Əsas Səhifə > Şəhidlər > Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq

Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq


5-05-2019, 09:14


Şəhidlik uca zirvədir. Şəhidlik elə bir uca zirvədir ki, ana Vətən uğrunda canını qurban verib bu zirvəyə yüksələn oğullarımız  bizim aramızda olmasa da, ürəklərimizdə hər zaman yaşayırlar. Şəhid oldunsa demək ki, əbədi olaraq yanacaq məşəlin var. Vətən yolunda şəhid olmaq, canını fəda vermək insandan ürək istər, cəsarət istər, Vətənə sevgi istər. Bütün bunları özündə duyub Vətənin azadlığı uğrunda döyüşərək şəhid adına ucalan neçə-neçə igid oğullarımız var. Onları unutsaq nə tarix, nə də Vətən bizi bağışlamaz. Odur ki, ilk işimiz torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalanların xatirəsini daim yüksək tutmaq, onları gəncliyə nümunə göstərmək olmalıdır. Gələcək nəsilləri dünənimiz, keçmişimiz haqqında hər zaman məlumatlandırmalıyıq. Ən əsası da onlara Vətənə sevgi hissini aşılmalıyıq. Şəhidlərimizi, onların keçdikləri qısa, lakin şərəfli ömür yolunu, qəhrəmanlığını nümunə göstərməliyik. Bu gün düşmənlə 168 km sərhəddi olan, 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altında olan Qazax rayonunda da vətənpərvərlik hissi, döyüş ruhu hər zaman yüksək səviyyədə olub və bu, bundan sonra da belə olacaqdır. Qazaxlı gənclərdə ən ali səviyyədə olan bu hiss sayəsində bu gün Qazax rayonu yüzlərlə şəhid verib. 280-dən çox şəhidi olan, 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Qazaxda hər bir gənc torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmağa hazırdır. Qazaxda Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi hər zaman uca tutulur. Rayonda Vətənin müstəqilliyi və ərazi bütövlüyü naminə ölümün gözünə dik baxan şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı hər zaman diqqət mərkəzində saxlanılır. Rayon rəhbərinin ilk gündən şəhidlərimizə xüsusi diqqət ayırması, onların ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, əsaslı şəkildə təmir edilməsi, xüsusilə də şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işləri və şəhidlərimizin adı, şəkli əks olunmuş lövhələrin vurulması bu istiqamətdə görülən əməli işlərdir. Rayonumuza gələn hər bir qonağın, eləcə də adi rayon sakinlərinin şəhərin mərkəzində yerləşən bu müqəddəs məkana – Şəhidlər xiyabanına baş çəkməsi, əziz xatirələrini ehtiramla yad etmələri şəhidlərə olan böyük ehtiramdan xəbər verir. Rayonda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başlaması, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etmələri, hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar oxunması, əziz xatirələrinin dərin ehtiramla yad olunması şəhidlərimizin daim qəlblərdə yaşaması deməkdir.

GOYEZEN.AZ saytı da mütəmadi olaraq şəhidlərimizlə bağlı silsilə yazılar dərc edir, Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz xatirələrini yad edir. Bu həftə də doğum günü olan, şəhidlik adlı zirvəyə ucaldıqları günləri qeyd olunan Göycə Eyvazovun, Vüqar Süleymanovun, İmran Mancanovun, Şərifə Talıbovanın, Nuridə Pirvəliyevanın, Arif Məsmalıyevin, Şakir Əsgərovun, Cavad Süleymanovun, Məhəmməd Bayramovun əziz xatirəsini yad edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Eyvazov Göycə Bilal oğlu


Eyvazov Göycə Bilal oğlu 2 aprel 1965-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. Şəhid Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 saylı tam orta məktəbdə təhsil almışdır. 1983-cü ildə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. Eyvazov Göycə Bilal oğlu 29 aprel 1994-cü ildə Ağdam rayonunda gedən döyüşlərdə itkin düşmüşdür.

Süleymanov Vüqar İdris oğlu

 

Süleymanov Vüqar İdris oğlu 30 aprel 1971-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft Akademiyasına daxil olmuşdur. 1994-cü ildə Neft Akademiyasının ll kursunu yarımçıq qoyaraq Qarabağa döyüşə getmişdir. 13 yanvar 1994-cü ildə Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi.

Mancanov İmran Kərəm oğlu

 

Mancanov İmran Kərəm oğlu 3 may 1961-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. Şəhid Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 saylı tam orta məktəbdə təhsil almışdır. 1981-1983-cü illərdə keçmiş sovetlər birliyi ordusunda hərbi xidmətdə olmuşdur. Mancanov İmran Kərəm oğlu 30 aprel 1994-cü ildə Tərtər rayonunda gedən döyüşlərdə şəhid olmuşdur. Bu həyatda qəribə taleyi olan insanlardan biri də Mancanov İmran Kərəm oğlu idi. O, dünyaya gəldiyi gün – may ayının 3-də Daş Salahlı kənd Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Talıbova Şərifə Qəfər qızı


Talıbova Şərifə Qəfər qızı 15 sentyabr 1963-cü ildə Qazax rayonunun Quşçu Ayrım kəndində anadan olmuşdur. 1970-ci ildə Quşçu Ayrım kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1980-ci ildə həmin məktəbi bitirmişdir. Talıbova Şərifə Qəfər qızı 1 may 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən Quşçu Ayrım kəndinə atılan top  mərmisinin qəlpəsindən şəhid olmuşdur. Ailəli idi. 2 övladı var.

Pirvəliyeva Nuridə Cəlal qızı


Pirvəliyeva Nuridə Cəlal qızı 26 avqust 1987-ci ildə Quşçu Ayrım kəndində anadan olmuşdur. 1 may 1993-cü ildə ermənilərin Quşçu Ayrım kəndinə atdığı top mərmisinin qəlpəsindən şəhid olmuşdur.

Məsmalıyev Arif Rəhim oğlu


Məsmalıyev Arif Rəhim oğlu 2 may 1971-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1978-ci ildə Çaylı kənd 1 saylı orta məktəbin birinci sinfinə daxil  olmuşdur. 825-ci Hərbi Hissənin II batalyonunda Vətən uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Məsmalıyev Arif Rəhim oğlu 19 yanvar 1994-cü ildə Lələkənd ətrafı ərazilərdə gedən döyüşlərdə şəhid olmuşdur.

Əsgərov Şakir Əsgər oğlu


Əsgərov Şakir Əsgər oğlu 31 mart 1966-cı ildə Ermənistanın Respublikasının Noyanbryan rayonunun Ayrım qəsəbəsində anadan olmuşdur. 1973-1983-cü illərdə Noyanbryan rayonunun Aşağı Körpülü kənd orta məktəbinində təhsil almışdır. 1984-1986-cı illərdə SSRİ-də Moskva şəhərində hərbi xidmətdə olmuşdur. 3 may 1993-cü ildə ermənilər tərəfindən açılan atəş nəticəsində şəhid olmuşdur.

Süleymanov Cavad Musa oğlu


Süleymanov Cavad Musa oğlu 1932-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Uzun müddət sovxozda çoban işləmişdir. 1993-cü ilin may ayının 3-də ermənilərlə sərhəd olan ərazidə düşmən tərəfindən odlu silahla qətlə yetirilmişdir.

Bayramov Məhəmməd Xəlil oğlu


 

Bayramov Məhəmməd Xəlil oğlu 3 may 1933-cü ildə Qazax rayonunun Əli Bayramlı (hazırki Aslanbəyli) kəndində anadan olmuşdur. Aslanbəyli kəndində yaşamışdır. 6 may 1998-ci ildə Qazax rayonunun Aslanbəyli kəndi ilə Ermənistan Respublikasının sərhədində çöl sahəsində ot biçərkən ermənilər tərəfindən atılan atəş nəticəsində şəhid olmuşdur. Aslanbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur. 


Geri qayıt