Əsas Səhifə > Şəhidlər > Vətən yolunda canlarını qurban vermiş şəhidlərimizin qəhrəmanlığı gənclərimiz üçün örnəkdir
Vətən yolunda canlarını qurban vermiş şəhidlərimizin qəhrəmanlığı gənclərimiz üçün örnəkdir18-11-2018, 10:48 |
Vətən. Nədir vətən? Niyə sevməliyik vətəni? Vətən - doğma diyar, ana yurd... Vətən - babaların, dədələrin əmanəti... Vətən - tariximiz, ənənəmiz, azadlığımızdır... Vətən - bir millətin illər uzunu yaşadığı, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin torpağı ilə birləşdiyi məkandır. Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Biz vətənin suyunu içir, çörəyini yeyir, havasını uduruq. Evimiz, kəndimiz, obamız bu torpaqlardadır. Baba və dədələrimiz bu torpaqlarda uyuyur, ata-anamız bu torpaqlarda addımlayırlar. Vətən müqəddəsdir. Ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş, qorumuş, onun uğrunda vuruşmuşlar. Neçə-neçə igid oğul və qızlarımız bu torpaqlar uğrunda canlarından keçib, şəhidlik rütbəsinə yüksəlmişlər. Vətənpərvərliyin ən ali məqamı isə şəhidlikdir. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Vətənin azadlığı, istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, ölümləri ilə ölümsüzlüyə qovuşur, Vətənə böyük sevgiləri olan belə qəhrəmanların ömür yolu gənclərin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır. Ümummilli lider Heydər Əliyev deyirdi: "Sizin qəhrəmanlığınız bu gün həyata atılan, orduda xidmətə gedən və hərbi xidmətə hazırlaşan gənclər üçün örnəkdir, nümunədir. Vətən yolunda canlarını qurban vermiş, şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanlarının həyatı, onların qəhrəmanlığı bütün xalqımız üçün, o cümlədən, xüsusən gənclərimiz üçün örnəkdir, dərsdir". Bəli, qəhrəmanlıqları ilə dastan yazan igid oğul və qızlarımızı yad etmək, xatırlamaq, gələcək nəsillərə çatdırmaq hər birimizin üzərinə düşən ən müqəddəs vəzifədir. Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalır. Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi isə hələ də düşmən tapdağı altındadır. Qazax rayonu eyni zamanda Vətən torpaqlarının azadlığı uğrunda 285 şəhid verib. 7 igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Rayonumuzda Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı hər zaman yüksək səviyyədə olub. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə xüsusi diqqət ayırır, onların ailə üzvlərinə daim qayğı ilə yanaşır. Son iki il yarımda şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, əsaslı şəkildə təmir edilməsi bu dediklərimizin əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanında aparılan abadlıq işləri, xüsusilə də 285 şəhidin adı və şəkli əks olunmuş lövhələrin vurulması bu istiqamətdə görülən əməli işlər deməkdir. Bundan əlavə, rayonumuza gələn qonaqların şəhərin mərkəzində yerləşən bu müqəddəs məkana – Şəhidlər Xiyabanına baş çəkməsi, əziz xatirələrini ehtiramla yad etmələri şəhidlərə olan böyük ehtiramdır. Rayonda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başlaması, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etmələri, hər bir Vətən oğlunun doğum və ya anım günündə Şəhidlər Xiyabanında ruhlarına dualar oxunması, əziz xatirələrinin dərin ehtiramla yad olunması şəhidlərimizin daim qəlblərdə yaşaması deməkdir. GOYEZEN.AZ saytı olaraq Vətən uğrunda canından keçmiş, doğum və anım günü olan şəhidlərimizdən – Vidadi Mustafayevin, Mustafa Süleymanovun, Mustafa Mustafayevin, Musa Vəliyevin əziz xatirəsini yad edir. Mustafayev Vidadi Məhəmməd oğlu
Mustafayev Vidadi Məhəmməd oğlu 12 noyabr 1964-cü ildə Qazax rayonunun Xeyrımlı kəndində anadan olmuşdur. 1971-ci ildə Xeyrımlı kənd ibtidai məktəbinin birinci sinfinə getmişdir. 1981-ci ildə Aşağı Əskipara kənd tam orta məktəbinin onuncu sinfini bitirmişdir. Xeyrımlı kəndinin müdafiəsində iştirak etmişdir. 30 oktyabr 1992-ci ildə şəhid olmuşdur. Süleymanov Mustafa Mədəd oğlu
Süleymanov Mustafa Mədəd oğlu 12 noyabr 1960-cı ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. 1967-ci ildə Kosalar kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1977-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 1992-ci ildən ordu sıralarına çağırılmışdır. Azərbaycan Respublikasının bütün bölgələrində döyüşmüşdür. 17 yanvar 1993-cü ildə torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Evli idi. İki övladı var. Mustafayev Mustafa Bahad oğlu
Mustafayev Mustafa Bahad oğlu 10 may 1938-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1945-ci ildə Cəfərli kənd əsas məktəbin birinci sinfinə daxil olmuş və 1952-сi ildə Cəfərli kənd əsas məktəbin yeddinci sinfini bitirmişdir. 1956-cı ildə SSRİ silahlı qüvvələrinə hərbi xidmətə çağırılmış, 1957-ci ildə xəstəliyinə görə tərxis olmuşdur. 1957-ci ildən "Pravda” kolxozunda naxırçı işləmiş, 1972-ci ildən isə "Qazax Tinglik” sovxozunda sürücü işləmişdir. 18 noyabr 1996-cı ildə Cəfərli kəndində öz xırdabuynuzlu mal-qarasını otararkən ermənilər tərəfindən vurulmuşdur. Vəliyev Musa Rəşid oğlu
Vəliyev Musa Rəşid oğlu 16 noyabr 1965-ci il Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1972-ci ildə Yuxarı Salahlı kənd tam orta məktəbinə daxil olmuş, 1982-ci ildə həmin məktəbi bitirmişdir. Həmin il Azərbaycan Dövlət Neft Kimya İnstitutuna daxil olmuşdur. 1987-ci ildə həmin institutu bitirmişdir. 1987-ci ildən 1989-cu ilə kimi sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Balaxanı Neft Mədənində nefçi-mühəndis kimi çalışmışdır. 1993-cü ildə Qarabağ müharibəsində zabit kimi xidmətə çağırılmış və 1994-cü il aprel ayının 20-də Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi.
Geri qayıt |