Əsas Səhifə > Şəhidlər > Xocalı faciəsi xalqımızın başına gətirilən ən dəhşətli soyqırımlarından biridir

Xocalı faciəsi xalqımızın başına gətirilən ən dəhşətli soyqırımlarından biridir


19-02-2019, 15:47

Xocalı faciəsi tarix boyu erməni qəsbkarları tərəfindən xalqımızın başına gətirilən ən dəhşətli soyqırımlarından biridir. Xocalı soyqırımı iki yüz ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Bu qanlı faciədən 27 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçmiş, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeritmiş, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar. Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülmüş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür.

Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında Respublika Prezidentinin 5 fevral 2019-cu il tarixli Sərəncamı da bunu bir daha sübut etdi.

Həmin Sərəncama əsasən respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Xocalı soyqırımının iyirmi yeddinci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Respublika Prezidentinin "Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” 2019-cu il 5 fevral tarixli 930 nömrəli və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 2019-cu il 6 fevral tarixli 11 nömrəli Sərəncamlarını rəhbər tutaraq Qazax rayonu üzrə Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında 11 fevral 2019-cu il tarixli Sərəncam imzalayıb. 9-21/32 nömrəli Sərəncama əsasən Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanıb.

Həmin tədbirlər planına uyğun olaraq rayonda fəaliyyət göstərən idarə və təşkilatlarda, eləcə də təhsil, səhiyyə və mədəniyyət müəssisələrində anım tədbirlərinin qeyd olunmasına başlanılıb.

Qazax rayon Statistika İdarəsində, Mənzil İstismar Sahəsində, Melioservis İdarəsində, Suvarma Sistemləri İdarəsində anım tədbirləri keçirilib.

Bütün tədbirlərdə əvvəlcə Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxışlarda xalqımızın başına gətirilən müsibətlərdən söz açılıb, o qanlı günlərə bir daha nəzər salınıb. "Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı tədbirlərin keçirildiyi qeyd olunub. Bildirilib ki, bugünkü gənc nəsil bu qətliamı unutmamalı və Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqda bütün səylərini səfərbər etməlidirlər.

GOYEZEN.AZ

 


Geri qayıt