Vətənpərvərlik
tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, hər an Vətəninin və xalqının
müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Bu baxımdan Vətənə,
doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda gənclərin
milli-mənəvi dəyərlərinə sahib çıxması, qoruyub saxlaması üçün var qüvvəmizlə
çalışmalıyıq. Gənclərin dövlətinin tərəqqisi üçün can yandırması, doğma
xalqının tarixini, keçmişini, dünənini və bu gününü yaxından öyrənməsi üçün əlimizdən
gələni əsirgəməməliyik. Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin
daha da gücləndirilməsi sahəsində hər birimiz məqsədəuyğun işlər görməliyik. Gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində
başlıca amillərdən biri isə xalqımızın azadlığı, torpaqlarımızın ərazi
bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın keçdikləri döyüş
yollarını nümunə göstərməkdir. Vətənin tam
olması üçün öz canından, qanından keçərək bütün yüksəkliklərdən ucada dayanan
şəhidlik zirvəsinə yüksələnləri tanıtmaq isə hər birimizin vətəndaşlıq
borcu olmalıdır.
Bu gün minlərlə
şəhidi olan Azərbaycanda elə bir bölgə, elə bir kənd və qəsəbə tapılmaz ki,
orada bir şəhid məzarı olmasın. Düşmənlə 168 km məsafədə sərhəddi olan, 5 kəndi
daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı,
Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi
hələ də düşmən tapdağı altında olan Qazax rayonu da yüzlərlə şəhid verib. Bu
gün Qazaxın Vətən uğrunda canından keçən 285 nəfər şəhidi var. 7 nəfər igid
oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Qazaxda Vətən
torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi isə hər
zaman əziz tutulur. Bunu rayonda Vətənin müstəqilliyi və ərazi
bütövlüyü naminə canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə olan
qayğıdan da aydın şəkildə görmək olar. Rayon rəhbərinin fəaliyyətə başladığı
ilk gündən şəhidlərimizə xüsusi diqqət ayırması, onların ailə üzvlərinə daim
qayğı ilə yanaşması bunun bariz nümunəsidir. Bundan əlavə, son iki il yarımda
şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış
abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, əsaslı şəkildə
təmir edilməsi, Xüsusilə də şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanında
aparılan abadlıq işləri və 285 şəhidin adı, şəkli əks olunmuş lövhələrin
vurulması bu istiqamətdə görülən əməli işlərin əyani sübutudur.
Bundan əlavə,
rayonumuza gələn qonaqların şəhərin mərkəzində yerləşən bu müqəddəs məkana –
Şəhidlər Xiyabanına baş çəkməsi, əziz xatirələrini ehtiramla yad etmələri
şəhidlərə olan böyük ehtiramdır. Rayonda keçirilən tədbirlərin öncə bu müqəddəs
məkanı ziyarətlə başlaması, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət
etmələri, hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər Xiyabanında
ruhlarına dualar oxunması, əziz xatirələrinin dərin ehtiramla yad
olunması şəhidlərimizin daim qəlblərdə yaşaması deməkdir.
GOYEZEN.AZ saytı olaraq Vətən uğrunda canından keçmiş,
doğum və anım günü olan şəhidlərimizdən - Elşad Yusifovun, Rövşən Alıyevin, Baləgədə Hacıyevin, Elburus Məmmədovun, Qalib
Əliyevin, Ədilxan Bəşirovun, Əhməd Əliyevin, Elman Əliyevin əziz xatirəsini yad edirik. Allah bütün şəhidlərimizə
rəhmət eləsin.
Yusifov Elşad İbrahim oğlu
Yusifov Elşad İbrahim oğlu 7
yanvar 1967-ci ildə Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 20 may
1994-cü ildə Quşçu Ayrım kəndi ərazisində erməni işğalçılarının tankı partlatması
nəticəsində şəhid olmuşdur. 1994-cü ildə şəhid statusu verilmişdir.
Alıyev Rövşən Cəbrayıl oğlu
Alıyev Rövşən Cəbrayıl oğlu 1
oktyabr 1977-ci ildə Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 1984-cü ildə
Qızılhacılı kənd ibtidai məktəbinin birinci sinfinə daxil olmuş, 1995-ci Qazax şəhər S.Vurğun adına 2 saylı tam orta məktəbin onuncu sinfini bitirmişdir. Sumqayıt şəhər Mədəniyyət şöbəsinin nəzdində mühasib ixtisası üzrə təhsil
almışdır. 1997-ci ildə Azərbaycanın Milli Ordu sıralarına çağırılmışdır.
8 yanvar 1998-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndi istiqamətində gedən döyüşdə şəhid olmuşdur. Subay idi.
Hacıyev Baləgədə Həsən oğlu
Hacıyev Balagədə Həsən oğlu 8 yanvar 1941-ci ildə Qazax rayonunun
Qaymaqlı kəndində anadan olmuşdur. 1948-ci ildə Qaymaqlı kənd tam orta məktəbin
birinci sinfinə daxil olmuş, 1958-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir.
1959-62-ci illərdə Xaborovski şəhərində hərbi xidmətdə olmuşdur. 1963-cü ildən ömrünün sonuna qədər mexanizator vəzifəsində işləmişdir. 27
oktyabr 1991-ci ildə şəhid olmuşdur.
Məmmədov Elburus Veyis oğlu
Məmmədov Elburus Veyis oğlu 9
yanvar 1981-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. 10
may 1996-cı ildə Kəmərli kəndində gülə yarasından şəhid olmuşdur.
Əliyev Qalib Nazim oğlu
Əliyev Qalib Nazim oğlu 25 avqust
1975-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. 1981-ci ildə
Kosalar kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1991-ci il tarixdə
həmin orta məktəbin onuncu sinfini bitirmişdir. 1993-cü ildə Azərbaycan Milli
Ordusuna hərbi xidmətə getmiş, 10 yanvar 1994-cü ildə Fizuli bölgəsində döyüş
zamanı itkin düşmüşdür. Qazax rayon Məhkəməsinin 19 avqust 1997-ci il tarixli qətnaməsi
ilə itkin düşmüş hesab edilmişdir. Subay idi.
Bəşirov Ədilxan Əmirxan oğlu
Bəşirov Ədilxan Əmirxan oğlu
10 yanvar 1972-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur.
1979-cu ildə Qaymaqlı kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1989-cu
ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1990-cı ildə sovetlər birliyində
hərbi xidmətə çağırılmış, 1992-ci ildə tərxis olmuşdur. Həmin il Azərbaycan
Milli Ordusuna çağırılmışdır. 9 mart 1993-cü ildə Qazax bölgəsində gedən döyüşlərdə
qəhrəmancasına şəhid olmuşdur. Subay idi. Hazırda Qaymaqlı kəndində adına bulaq
var.
Əliyev Əhməd
Mirzə oğlu
Əliyev Əhməd Mirzə oğlu 15
fevral 1970-ci ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1977-ci
ildə Qaymaqlı kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1987-ci ildə həmi
məktəbin onuncu sinfini bitirmişdir. 1989-cu ildə sovetlər birliyində hərbi
xidmətə çağırılmışdır. 1991-ci ildə tərxis olmuşdur. 1993-cü ildə Azərbaycan
Milli Ordusuna çağırılmışdır. 12 yanvar 1993-cü ildə Ağstafa bölgəsində gedən
döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Subay idi. Hazırda Qaymaqlı kənd
kitabxana filialı şəhidin adını daşıyır.
Əliyev Elman Əli oğlu
Əliyev Elman Əli oğlu 10 oktyabr 1959–cu
ildə Qazax rayonunun Hüseynbəyli kəndində anadan olmuşdur. 1966-cı ildə Hüseynbəyli
kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1974-cü ildə həmin məktəbin
səkkizinci sinfini bitirmişdir. 1975-76-cı illərdə Kosalar kənd tam orta məktəbin
onuncu sinfini bitirib. 1991-ci ildə Azərbaycan Ordusu sıralarına çağrılmışdır.
13 yanvar 1994-cü ildə Ağdam rayonu istiqamətlərində gedən döyüşlərdə şəhid
olmuşdur. Ailəlidir. İki övladı var.
Süleymanov Vüqar İdris oğlu
Süleymanov Vüqar İdris oğlu 30 aprel 1971-ci
ildə Qazax rayonunun Xanlıqlar kəndindəanadan olmuşdur. Orta məktəbi bitirdikdən
sonra Azərbaycan Neft Akademiyasına daxil olmuşdur. 1994-cü ildə Neft Akademiyasının ll kursunu yarımçıq
qoyaraq Qarabağa döyüşə getmişdir. 13 yanvar 1994-cü
ildə Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid
olmuşdur. Subay idi.
Geri qayıt
|