Əsas Səhifə > Şəhidlər > Kapitan Mühüd Orucovun adını daşıyan tədris mərkəzinin tələbələri şəhidin xatirəsini yad ediblər

Kapitan Mühüd Orucovun adını daşıyan tədris mərkəzinin tələbələri şəhidin xatirəsini yad ediblər


10-04-2019, 11:30


2016-cı ilin Aprel döyüşləri xalqımıza qələbə sevinci yaşatmaqla bərabər Böyük Qələbənin də başlanğıcı oldu. Düşmən təxribatının qarşısı alındı, ona sarsıdıcı zərbə vuruldu. Həmin döyüşlərdə ordumuz tərəfindən qısa müddətdə 2000 hektardan artıq ərazi azad edildi və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçdi. Eyni zamanda, döyüşlər zamanı düşmənlərimizlə yanaşı, bütün dünyaya sübut olundu ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, dövlətimizin başçısı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində dünyanın inkişaf etmiş orduları sırasında dayanan güclü ordumuz var. Ali Baş Komandanın əmri ilə işğal altında olan bütün Azərbaycan torpaqlarını azad etməyə qadir olan igid və mərd oğullarımız var.

Aprel döyüşlərində Qazaxın üç nəfər mərd oğlu – kapitan Orucov Mühüd Qurban oğlu, baş leytenant Namazov Elvin Məmməd oğlu və əsgər Əliyev Orxan Məhəmməd oğlu da Vətən, xalq, millət, torpaqlarımızın ərazi bütövlüyü naminə canından keçərək şəhidlik zirvəsinə ucaldı. Bu gün hər bir qazaxlı bütün şəhidləri, o cümlədən də Aprel şəhidləri ilə fəxr edir və qürur hissi keçirir.

Şəhidlərimizin xatirəsini yad etmək, onların keçdiyi döyüş yolunu yetişməkdə olan gənc nəsilə çatdırmaq üçün hər bir Azərbaycan vətəndaşı böyük səylə çalışmalı, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. 2011-ci ilin aprel ayının 1-də yaranmış, 2016-cı ilin aprelindən isə Aprel şəhidi kapitan Mühüd Orucovun adını daşıyan Tədris Mərkəzi də bu istiqamətdə məqsədyönlü işlər görür. Şəhidin adını daşıyan mərkəzdə bütün şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilir. Mərkəzin ən böyük misssiyası şəhidin həyat və döyüş yolunu, Vətən torpaqlarının bütövlüyü uğrunda göstərdiyi qəhrəmanlıqları mərkəzdə təhsil alan tələbələrə çatdırmaqdır. Ən əsası da şəhid ailələrinin övladlarının təhsili təmənnasız olaraq həyata keçirilir. Bundan əlavə, tədris mərkəzinin bütün kollektivi tərəfindən daim əsgər və zabitlərimiz yad edilir, bayramlarda və özəl günlərdə onlara sovqatlar göndərilir. Bütün bunlar tədris mərkəzində bir ənənə halına çevrilib.

Tədbirlərdə iştiraka ilk olaraq Aprel döyüşlərində orduya dəstək aksiyasından başlayan tələbələr bu gün demək olar ki, rayonda keçirilən bütün ictimai tedbirlərdə daim fəal iştirak edirlər.

Mərkəzin tələbələri şəhid kapitan Mühüd Orucovun 3-cü ildönümü münasibətilə şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edib, şəkli əks olunmuş lövhə və memorial önünə, xatirəsinə tikilmiş bulağın qarşısına gül dəstəsi qoyublar. Mərkəzin kollektivi olaraq uca zirvəyə yüksəlmiş Vətən oğluna öz ehtiramlarını bildiriblər.



GOYEZEN.AZ


Geri qayıt