Əsas Səhifə > Şəhidlər > Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi şəhid ailələrinə bayram sovqatı çatdırıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi şəhid ailələrinə bayram sovqatı çatdırıb


20-03-2019, 15:20

Bəzi tarixi hadisələr var ki, müəyyən dövrdən sonra unudulur. Lakin elə zaman, elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə bu tarixi gün daha çox xatırlanır, insanların yolunu işıqlı bir zirvəyə doğru aparır. Bu, ən ali, müqəddəs və şərəfli bir yolun sonu olan şəhidlik zirvəsidir. Çünki şəhidlər Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlardır. Bu cür insanlar yüksək əxlaqi keyfiyyətə malik olmaqla, qəlblərində Vətənə, millətə sevgi olduğu üçün şəhadət mərtəbəsinə ucalırlar. Bu gün düşmənlə 168 km sərhəddi olan, 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altında olan Qazax rayonu da yüzlərlə şəhid verib. Bu gün Qazaxın Vətən uğrunda canından keçən 285 nəfər şəhidi var ki, onlardan 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Qazaxda Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi isə hər zaman uca tutulur. Bütün əlamətdar günlərdə, bayramlarda şəhid ailələri daim diqqət mərkəzində saxlanılır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin kollektivi də şəhid ailələrini mütəmadi olaraq yad edir, onların gündəlik qayğıları ilə maraqlanırlar. Şöbə tərəfindən şəhid ailələri ilə keçirilən görüşlər demək olar ki, ənənə halını alıb. Bütün bayramlarda olduğu kimi, Novruz bayramında da şəhid ailələrinə bayram sovqatı paylanılıb.

Şöbənin şəxsi heyəti və "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev Novruz bayramı münasibətilə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Qazax igidlərinin evlərində qonaq olub, Novruz bayramı münasibətilə təbrik ediblər.

Abbasbəyli kəndində Nəbiyev Arzu Abdulla oğlunun, Canalı kəndində Sadiqi Adil Rza oğlunun, Ağköynək kəndində İsmayılov Akif Qabil oğlunun və Çaylı kəndində Göşşüyev Vidadi Mürsəl oğlunun ailələrini ziyarət edərək onların daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduqlarını bildiriblər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, mayor Mehman Rəhimov şəhid ailələri ilə keçirilən görüşdə çıxış edərək torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarının ailələrinə göstərilən yüksək diqqət və qayğıdan danışıb. Prezident İlham Əliyevin şəhid ailələri ilə görüşündə onlara nə qədər yüksək dəyər verdiyini bir daha nümayiş etdirdiyini qeyd edib. Bildirib ki, dövlət başçımız Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi haqqında sərəncam imzalayıb. Həmçinin, şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün məbləği artırılıb. Bütün bunlar şəhid ailələrinə göstərilən diqqət və qayğının göstəricisidir.

Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.









GOYEZEN.AZ


Geri qayıt