torpağın müqəddəsliyini hiss edib yolunda canından keçməyə hazır olmaqdır. Vətən yolunda qan tökərək öz tarixinə və xalqının taleyinə qəhrəmanlıq salnaməsi yazmaqdır ən böyük hiss. Müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan igid oğul və qızlarımız döyüşlərdə mənfur düşmənə ağır zərbə vurmaqla, layiqli dərs verməklə təkcə qəhrəmanlıq salnaməsinə adlarını yazmırlar, eyni zamanda Vətənin bölünməzliyinə imza atırlar.

Vətən uğrunda şəhidlik adlı zirvəni bir göz qırpımında fəth edənləri, bu ucalığa yüksələn igid oğullarımızı hər zaman anmaq isə bizim hər birimizin borcudur. Bu gün düşmənlə 168 km sərhəddi olan, 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs AyrımXeyrımlıBarxudarlıSofuluQızılhacılıYuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən işğalında olan Qazax rayonunda da vətənpərvərlik hissi, döyüş ruhu yüksək səviyyədədir. Qazaxlı gənclərdə ən ali səviyyədə olan bu hiss sayəsində bu gün Qazax rayonu yüzlərlə şəhid verib. 280-dən çox şəhidi olan, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Qazaxda hər bir gənc torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmağa hazırdır. Qazaxda Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi hər zaman uca tutulur. Rayonda Vətənin müstəqilliyi və ərazi bütövlüyü naminə ölümün gözünə dik baxan şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı hər zaman diqqət mərkəzində saxlanılır. Rayon rəhbərinin ilk gündən şəhidlərimizə xüsusi diqqət ayırması, onların ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, əsaslı şəkildə təmir edilməsi, xüsusilə də şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işləri və şəhidlərimizin adı, şəkli əks olunmuş lövhələrin vurulması bu istiqamətdə görülən əməli işlərdir. Rayonumuza gələn hər bir qonağın, eləcə də adi rayon sakinlərinin şəhərin mərkəzində yerləşən bu müqəddəs məkana – Şəhidlər xiyabanına baş çəkməsi, əziz xatirələrini ehtiramla yad etmələri şəhidlərə olan böyük ehtiramdan xəbər verir. Rayonda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başlaması, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etmələri, hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunması, əziz xatirələrinin dərin ehtiramla yad olunması şəhidlərimizin daim qəlblərdə yaşaması deməkdir.

GOYEZEN.AZ saytının Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edərək mütəmadi olaraq şəhidlərimizlə bağlı silsilə yazılar dərc etməsi isə artıq bir ənənə halını alıb. Bu həftə də ənənəmizə sadiq qalaraq doğum günü olan, şəhidlik adlı zirvəyə ucaldıqları günləri qeyd olunan Qaratel Hacımahmudovanın, Mərdan Əsgərovun, Məhəmməd Vəliyevin, Araz Məmmədovun, Vüsalə Nuruyevanın, Dadaş İsmayılovun, Şərif Namazovun, Əşrəf Axundovun, Ruhiyyə Bənnayevanın, Qorxmaz Nağıyevin, Mürsəl Qocayevin, Məhəmməd Alisgəndərovun, Mahmud Mahmudovun, Natiq Məmmədovun əziz xatirəsini yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Hacımahmudova Qaratel Şəmi qızı

 

Hacımahmudova Qaratel Şəmsi qızı 16 avqust 1948-ci ildə Qazax rayonunun Aşağı  Əskipara kəndində anadan olmuşdur. 1955-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbinin birinci sinfinə getmişdir. 1965-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Bakı şəhərində Ticarət Texnikomunu, Xalq Təsərrüfatı İnsitutunu qurtarmışdır. 1988-1992-ci illərdə Aşağı Əskipara kəndi istiqamətində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 14 iyun 1992-ci ildə Aşağı Əskipara kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. O, 1994-cü ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur. Şəhər ümumi orta məktəb qəhrəman şəhidin adını daşıyır.                                                        

Əsgərov Mərdan Məhəmmədəli oğlu

 

Əsgərov Mərdan Məhəmmədəli oğlu 22 iyun 1968-ci ildə Qazax rayonunun Aşağı  Əskipara kəndində anadan olmuşdur. 1975-ci ildə Aşağı Əskipara kənd orta məktəbinin birinci sinfinə getmişdir. 1985-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Keçmiş SSRİ-də hərbi xidmətdə olmuşdur. Aşağı Əskipara kəndinin müdafiəsində ermənilərlə döyüşlərdə iştirak etmişdir. 14 iyun 1992-ci ildə şəhid olmuşdur. Ölümündən sonra "Hərbi xidmətə görə” medalı ilə təltif olunmuşdur.

Vəliyev Məhəmməd İbrahim oğlu


Vəliyev Məhəmməd İbrahim oğlu 10 iyun 1969-cu ildə Qazax rayonunun Əlibayramlı  kəndində anadan olmuşdur. 1976-cı ildə (Əlibayramlı kənd) hazırkı Aslanbəyli kənd tam orta məktəbinin birinci sinfinə getmiş və 1986-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1987-89-cu illərdə sovet ordusu sıralarında xidmət etmişdir. 1992-ci ildə Qazax rayon hərbi komissarlığı tərəfindən Azərbaycan Ordusu sıralarına çağırılmışdır. 28 avqust 1992-ci ildə N saylı hərbi hissənin Birinci Şıxlı döyüş bölgəsində şəhid olmuşdur.

Məmmədov Araz Misir oğlu


Məmmədov Araz Misir oğlu 15 sentyabr 1980-ci ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1987-ci ildə Məzəm kənd ibtidai məktəbinin birinci sinfinə daxil olmuşdur. 1998-ci ildə məktəbi bitirərək hərbi xidmətə yollanmışdır. Hərbi xidmətdən tərxis olunduqdan sonra Məzəm kəndinə qayıtmışdır. 12 iyun 2001-ci ildə Məzəm kəndinin ərazisində Coğazçay su anbarında balıq tutarkən erməni silahlı qüvvələri tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur. Subay idi.

Nuruyeva Vüsalə Nuru qızı


Nuruyeva Vüsalə Nuru qızı 9 dekabr 1981-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 13 iyun 1992-ci ildə Xanlıqlar kəndində ermənilərin atdığı top mərmisinin qəlpəsindən şəhid olmuşdur.

İsmayılov Dadaş İsmayıl oğlu


İsmayılov Dadaş İsmayıl oğlu 17 may 1957-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1964-cü ildə Quşçu Ayrım kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1974-cü ildə həmin məktəbi bitirərək sovet ordusu sıralarına getmişdir. Ordudan tərxis olunduqdan sonra M.Ə.Sabir adına sovxozda çalışmışdır. İsmayılov Dadaş İsmayıl oğlu 14 iyun 1992-ci ildə Kommuna (indiki Bala Çaylı) kəndində ermənilər tərəfindən atılan top mərmisinin qəlpəsindən şəhid olmuşdur. Ailəliydi, 2 övladı var.

Namazov Şərif Yolçu oğlu


Namazov Şərif Yolçu oğlu 18 sentyabr 1948-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1955-ci ildə Quşçu Ayrım səkkiz illik məktəbin birinci sinfinə daxil olmuş, daha sonra Aşağı Əskipara kənd tam orta məktəbində oxumuşdur. 1965-ci ildə orta məktəbi bitirərək sovet ordusunda hərbi xidmət keçmişdir. Ordudan tərxis olunduqdan sonra M.Ə.Sabir adına sovxozda işləmişdir. 14 iyun 1992-ci ildə erməni silahlı qüvvələrinin Quşçu Ayrım kəndinə silahlı basqını zamanı şəhid olmuşdur. Ailəli idi. 2 övladı var.  

Axundov Əşrəf Bəhram oğlu


Axundov Əşrəf Bəhram oğlu 29 may 1964-cü ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 1971-ci ildə Bala Çaylı kənd orta məktəbin birinci sinfinə  daxil olmuş, 1979-cu ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1979-1981-ci illərdə Çaylı kənd 1 saylı tam orta məktəbin onuncu sinfini bitirmişdir. SSRİ silahlı qüvvələrində hərbi xidmət etmişdir. Hərbi xidmətdən gəldikdən sonra Qazax rayon Hərbi Komissarlığında gizir vəzifəsində çalışmışdır. Döyüşlərə könüllü getmiş və komandir vəzifəsində çalışmışdır. Axundov Əşrəf Bəhram oğlu 14 iyun 1994-cü ildə şəhid olmuşdur.

Bənnayeva Ruhiyyə Mustafa qızı


Bənnayeva Ruhiyyə Mustafa qızı 14 yanvar 1977-ci ildə Qazax rayonunun Kommuna  (indiki Bala Çaylı) kəndində anadan olmuşdur. 1984-cü ildə Kommuna kənd 8 illik məktəbin birinci sinfinə daxil olmuşdur. 14 iyun 1992-ci ildə ermənilərin Kommuna kəndini atəşə tutması nəticəsində evlərinə düşən qrat ərmisindən şəhid olmuşdur.

Nağıyev Qorxmaz Nadir oğlu


Nağıyev Qorxmaz Nadir oğlu 17 iyun 1965-ci ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 1972-ci ildə Bala Çaylı kənd 8 illik məktəbin birinci sinfinə daxil olub. 1980-ci ildə həmin məktəbi bitirib. 1981-82-ci illərdə Çaylı kənd 1 saylı tam orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra sovet ordusunda xidmət edib. Qayıtdıqdan sonra kənddə fərdi təsərrüfatda məşğul olub. 14 iyun 1992-ci ildə Bala Çaylı kəndində düşmən tərəfindən atılan qrat mərmisi nəticəsində şəhid olmuşdur. 15 iyun 1992-ci ildə Çaylı kəndində Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Qocayev Mürsəl Məhəmməd oğlu


Qocayev Mürsəl Məhəmməd oğlu 1 mart 1958-ci ildə Qazax rayonunun Əli Bayramlı (indiki Aslanbəyli) kəndində anadan olmuşdur. 1965-ci ildə (Əli Bayramlı) hazırkı Aslanbəyli kənd orta məktəbin birinci sinfinə getmiş,1975-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1977-79-cu illərdə sovet ordusu sıralarında xidmət etmişdir. Ordudan  qayıtdıqdan sonra Aslanbəyli kəndində fəhlə işləmişdir. 15 iyun 1994-cü ildə Qazax  rayonunun Aslanbəyli kəndi ilə Ermənistan Respublikasının sərhəddində ermənilər   tərəfindən atılan atəş nəticəsində şəhid olmuşdur.

Alisgəndərov Məhəmməd Mahmud oğlu


Alisgəndərov Məhəmməd Mahmud oğlu 1 iyul 1933-cü ildə Qazax rayonunun Əli  Bayramlı (hazırki Aslanbəyli) kəndində anadan olmuşdur. Aslanbəyli kəndində yaşamışdır. 15 iyun 1994-cü ildə Qazax rayonunun Aslanbəyli kəndi ilə Ermənistan  Respublikasının sərhəddində ermənilər tərəfindən atılan atəş nəticəsində şəhid  olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur.

Mahmudov Mahmud Abdulla oğlu


Mahmudov Mahmud Abdulla oğlu 23 iyul 1971-ci ildə Yuxarı Əskipara kəndində anadan olmuşdur. 1978-ci ildə Yuxarı Əskipara kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1988-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1992-ci ildə Milli Orduya xidmətə çağırılmışdır. 15 iyun 1993-cü ildə Məzəm kəndində gedən döyüşlərdə minaya düşərək şəhid olmuşdur. Ağköynək kənd qəbiristanlığında dəfn edilmişdir.

Məmmədov Natiq Məhəmməd oğlu


Məmmədov Natiq Məhəmməd oğlu 12 avqust 1967-ci ildə Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1974-cü ildə Məzəm kənd ibtidai məktəbinin birinci sinfinə daxil olmuşdur. 1985-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbini bitirmiş və ordu sıralarına çağırılmışdır. Ordudan tərxis olunduqdan sonra polis orqanlarında çalışmışdır. Məmmədov Natiq Məhəmməd oğlu 16 iyun 2005-ci ildə Məzəm kəndində düşmən snayperindən açılan atəş nəticəsində şəhid olmuşdur. Ailəli idi. 2 övladı var.


Geri qayıt