Torpaqlarımızın
qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik
zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Vətən torpaqları tam olsun
deyə canlarından keçmiş şəhidlərimizin hünəri gənclərimizə örnəkdir. Hər bir
Azərbaycan vətəndaşı öz Milli Qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat
yolundan çox şeyləri öyrənməlidir. Şəhidlərimizi
- xalqımızın milli müstəqilliyi, azadlığı uğrunda ölümün gözünə dik baxaraq şəhidlik
adlı zirvəyə yüksəlməyi bacaran qeyrətli oğullarımızı yad etmək hər birimizin
ən müqəddəs borcu olmalıdır. Bu igid oğul və qızlarımızın bizim nisgilimiz, kədərimiz, ürək
ağrımızla yanaşı, həm də qürurumuz, vüqarımız, fəxrimiz olduqlarını heç zaman
unutmamalıyıq. İlk və əsas işimiz canlarını Vətənə fəda edən igid oğullarımızı
xatırlamaq, yad etmək, ən əsası da gələcək nəsillərə örnək göstərmək olmalıdır.
Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur.
Bu gün düşmənlə 168 km sərhəddi olan, 5
kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu,
Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi
7 kəndi hələ də düşmən tapdağı altında olan Qazax rayonu da yüzlərlə şəhid
verib. Bu gün Qazaxın Vətən uğrunda canından keçən 285 nəfər şəhidi var ki,
onlardan 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Qazaxda Vətən
torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi isə hər
zaman uca tutulur. Rayonda Vətənin müstəqilliyi və ərazi bütövlüyü naminə
canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı hər zaman
diqqət mərkəzində saxlanılır. Rayon rəhbərinin ilk gündən şəhidlərimizə xüsusi
diqqət ayırması, onların ailə üzvlərinə daim qayğı ilə yanaşması,
şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış
abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, əsaslı
şəkildə təmir edilməsi, xüsusilə də şəhərin mərkəzində yerləşən Şəhidlər
xiyabanında aparılan abadlıq işləri və 285 şəhidin adı, şəkli əks olunmuş
lövhələrin vurulması bu istiqamətdə görülən əməli işlərin bariz nümunəsidir.
Rayonumuza
gələn hər bir qonağın, eləcə də adi rayon sakinlərinin şəhərin mərkəzində
yerləşən bu müqəddəs məkana – Şəhidlər xiyabanına baş çəkməsi, əziz
xatirələrini ehtiramla yad etmələri şəhidlərə olan böyük ehtiramdan xəbər
verir. Rayonda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə
başlaması, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etmələri, hər bir
Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər xiyabanında ruhlarına dualar
oxunması, əziz xatirələrinin dərin ehtiramla yad olunması şəhidlərimizin
daim qəlblərdə yaşaması deməkdir.
GOYEZEN.AZ saytı da
mütəmadi olaraq şəhidlərimizlə bağlı silsilə yazılar dərc edir, Vətən uğrunda
canından keçmiş, doğum və anım günü olan şəhidlərimizin əziz
xatirələrini yad edir. Bu həftə də doğum günü olan, şəhidlik adlı zirvəyə
ucaldıqları günləri qeyd olunan şəhidlərimizdən Dursun Allahverənovun, İmran Allahverənovun,
Dilqəm Zeynalovun, Ayaz Mehtiyevin, Niyazi Quliyevin, Qulu Yusifovun, Rafiq İsmayılovun, Akşın Məmmədovun,
Havaxanım Əsgərovanın, Hafiz
Adıgözəlovun, Kamran
Əmrahovun, Bəxtiyar Əmrahovun, Xəqani Sanıyevin əziz xatirəsini yad edir. Allah bütün
şəhidlərimizə rəhmət eləsin.
Allahverənov
Dursun Vəli oglu
Allahverənov
Dursun Vəli oglu 18 iyul 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində
anadan olmuşdur. 1955-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbinin birinci
sinfinə daxil olmuşdur. 1965-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir.
1967-ci ildən 1969-cu ilə qədər keçmiş SSRİ silahlı qüvvələrində hərbi xidmətdə
olmuşdur. 1988-1992-ci illərdə Aşağı Əskipara kəndi istiqamətində erməni
işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. 21 mart 1992-ci ildə
Aşağı Əskipara kəndi uğrunda gedən döyüşdə özü və oğlu Allahverənov İmran
Dursun oğlu ilə birlikdə şəhid olmuşdur.
Allahverənov İmran Dursun oğlu
Allahverənov
İmran Dursun oğlu 12 avqust 1974-cü ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1981-ci
ildə Aşağı Əskipara kənd tam orta məktəbin birinci sinfinə daxil olmuşdur.
1991-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Məktəbi bitirdikdən
sonra könüllü olaraq N saylı hərbi hissənin tərkibində Aşağı Əskipara kəndi istiqamətində erməni işğalçılarına
qarşı gedən döyüşlərdə iştirak etmişdir. 21 mart 1992-ci ildə Aşağı Əskipara kəndi
uğrunda gedən döyüşdə şəhid olmuşdur.
Zeynalov Dilqəm Camal oğlu
Zeynalov
Dilqəm Camal oğlu 4 avqust 1974-cü ildə Qazax rayonunun Orta Salahlı kəndində
anadan olmuşdur. 1981-ci ildə Orta Salahlı kənd tam orta məktəbinin birinci
sinfinə daxil olmuş, 1991-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir.
1992-ci ildə həqiqi hərbi xidmətə getmiş, 21 mart 1996-cı ildə Ağdam rayonunun
Təzəkənd kəndində gedən döyüşlərdə şəhid olmuşdur.
Mehtiyev Ayaz Oruc oğlu
Mehtiyev Ayaz Oruc oğlu 25 yanvar 1973-cü
ildə Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 22 mart 1992-ci ildə UAZ
markalı maşınla gedərkən Cəfərli kəndi ərazisində erməni işğalçılarının yola
qoyduqları minanın partlaması nəticəsində şəhid olmuşdur. 1992-ci ildə şəhid
statusu verilmişdir.
Quliyev Niyazi Allahverdi oğlu
Quliyev
Niyazi Allahverdi oğlu 26 fevral 1975-ci ildə Qazax rayonunun Cəfərli kəndində
anadan olmuşdur. 1981-ci ildə Cəfərli kənd orta məktəbin birinci sinfinə daxil
olmuş, 1991-сi ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1992-сi il mart
ayının 22-də Sofulu kənd əhalisinin ev əşyalarının çıxarılmasına kömək edərkən
Cəfərli-Sofulu yolunda "UAZ” markalı avtomobildə ermənilər tərəfindən qoyulmuş
minaya düşmüşdür.
Yusifov Qulu Firuddin oğlu
Yusifov
Qulu Firuddin oğlu 11 mart 1974-cü ildə Qazax rayonunun Cəfərli kəndində anadan
olmuşdur. 1981-ci ildə Cəfərli kənd orta məktəbin birinci sinfinə daxil olmuş,
1991-сi ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1992-сi il mart ayının
22-də Sofulu kənd əhalisinin ev əşyalarının çıxarılmasına kömək edərkən Cəfərli-Sofulu
yolunda "UAZ” markalı avtomobildə ermənilər tərəfindən qoyulmuş minaya
düşmüşdür.
İsmayılov Rafiq Namaz oğlu
İsmayılov Rafiq Namaz oğlu 15
fevral 1966-cı ildə Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 22 mart
1992-ci ildə UAZ markalı maşınla gedərkən Cəfərli kəndi ərazisində erməni
işğalçılarının yola qoyduqları minanın partlaması nəticəsində ağır yaralanmış,
bir gün sonra 23 mart 1992-ci ildə şəhid olmuşdur. 1992-ci ildən şəhid statusu
verilmişdir.
Məmmədov Akşın Vəlyəddin oğlu
Məmmədov
Akşın Vəlyəddin oğlu 23 mart 1976-cı ildə Qazax rayonunun Xanlıqlar kəndində
anadan olmuşdur. Xanlıqlar kənd tam orta
məktəbi bitirdikdən sonra 1994-cü ildə Azərbaycan Milli Ordusuna hərbi xidmətə
getmişdir. 1997-ci il yanvar ayının 16-da Murovdağda Gülüstan qəsəbəsində döyüş
tapşırığını yerinə yetirərkən mina partlayışı zamanı şəhid olmuşdur. İstehkamçı
manqa komandiri olmuşdur. Subay idi.
Əsgərova Havaxanım Dədəş qızı
Əsgərova
Havaxanım Dədəş qızı 23 dekabr 1956-cı ildə Qazax rayonunun Bağanıs Ayrım kəndində
anadan olmuşdur. 1964-cü ildə Bağanıs Ayrım kənd ibtidai məktəbinin birinci sinfinə getmişdir. 1974-cü ildə Aşağı
Əskipara kənd orta məktəbinin onuncu sinfini bitirmişdir. 24 mart 1990-cı ildə Bağanıs Ayrım kəndinə erməni
işğalçılarının hücumu nəticəsində azyaşlı uşağı ilə birlikdə yandırılmışdır.
Adıgözəlov Hafiz Ramiz oğlu
Adıgözəlov
Hafiz Ramiz oğlu 5 fevral 1990-cı ildə Qazax rayonunun Bağanıs Ayrım kəndində
anadan olmuşdur. 24 mart 1990-cı ildə Bağanıs Ayrım kəndinə erməni işğalçılarının
hücumu nəticəsində yandırılaraq həlak olmuşdur.
Əmrahov Kamran Əziz oğlu
Əmrahov
Kamran Əziz oğlu 29 avqust 1959-cu ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1966-cı
ildə Çaylı kənd 1 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş və 1976-cı
ildə həmin orta məktəbi bitirmişdir. Həmin il Neft Akademiyasının Geoloji Kəşfiyyat
fakültəsinə daxil olmuş və 1981-ci ildə akademiyanı bitirmişdir. Həmin təyinatla
Neft daşlarına mühəndis göndərilmiş və orada çalışmışdır. 1987-1989-cu illərdə
SSRİ-nin silahlı qüvvələrində hərbi xidmət etmişdir. Əmrahov Kamran Əziz oğlu
24 mart 1990-cı ildə Bağanıs Ayrım kəndi yaxınlığında gedən döyüşlərdə
yaralanmış və ermənilər tərəfindən əsir götürülmüşdür. Sonra məlum olmuşdur ki,
ermənilər tərəfindən vəhşicəsinə yandırılmışdır. Əmrahov Kamran Əziz oğlu Çaylı
kənd Şəhidlər xiyabanında dəfn edilmişdir. Adını əbədiləşdirmək üçün adına
bulaq çəkilmişdir.
Əmrahov Bəxtiyar Əziz oğlu
Əmrahov
Bəxtiyar Əziz oğlu 1 yanvar 1961-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1967-ci ildə Çaylı kənd 1
saylı orta məktəbin birinci sinfinə daxil olmuş, 1977-ci ildə həmin orta məktəbi bitirmişdir. Çingiz İldırım adına
Azərbaycan Politexnik Universitetinə daxil olmuş və orada təhsil almışdır. Bakı
şəhərində mexanika sahəsi üzrə işləmişdir. Əmrahov Bəxtiyar Əziz oğlu 24 mart 1990-cı
ildə Bağanıs Ayrım kəndi yaxınlığında gedən döyüşlərdə yaralanmış və ermənilər
tərəfindən əsir götürülmüşdür. Sonra məlum olmuşdur ki, ermənilər tərəfindən vəhşicəsinə
yandırılmışdır.
Sanıyev Xəqani Şəmsəddin oğlu
Sanıyev
Xəqani Şəmsəddin oğlu 19 may 1962-ci ildə Qazax rayonunun Kommuna (indiki Bala
Çaylı) kəndində anadan olmuşdur. 1968-ci ildə Kommuna kənd orta məktəbin
birinci sinfinə daxil olmuş, 1976-cı ildə həmin məktəbin səkkizinci
sinfini bitirmişdir. 1976-1978-ci illərdə
Çaylı kənd 1 saylı tam orta məktəbin onuncu sinfini bitirmişdir. Orta məktəbi
bitirdikdən sonra o vaxtlar Lenin adına Dövlət Pedoqoji İnstitutun coğrafiya
fakültəsinə daxil olmuşdur. İnstitutu bitirdikdən sonra təyinatla İsmayıllı rayonunun Hacıhəsənli kənd
orta məktəbində coğrafiya müəllimi işləmişdir. 1986-cı ildən isə Qazax
rayonunun Ürkməzli kənd orta məktəbində müəllimlik fəaliyyətini davam
etdirmişdir. 24 mart 1990-cı ildə ermənilər Bağanıs Ayrım kəndini mühasirəyə
alarkən köməyə gedən zaman yaralanmış və şəhid olmuşdur.
Geri qayıt
|